29 Aprel 2024
"Rusiya Qarabağda hərbi baza yaratmaq istəyir" - Millət vəkilindən ŞOK AÇIQLAMA

"Rusiya Qarabağda hərbi baza yaratmaq istəyir" - Millət vəkilindən ŞOK AÇIQLAMA

10 Avqust 2021
Baxış: 1059

“Rusiyalı sülhməramlıların fəaliyyəti hər zaman bizim üçün problemli məsələ olub. Məhz Rusiyanın təkidi ilə məsələ bu yerə gəlib çıxıb, ərazimizdə rus sülhməramlı qüvvələri yerləşdirilib. Rus sülhməramlıların yerləşdikləri ərazidəki səlahiyyətləri ilə bağlı vahid əsasnamə yoxdur”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Demokrat.az-a Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

O, Qarabağda yerləşdirilən rus sülhməramlı hərbçilərinin ermənilərin ərazidə məskunlaşmasına kömək etmələrinə sərt reaksiya bildirib:

“Rus sülhməramlıları yerləşdikləri ərazidə özlərini faktiki sahib kimi aparırlar. Onlar həmin ərazilərdə sabitliyin qorunub saxlanmasına yox, ermənilərin rahat məskunlaşmasına çalışırlar. Rus sülhməramlıları Qarabağda ermənilərin rahat yaşaması üçün işlər görməyə başlayıblar. Bu, Rusiyanın uzaqgörən siyasətidir. Rusiya çalışır ki, ərazimizdə hər zaman sülhməramlı qüvvələr olsun. Hətta Qarabağda hərbi baza yaratmaq da Rusiyanın fikirlərindən biridir. Rusiya Azərbaycanla Ermənistan arasında münaqişənin davam etməsini istəyir. Belə olacağı halda, Rusiya hər iki dövlətə fikirlərini təlqin edə biləcək”.

Deputat Rusiyanın mümkün təsirlərinə baxmayaraq, Azərbaycanın mövcud problemləri həll edəcəyini və təsir mexanizmlərini işə sala biləcəyini qeyd edib:

“Dövlət başçısı hər zaman vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunub, digər ərazilərlə bağlı məsələ də öz həllini tapacaq. Həmçinin prezident iqtisadi zonalarla bağlı qanun layihəsi imzaladı. Bu qanuna əsasən, Xankəndinin, Xocalının, Ağdərənin inkişafı ilə bağlı da işlər aparılacaq. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir. Lakin nə qədər ki, həmin ərazilərdə rus sülhməramlıları var, orda dinc inkişafdan söhbət gedə bilməz. Çünki rusiyalı sülhməramlı hərbçilərin əsas məqsədi sabitlik yox, ermənilərin orda yerləşdirilməsidir. Son vaxtlar hətta Zəngəzur dəhlizinin açılması ilə bağlı da problemlər yaradılır. Bu problemin davam edəcəyi halda, Laçın dəhlizinin Azərbaycan tərəfindən bağlanması müzakirə edilə bilər. Hələ ki, bu məsələ ilə bağlı danışıqlar davam edir. Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsi ilə məsələni müsbət sonlandırmaq istəyir”.

Deputat həmçinin Rusiyanın təsirinin və yardımının ermənilərə müsbət gələcək vəd etmədiyini, Ermənistanın dövlətçiliyinin Azərbaycandan asılı olduğunu xatırladıb:

“Digər tərəfdən, Rusiya başa düşmür ki, artıq bölgədə vəziyyət tamamilə dəyişib. İnanmıram ki, rus sülhməramlılarının bölgədə olması Ermənistana hər hansı müsbət imic qazandırsın. Ermənistan da bir dövlət kimi var olmaq, dövlətçiliyini davam etdirmək istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü tanımalı, Azərbaycanla əməkdaşlıq etməlidir. Ermənistan “Dağlıq Qarabağ” ifadəsindən, status iddialarından birdəfəlik imtina etməlidir. Lakin ermənilər əksinə, son vaxtlar təxribat törədirlər, görünür, yenidən “Dəmir yumruğ”u işə salmağa ehtiyac yaranacaq. Rus sülhməramlıları onların yanındadır, onlara müəyyən köməklik edirlər, başqa dövlətlərin də yardımı olur. Amma bunların böyük bir əhəmiyyəti yoxdur. Azərbaycan qüdrətli dövlətə çevrilib və bizimlə yüksək strateji əməkdaşlıq edən dövlətlər – Türkiyə, Pakistan, İsrail var. Azərbaycan gec-tez rus sülhməramlılarını ordan çıxaracaq və öz ərazi bütövlüyünü təmin edəcək”.