29 Aprel 2024
Qarabağda gərginliyin artması - Rüstəm Tağızadə

Qarabağda gərginliyin artması - Rüstəm Tağızadə

05 Aprel 2022
Baxış: 556

İkinci Qarabağ müharibəsinin bitməsinə səbəb olan 10 noyabr bəyanatının 4-cü bəndinə istinad edərək, Azərbaycan ordusu və Rusiya sülhməramlılarının olduğu ərazilərdə "3-cü növ hərbi birləşmənin mövcudluğunu qəbul etmir". Mart ayında Qarabağda gərginlik yüksək səviyyəyə çatdı. Qarabağda mövcud olan qanunsuz erməni hərbi birləşmələri Xocalı rayonu istiqamətindən mütəmadi olaraq atəşkəsi pozdular. Baş verən bu proseslərin məntiqi nəticəsi olaraq Azərbaycan ordusu mart ayının 27-də Xocalı rayonun Fərrux kəndini geri qaytradı. Rusiya və Ermənistan Azərbaycanın Fərrux kəndini və yüksəkliyini ələ keçirməsindən məmnun deyil. Fərrux ərazisinin önəmi əsasən orada yerləşən yüksəkliklə bağlıdır - ekspertlərə görə, bu yüksəklikdən Ağdam və Xankəndiyə nəzarət etmək asandı. Rusiya Müdafiə Nazirliyi öz rəsmi səhifəsində Azərbaycanın kəndi geri qaytardığını bəyan etdi. Ancaq Azərbaycan tərəfi bunu təkzib etdi. Bundan sonra Rusiyalı deputat Mixail Delyagin “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” verilişində ölkəmizə qarşı təhdidlər səsləndirdi. Mixail Delyagin Azərbaycana qarşı bu cür davaranmasının səbəbi təbii ki, Rusiyanın tutduğu mövqe ilə birbaşa bağlıdır. Daima imperializm siyasəti yürüdən Rusiya Qarabağda Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatını həzm edə bilmir.

Qeyd etmək lazımdır ki, Rusiya-Ukrayna müharibəsinə görə Rusiyaya qarşı təzyiqlər və sanksiyalar yüksək həddə çatmışdır. Rusiya Cənubi Qafqazı özünün arxa bağçası hesab edir. Artıq Qondarma Cənubi Osetiya Respublikasında referendum seçkilərinin keçirilməsi və Rusiyaya birləşməsi ilə bağlı hüquqi prosedurun başlanması prosesi gedir. Rusiyanın Sülhməramlı Qoşunları Qarabağda asayişi təmi etmək əvəzinə orada yaşayan insanların qanunsuz silahlanmasına göz yumur. Azərbaycan isə qanunsuz erməni hərbi birləşmələrini çıxartmaq yolunda irəliləyir. Təbii ki, Ermənistanın Azərbaycan ilə sülh müqaviləsi bağlaması ilk növbədə onun özünə xeyir verəcək. Sülh müqaviləsinin bağlanmasına mane olan aktor isə Rusiyadır.

Hazırkı şəraitdə Azərbaycanın Qarabağda yüksək gərginliyi saxlaması və sülhməramlıların müvəqqəti qaldığı ərazinin tam demilitarizasiyasına nail olması məqsədəuyğundur: Nə hərbi cinayətkar Arayik Arutyunyanın Rusiya prezidentinə məktubları, nə BMT baş katibinin, ABŞ Dövlət Departamentinin və Fransanın bəyanatları, nə də Rusiya Müdafiə Nazirliyinin bülleteni Bakının qəti addım atmasına mane olmamalıdır.

Onu da qeyd etmək lazımdır ki, aprelin 6-da İlham Əliyev ilə Nikol Paşinyanın Brüsseldə görüşü gözlənilir. Azərbaycan-Ermənistan danışıqlarının Avropada keçirilməsi müsbət haldır. Hər-halda bu danışıqlar Rusiyanın inhisarından uzaqlaşır. Buna baxmayaraq Rusiya Cənubi Qafqazdan gözünü çəkəsi deyil.

Ermənistan öz iddialarından əl çəkib Azərbaycan ilə sülh müqaviləsi bağlasa bu Cənubi Qafqazın təhlükəsizliyi üçün ən böyük töhvə olar. Brüsseldə keçirilən görüşdə Avropa İtttifaqı Şurasının Prezidenti Şarl Mişel də iştirak edəcək. Bu görüşdən müsbətə doğru gözləntilər olsa da Azərbaycan bu prosesdə əməli addımlar atmalıdır.


Politoloq

Rüstəm Tağızadə