29 Aprel 2024
Kaliforniyada karantindən çıxmanın ilk mərhələsi mayın 8-də başlayacaq

Kaliforniyada karantindən çıxmanın ilk mərhələsi mayın 8-də başlayacaq

07 May 2020
Baxış: 422

Kaliforniyanın bir sıra şəhərlərdəki uzunmüddətli etiraz aksiyalarından sonra ştatın administrasiyası bəzi pərakəndə satış müəssisələrinə müəyyən şərtlərlə öz fəaliyyətlərini bərpa etməyə icazə verildiyini bildirib.

AJM xəbər verir ki, karantin rejimindən çıxmanın ilk mərhələsi mayın 8-də başlayacaq. Bu barədə qərar koronavirus testlərinin ümidverici statistikasından sonra qəbul edilib. Kaliforniyanın səhiyyə strukturlarının məlumatlarına görə, koronavirusa yoluxanların sayında azalma müşahidə olunur.

Ştatın qubernatoru Qevin Nyusom bir çox müəssisələrin fəaliyyətinə icazə verilməsinin müsbət hal olduğunu vurğulayıb. O, belə müəssisələrin sırasına kitab, paltar, oyuncaq və idman malları, həmçinin musiqi və gül mağazalarının daxil edildiyini bildirib. Ticarət mərkəzləri fəaliyyətinə icazə verilmiş sahələrin sıralarına hələlik qatılmayıb. Fəaliyyətini mayın 8-də bərpa edə biləcək müəssisələr isə müvafiq fiziki məsafə qaydalarına riayət etməli və işi sifarişləri müştəriyə çatdırmaqla məhdudlaşdırmalıdır.

İkinci mərhələ digər müəssisələrin də öz fəaliyyətlərini bərpa etmələrinə dair şəhər və rayon administrasiyalarına daha çox imtiyazlar verir. Lakin bu regional planlar sertifikatlaşdırılmalı, özündə insanları testdən keçirmə imkanları ilə yanaşı, alınmış məlumatları izləmə imkanlarını da birləşdirməlidir. Bundan əlavə, həmin meyarlar fiziki məsafənin və sanitariya normalarının təmin edilməsini, əhalinin ən həssas təbəqələrinin, o cümlədən yaşlıların, evsiz insanların və məhbusların qorunmasını nəzərdə tutur.

Çərşənbə gününədək ABŞ-da koronavirusa 1 milyon 263 mindən çox yoluxma halı qeydə alınıb, 75 minə yaxın insan isə həyatını itirib.

Teqlər: Kaliforniya