29 Aprel 2024
İsraildə səfirliyimizin açılmasına daha çox ehtiyac var - Deputat

İsraildə səfirliyimizin açılmasına daha çox ehtiyac var - Deputat

25 May 2021
Baxış: 693

Yəqin ki, diqqətinizi cəlb etmiş olar, bir qrup millət vəkili parlamentdə dəfələrlə məsələ qaldırıb ki, İsraildə səfirliyimiz açılsın, amma təəssüf ki, bu edilmir.

AJMEDİA.info xəbər verir ki, bunu BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bu gün Milli Məclisin plenar iclasında qəbul edilən Azərbaycan Respublikasının Bosniya və Hersoqovinada səfirliyinin təsis edilməsi barədə Qanun layihəsi ilə bağlı sorğunu cavablandırarkən deyib.

O növbəti dəfə bu məsələni qaldıracağını və səfirliyin açılmamasının səbəblərini soruşacağını bildirib:

“Baxın, İran rəsmən İslam Respublikası adlanır, bizimlə eyni təriqətə mənsubdur, o ölkədə öz ata-baba torpaqlarında 30 milyon azərbaycanlı türk yaşayır, amma onların da milli heysiyyatına toxunaraq bir milyon müsəlmanı ev-eşiyindən didərgin salmış, yurdlarını dağıtmış - yeri gəlmişkən qeyd edim ki, həmin evlərin böyük əksəriyyəti sökülərək tikinti materialları kimi İrana satılıb - islam abidələrini dağıtmış, məscidləri donuzxanaya çevirmiş Ermənistanla diplomatik əlaqələr qurub, orada səfirlik açıb, bütün istiqamətlər üzrə ciddi əməkdaşlıq etməkdədir.

Hətta bəzən ermənilərə xoş gəlməkdən ötrü bu ölkənin bəzi rəsmiləri məsələyə aidiyyatı olmayan yersiz açıqlamalar verməkdən çəkinmir, abır-həya etmirlər. Amma biz, Azərbaycana işğala son qoymaq üçün müasir silahlar satan, bizi beynəlxalq arenada müdafiə edən İsraildə səfirlik açmırıq. Türkiyə və bir çox ərəb ölkələrinin İsraildə səfirliyi var və ərəb ölkələri səfiliklər açmaqda davam edirlər. İsraillə Həmas arasında vasitəçiliyi də Misir edir. Həm də səfirliyin açılması o demək deyil ki, sən həmin dövlətin siyasətini bütün istiqamətlərdə dəstəkləyirsən. Bu gün Azərbaycanı ərazi bütövlüyü ilə təhdid edən, bizə qarşı ən iyrənc siyasət yürüdüb dünya birliyini üstümüzə qaldırmağa çalışan Fransada bizim səfirliyimiz var və onu bağlamağa da hazırlaşmırıq.

Ona görə də deyəcəkdim ki, Bosniya və Hersoqovinada səfirliyimizin açılmasının əleyhinə olmasam da, bizim daha çox İsraildə səfirlik açmağımıza ehtiyac var. İsraildə səfirlik açmamağımız Azərbaycanın milli maraqlarına söykənən cəsarətli xarici siyasətimizə kölgə salır, dost olmayan ölkələri ürəkləndirir və bizə münasibətdə daha da ədalətsiz davranışa rəvac verir”.

Q.Həsədquliyev qeyd edib ki, niyə çıxışa imkan verilmədi məsələsinə gəldikdə isə, diqqətli jurnalistlər yəqin müşahidə edirlər, Milli Məclisdə 4-5 deputat var ki, özləri ya təsadüfən danışırlar, ya da ümumiyyətlə heç bir məsələ barədə çıxış etmirlər:

“Onları kimsə danışmağa məcbur da edə bilməz, susmaq onların hüququdur. Amma təəssüf doğuran məqam odur ki, onlar daima susmurlar, yerdən hay-küy salmaqla Sədrə təzyiq edir, ya bu halda olduğu kimi çıxışlara tamamilə imkan verilmədən məsələnin səsə qoyulmasını, ya da müzakirələrin tez yekunlaşdırılmasını tələb edirlər. Ümid edirəm ki, zamanla bu kimi məsələlər də öz həllini tapacaqdır”.

Qeyd edək ki, Qüdrət Həsənquliyev və daha bir neçə millət vəkili çıxışa yazılsa da, sözügedən Azərbaycan Respublikasının Bosniya və Hersoqovinada səfirliyinin təsis edilməsi barədə Qanun layihəsi müzakirə edilmədən səsə qoyulub və qəbul olunub.