29 Aprel 2024
İranda koronavirusa yoluxanların sayı artmaqda davam edir

İranda koronavirusa yoluxanların sayı artmaqda davam edir

07 İyun 2020
Baxış: 364

İranda koronavirusa yoluxma və ölüm halları artmaqda davam edir. Son 24 saat ərzində İranda 2 min 436 nəfər koronavirusa yoluxub, 72 nəfər isə həyatını itirib.

AJM xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib. Onun sözlərinə görə, bu günə kimi İranda 171 min 789 nəfər virusa yoluxub, 8 min 291 nəfər isə ölüb. Bununla yanaşı xüsusi xəstəxanalarda müalicə alan 134 min 349 nəfər sağalaraq evə buraxılıb.

Mətbuat katibi nəzərə çatdırıb ki, hazırda intensiv terapiya şöbəsində müalicə alan 2 min 596 nəfərin vəziyyəti ağır olaraq qalır.

İranın Səhiyyə nazirinin müavini Məhəmməd Rza Şənesaz bildirib ki, iqtisadi sanksiyalar koronavirusa qarşı aparılan mübarizəyə əngəl olur: “İrana dərman və digər tibbi preparatların gətirilməsi mümkün deyil. Bəzi hallarda xəstələr sadə dərman çatışmazlığından ölürlər”.

İranın Səhiyyə naziri isə Ərak şəhərində yeni sənaye parkının tikintisi ilə tanış olub. O bildirib ki, bu parkda yalnız tibbi ləvazimatlar və əczaçılıq məhsulları istehsal ediləcək. Onun sözlərinə görə, İran bu parkın qurulmasına 5 milyon dollar sərmayə yatırıb. Mütəxəssislərin hesablamalarına görə burada istehsal edilən məhsulların ixracı İran büdcəsinə ildə 10 milyon dolların daxil olmasına imkan yaradacaq.

Teqlər: İran