29 Aprel 2024
Ermənistanın inkişafı bu şəkildə ola bilər - "Mudi"

Ermənistanın inkişafı bu şəkildə ola bilər - "Mudi"

03 Sentyabr 2021
Baxış: 520

“Mudi” Ermənistanın inkişafını qonşuları ilə gərginliyi azaltmaqda görür.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) baş analitiki, iqtisad üzrə fəlsəfə doktoru Günay Quliyeva deyib.

O, “Mudi” Beynəlxalq Reytinq Agentliyinin Ermənistanla bağlı son hesabatını şərh edərək bildirir ki, Ermənistanın kredit reytinqi Ba3 səviyyəsində saxlanılıb və proqnoz sabit qalır. Müqayisə üçün 2021-ci il aprelin 6-da “Moody's”in Azərbaycanla bağlı proqnozları isə stabildən pozitivə, emitentin və üstün hüquqa malik təmin edilməmiş borc üzrə uzunmüddətli reytinqlərini “Ba2” səviyyəsinə qaldırıb. Ermənistan iqtisadiyyatı sürətlə yayılan COVİD-19 pandemiyasından və İkinci Qarabağ müharibəsindən sonra ciddi risklərlə üz-üzə qalıb.

Hesabatda göstərilir ki, Asiya və Qafqaz bölgəsindəki suveren ölkələr arasında ən ciddi tənəzzül 2020-ci ildə ÜDM-də 7,6 faiz azalma ilə Ermənistanda baş verib. Ermənistanın büdcə kəsiri ÜDM-ın 5 faizdən yuxarı həddinə, hökumət borcu 2019-cu illə müqayisədə 50,1 faizdən 2020-ci ildə ÜDM-un 63,5 faizi həddinə yüksəlib. Digər tərəfdən iqtisadi bərpanın əsas şərti olan vaksinasiya prosesi də ölkədə çox zəif aparılır. Hesabatda ölkə üçün mənfi risklər yeni koronavirus infeksiyası dalğalarının olması və ÜDM-də əhəmiyyətli paya malik turizm sektorunda tez bir zamanda bərpa perspektivlərinin mümkünsüzlüyü kimi göstərilir. Avqustun sonuna olan məlumata görə, Ermənistan əhalisinin yalnız 5 faizi ən azı bir dəfə peyvənd alıb ki, bu da gələcəkdə infeksiyaların artmasına səbəb ola bilər. Bütün bunlar təbii ki, ora investisiya qoymaq istəyən rasional düşüncəli investorlar üçün də ciddi təhdiddir. Ermənistanın kredit reytinqlərinin hətta postkonflikt dövründə belə artmaması beynəlxalq reytinq agentliklərinin də Ermənistan iqtisadiyyatının iqtisadi inkişaf prespektivlərini dumanlı gördüklərinin göstəricisidir. “Dünya investisiya hesabatı 2020”nin məlumatına əsasən, son 6 il ərzində Ermənistana cəmi 1,6 milyard ABŞ dolları həcmində BXİ yatırılıb (müqayisə üçün Azərbaycana 19 milyard ABŞ dolları). Konfliktdən əvvəlki dövrdə Ermənistana yatırılmayan investisiyanın postkonflikt dövründə və kredit reytinqlərinin yaxşılaşmadığı vəziyyətdə yatırılması mümkün deyil.

Ölkəyə yatırılan investisiyaların böyük bir hissəsinin beynəlxalq maliyyə qurumlarından ayrılan kreditlər olduğunu və Ermənistanın ümumi dövlət borcunun ÜDM-in 63,5 faiz nisbətində olmasını nəzərə alsaq maliyyə hesabatları açıq və şəffaf olan heç bir maliyyə institutu öz vəsaitlərini riskə atmaz. Dövlət borcunun kritik həddən yuxarı olması gələcəkdə Ermənistanı defolt vəziyyətə gətirib çıxara bilər. Yaxın keçmişdə Yunanıstan bu vəziyyətinin bütün ağır nəticələri ilə üz-üzə qalması səbəbindən öz torpaqlarını belə əcnəbilərə satırdı. Bu gün isə Ermənistanın əcnəbilərə satacaq nəinki torpağı, hətta icarəyə verəcək təbii resurs mənbələri belə çox məhdud saydadır. Bu kontekstdən beynəlxalq maliyyə qurumları və ayrı-ayrı təşkilatlar Ermənistana yardım ayırmamışdan əvvəl ölkənin mövcud durumu ilə bağlı geniş təhlil aparmalı və yalnız bundan sonra öz vəsaitlərini riskə atmalıdırlar.

Eyni hesabatda “Mudi” Ermənistan hökumətinin qarşıdakı 5 il ərzində bu göstəricini 60 faizə endirmək siyasətinin əhəmiyyətini vurğulayır. Təbii ki, bununla reytinq agentliyi qısa müddətdə ümumi borcun ÜDM-ə nisbətinin əhəmiyyətli azalacağına ümid etmir. Digər tərəfdən “Mudi” bu çətin vəziyyətdən Ermənistanın çıxması üçün çıxış yolu da göstərir. Beynəlxalq reytinq agentliyi Ermənistan iqtisadiyyatının inkişaf prespektivlərini qonşu ölkələrlə gərginliyi aradan qaldırmaqda görür. Bir daha Azərbaycanla sülh müqaviləsi, sərhədlərin demarkasiya və delimitasiyası, regionda kommunikasiya xətlərinin açılması, o cümlədən regionun bütün ölkələri üçün çox əhəmiyyətli Zəngəzur dəhlizinin reallaşması Ermənistanın iqtisadi inkişafı üçün əsas şərtdir.

Regionda dayanıqlı sülhün olması region ölkələri arası yenidən inteqrasiyanın nəticəsi olaraq yeni iqtisadi inkişafı sürətləndirəcək, digər tərəfdən reinteqrasiya nəticəsində əldə olunmuş iqtisadi inkişaf dayanıqlı sülhü təmin edəcək. (Axar.az)