29 Aprel 2024
Elsevər Məmmədov yazır... “Ömür bitər, dərs bitməz”

Elsevər Məmmədov yazır... “Ömür bitər, dərs bitməz”

31 Yanvar 2022
Baxış: 6781

Uşaq vaxtı baxdığım oxuduğum bir məqalədə arif yaşlarında olan bir mütəxəssis yazırdı ki, “Ömür bitər, dərs bitməz”... O vaxt mən ibtidai məktəbin beşinci sinfində oxuyurdum. Özəl Məktəblər çox olmasa da Türk Liseyləri imtahanları üçün çox çalışırdım və davamlı olaraq testlər həll edirdim ancaq yaddaşımın bir küncündən də bu cümləni ata bilmirdim. Ömürlük öyrənmək fikri məni düşündürməyə bilməzdi. Oxuduğum sətrlər o yaşda mənə nə qədər dərindən təsir etdisə, dərginin adını unutdum, amma o cümləni heç vaxt.
Həqiqətən də dərs heç vaxt bitmir. İstər biznesinizi istərsə də şəxsi keyfiyyətlərinizi təkmilləşdirmək və daha yüksək standartlarda həyat sürmək üçün mütəmadi olaraq nələrisə öyrənmək və yenə də öyrənmək lazımdır. Düz 11 yaşımda məni düşündürən və müəyyən mənada “dünyamı qaraldan” bu vəziyyət 33 yaşımda məni çox sevindirir. Həyatda ən yaxşı şey öyrənməkdir deyirəm. Yeni məlumatlar əldə etmək və fərqli şeylər kəşf etməkdən məmnunluq və motivasiya tamamilə fərqli hisslər bəxş edir. Bəlkə də elə bunlar bizə yaşamağa stimul verir. İnsan öyrəndikcə işləmək, istehsal etmək və paylaşmaq istəyir.

Mənim həyatımda efirin yeri başqadır. Kiçik yaşlarımda ailədə tək və ərköyün böyüdüyüm üçün həmişə uşaqlığımın həsrətini çəkirəm. O həsrəti isə ovundurduğum yeganə yer məhz səhnələr və efirdir. Hər ağzını açıb cümlələr sərf edərkən minlərlə insanın səni izləməsi və nitqinə önəm verməsi, hətta radio canlı efirində tək silahın olan səsinin sehrinə xatir dinləyicinin sənin fikirlərini təqib edib, önəmsəməsi qədər nə gözəl ola bilərki?!
Türkiyəli qardaşlarımızın işlətdiyi çox gözəl bir ifadə var. Hər işin mutfağını (mətbəxini) biləsən gərək. Medianın mətbəxini bir tək yazıda təsvir etməyə çalışsam belə alınmaz çünki bu o hisslərdəndir ki, türkçə nümunə gətirdiyim fikirləri türkçədə də tamamlayım. Anlatılmaz yaşanır!
Bir haşiyəyə çıxaraq səmimi bir etirafda edim ki, xoş xatirələrim arasında mətbəxli səhnələrdə az deyil. Məsələn bizdə ən məşhur və yurdum insanı tərəfindən bambaşqa təamla hazırlanan kiftələri düşünərkən əti toxmaqla ətdaşı üzərində döyəcləyən və yayanda quru nanənin, yarpızın ətri ilə birgə həmişə nənəmi düşünürəm. Və yenə də oxşar qoxular məni öz ağuşuna aldıqca, yenidən uşaqlığıma qayıdıram, mətbəxdə xəyalən nənəmlə görüşür, bişirilən yeməkləri yeyərkən böyüklərin söhbətinə qulaq asan araşdırmaçı uşağa çevrilirəm. Nənəmlə hiss etdiyim doğmalığı və güvəni qazanımızdan çıxan tüstü və qoxularda axtarıram.
Uşaqlığıma qayıdıram və təbii ki, şokoladın ətri hiss olunur. Günümüzdə nə qədər axtarsamda tapa bilməyəcəyim və sadəcə mənə doğma olan o qoxunun sadəcə ətrini hiss edirəm. Qoxunu isə tam təsvir etmək çətindir... Qəfil xoşbəxtlik... İlk dişləmə və daha sonra heç bitməsin o xoş dad damağından getməsin deyə asta-asta və ehtiyyatla dişlədiyin və hər dişlədikcə izlədiyin o zamanki deyimlə plitka şokolad... Həyəcanlı, isti, dolğun, səmimi və çox xoşbəxt. Şokoladı yeddidən yetmişə hamı sevir deseək tam yerinə düşər. 11 yaşlı oğlumun da şokolad yeyəndə sevincini mən yaşayıram, 70 yaşlı anamın da...
Gərgin şəhər həyatı arasında fasilə vermək və maraqlandığınız mövzularda mütaliə, görmək istədiyiniz iş üçün təhsil almaq və yeni məlumatlar əldə etmək gözəldir. Mənim üçünsə artıq tətbiq etmək və öyrəndiklərimi bölüşmək vaxtıdır! Yeni yazımda görüşmək ümidi ilə.


Elsevər Məmmədov
jurnalist