29 Aprel 2024
Brüssel GÖRÜŞÜ: Paşinyan üçün GERİ SAYIM -  Azərbaycan yeni mövqelər ƏLDƏ EDƏCƏK

Brüssel GÖRÜŞÜ: Paşinyan üçün GERİ SAYIM - Azərbaycan yeni mövqelər ƏLDƏ EDƏCƏK

23 May 2022
Baxış: 464

“Bu görüş ötən ay əldə olunan razılaşmaların Ermənistan tərəfindən əməl edilməməsinə və prosesdə Moskvanın pozuculuq fəaliyyətinin qarşısının alınmasına yönəlib”.


AJMEDİA.İNFO xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilmiş görüşü ilə bağlı bildirib.

Politoloq xatırladıb ki, Kreml məhz Ermənistana təzyiqlər edərək əldə olunan razılaşmaları pozub və öz vasitəçiliyinin prioritet olaraq qalmasında israr edib:


“Brüsseldə yenidən razılaşma əldə olundu. Bu görüş də məhsuldar və davamlılığı qorumaq kontekstində irəliləyişə söykənəcək. Azərbaycan bu razılaşmalara əvvəlki kimi sadiqdir, amma Ermənistan tərəfinin buna gedəcəyi polemika olaraq qalır. İlk növbədə razılaşmaya uyğun olaraq, Azərbaycan tərəfinin bir neçə erməni məhbusu qarşı tərəfə təhvil verməsi mümkündür. Bundan sonra dövlət sərhədində ikitərəfli komissiyanın üzvləri görüşə bilər. Rusiyanın Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Moskvada birgə görüş üçün dəvət etməsi realdır. Bununla çalışacaq ki, sərhəd komissiyasında Rusiya öz nümayəndəsi ilə iştirak etsin”.


O qeyd edib ki, görüşdə hər hansı bir statusdan söhbət getməyib və Azərbaycan ermənilərə təhlükəsizlik vəd edir:


“Ermənistan üçün Moskvadan gözlənilən təzyiqlər var. Qəti şəkildə Moskva Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh müqaviləsinin bağlanmasına dözümlü yanaşmayacaq. Qarabağda Rusiya məhz silahlı erməni birləşmələrinin əli ilə provakasiya təşkil edə bilər. Bu baş verərsə, Azərbaycan tərəfi yeni mövqelər əldə edəcək və ərazilərə nəzarəti bərpa edəcək. Təbii ki, bu da sülh prosesinə zərbə vurmayacaq. Çünki Ermənistan hakimiyyəti məsələyə Qarabağsız baxır. Brüssel görüşü davamlı olacaq. Amma sülh müqaviləsinin bağlanması bu il ərzində mümkün deyil. Əgər, Azərbaycan və Ermənistan arasında yaxınlaşma olarsa, İrəvanda silahlı qruplar ortaya çıxa bilər. Paşinyan xalqın növbəti dəstəyi ilə bu problemi də həll edəcək. Əsas məsələ Qarabağdakı separatçı qruplardır - onlar İrəvana tabe olmayacaq. Ümumiyyətlə, Paşinyan üçün geri sayım başlayır. Avropa İttifaqının vasitəçiliyini pozacaqsa, regionda izolyasiya olunacaq”.