30 Aprel 2024
11 min manatı Azərbaycan Ordusuna bağışlayan şəhid anası İŞ AXTARIR

11 min manatı Azərbaycan Ordusuna bağışlayan şəhid anası İŞ AXTARIR

11 Noyabr 2021
Baxış: 642

2020-ci ilin oktyabrın 20-də Füzulinin işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə əsgər Məlik Zülfüqarov şəhid oldu. Ötən ilin bu vaxtları sosial şəbəkələr şəhidin anası Yeganə Ədilovanın dövlətin ona verdiyi 11 min manatı Silahlı Qüvvələrə Yardım Fonduna bağışlamasından danışırdı. Həmin vaxt bu pulun əsgərlər üçün vacib olduğunu deyən ana hər zaman dövlətimizin yanında olacağını vurğulamışdı.

AJMEDİA.İNFO bildirir ki, Azvision.az qələbəmizin bir ilinin tamamında şəhid anası ilə əlaqə saxlayaraq vəziyyəti ilə maraqlanıb.

Ötən bir ilin çətin keçdiyini deyən ananın göz yaşları hələ də qurumayıb, gözü qapıda oğul yolu gözləyir:

– Bu müddət ərzində onun şəhidliyi ilə barışa bilmədim. Məliksiz keçən ömür mənim üçün çox çətindir. Gözümüzün yaşı qurumadı. Övlad itirən ana necə ola bilər? Dörd dəfə Məlikin xidmət etdiyi hərbi hissəyə getdim. Hər dəfə qapıdan içəri daxil olanda elə bilirdim Məlik məni qarşılayacaq. Onunla hərbi hissədə çay içib söhbətləşdiyimiz anlar gözümün qarşısından lent kimi keçirdi”.

Ana deyir ki, Məlik qələbə əzmi ilə döyüşlərə qatılmışdı və ölməyə deyil, öldürməyə getmişdi:

“Tez-tez yuxularıma gəlir. Onun uşaqlıq vaxtlarını görürəm. Əsgərliyə gedəndə 18 yaşı var idi. Ötən ilin iyulunda doğum gününü hərbi hissədə qeyd etdi. Bu il isə ad gününü məzarı başında keçirdim. Təmtəraqlı qeyd etməyi sevməzdi. Mənə deyərdi ki, “bir tort bişir, bəsdir”. Bu il tortu bişirib, məzarı üstə getdim. Həmişə deyirdim ki, Məlik ya qalib əsgər, ya da qazi kimi qayıdacaq. Şəhid olacağını heç gözləmirdim”.

YAŞAT Fondu dəfələrlə Yeganə Ədilova ilə əlaqə saxlayıb, köməklik göstərməyi təklif etsə də, o bundan imtina edib.

Deyir ki, YAŞAT Fondunun maddi dəstəyi qazilər üçün daha gərəklidir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dərzi olduğumu nəzərə alıb, mənə tikiş maşını verib. Amma ev şəraitim yaxşı olmadığına görə həmin maşını quraşdırıb, işlədə bilmirəm. Kürdəmir rayon icra hakimiyyətinə iş üçün müraciət etmişəm. Çünki işləyib bütün problemlərimi özüm həll etmək istəyirəm”.

Yeganə xanım deyir ki, şəhid anası olduğu üçün oturub hər şeyi dövlətdən istəyə bilməz:

“Borcum və kreditim mənə aiddir, bunun dövlətə aidiyyatı yoxdur. İş olsaydı, işləyib bunları həll edərdim, amma bu istiqamətdə mənə köməklik olunmadı. Bakıdan bir şəxs gəlib, bizə 2 otaqlı ev tikiləcəyini dedi, razılaşmadım. Bildirdim ki, heç olmasa 3 otaqlı ev tikilsin ki, onun bir otağını Məlik üçün muzey edə bilim. Onu da etmədilər. İndi bir otaqlı evimdə qızımla qalıram. O zaman 11 min manatı da dövlətə verdim, çünki əsgərlərinizin ehtiyacı var idi. Hər zaman əsgərlərimiz üçün canımı da verərəm”.