29 Aprel 2024
Yaponiyanın Baş Naziri vəzifədə fasiləsiz qalma müddətinə görə Eysaku Satoya çatıb

Yaponiyanın Baş Naziri vəzifədə fasiləsiz qalma müddətinə görə Eysaku Satoya çatıb

23 Avqust 2020
Baxış: 1322

Avqustun 23-də Yaponiyanın Baş Naziri Şinzo Abe həmin vəzifədə fasiləsiz olaraq qalma müddətinə görə Yaponiya hökumətinin tarixində babası Eysaku Satoya çatıb. Buna qədər 1964-1972-ci illərdə Baş Nazir olmuş E.Sato Yaponiya tarixində fasiləsiz olaraq ən uzun müddət hökumətə rəhbərlik etmiş siyasətçi hesab edilirdi.

AJM Kyodo agentliyinə istinadla xəbər verir ki, bazar günü Ş.Abenin fasiləsiz olaraq Baş Nazir vəzifəsində qalmasının 2798-ci günü tamam olur.

Qeyd edək ki, Yaponiya hökumətinin hazırda hakimiyyətdə olan başçısı 2019-cu ilin noyabrında ölkə tarixində Baş Nazir vəzifəsində qalma müddətinə görə birinci yerə qalxmışdı. Avqustun 24-də isə Ş.Abe Yaponiya tarixində fasiləsiz olaraq Baş Nazir vəzifəsində qalması ilə yeni rekorda imza atacaq.

Xatırladaq ki, Ş.Abe 2018-ci ildə üçüncü dəfə hakim Liberal Demokratik Partiyanın (LDP) sədri seçilib. Beləliklə o, 2021-ci ilin sentyabrınadək hökumətə rəhbərlik etmək hüququ qazanıb. LDP-nin Nizamnaməsinə görə, bu onun partiya sədri vəzifəsinə sonuncu seçkisi olmalıdır.

Qeyd edək ki, Ş.Abenin ilk dəfə Baş Nazir vəzifəsində olduğu dövr 2006-cı il sentyabrın 26-dan 2007-ci il sentyabrın 26-dək davam edib. Həmin vaxt o, xəstələndiyinə görə vəzifəsini tərk edib. 2012-ci ilin dekabrında LDP-nin ümumi seçkilərdə inamlı qələbəsindən sonra Ş.Abe yenidən hakimiyyətə qayıdıb.

Hazırda Ş.Abenin tərəfdarları iqtisadi islahatları davam etdirmək, Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının təşkili üçün ona əlavə vaxt vermək barədə çağırışlar edirlər.

Teqlər: Yaponiya