09 May 2024
Üçüncü Qarabağ müharibəsi olacaqmı? - Politoloq Rüstəm Tağızadənin ŞƏRHİ

Üçüncü Qarabağ müharibəsi olacaqmı? - Politoloq Rüstəm Tağızadənin ŞƏRHİ

16 Avqust 2021
Baxış: 1487

İkinci Qarabağ müharibəsinin bir ilinin tamam olmasına az müddət qalmış Azərbaycan Müdafiə Nazirliyi son günlər Füzuli, Şuşa, Xocalı, Laçın rayonları istiqamətində atəşkəsin pozulduğunu rəsmi olaraq bəyan etdi.

Rusiya sülhməaramlıları isə Laçın dəhlizi vasitəsilə Qarabağa erməni seperatçılarını buraxır. Bundan əlavə Rusiya Ermənistanı silahlandırır. Müdafiə Nazirliyi vasitəsilə Rusiyaya edilən rəsmi xəbərdarlıqdan sonra Rusiya erməni separatçı dəstələrini “Dağlıq Qarabağ hərbçiləri” adlandırdı.

Rusiyanın Qarabağ planı nədir? Rusiya Qarabağda ermənilərə ev tikir, qanvermə aksiyası həyata keçirir, təlimlər keçirir. Rusiya bu gedişatla Qarabağdakı ermənilərə rus passportunu paylaya bilər. Rusiya Ukraynanın şərqi Donbasda, Abxaziyada, Cənubi Osetiyada, Dnestr bölgəsində bu addımı atmışdır. Rusiyanın Qarabağ ermənilərinə vətəndaşlıq verməsi isə bölgədəki vəziyyəti daha da gərginləşdirər. Rusiya Qarabağda beş il müddətinə deyil, daha uzun zaman qalmaq niyyətindədir. Rusiyanın planı keçmiş “ Dağlıq Qarabağ” muxtariyyətini yaratmaq, Qarabağ münaqişəsinin davam etməsinə nail olmaq və bununla Ermənistan və Azərbaycana siyasi təzyiq etməkdir. Son zamanlar erməni separatçılarının fəallaşması, Ermənistan ordusunun silahlandırılması bu planın tərkib hissəsidir. Baş verən təxribatlardan sonra Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” kanalına müsahibə verdi. Bununla İlham Əliyev Türkiyənin məşhur kanalı vasitəsilə Ermənistana və Rusiyaya siyasi mesajlar verdi. İlham Əliyev Rusiyanı strateji tərəfdaş olaraq deyil, qonşu dövlət adlandırdı. İkinci növbədə Prezident Rusiyanın Ermənistanı silahlandırmasına toxundu. Prezident bu məsələni Rusiyaya çatdırdığını qeyd etdi. Rusiyadan üçtərəfli Bəyanatın bütün müddəalarına əməl etməsini vurğuladı. İlham Əliyev Xankəndində və ətraf kəndlərdə yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya olmasının vacib olduğunu söylədi. Ermənistan Müdafiə nazirinin məsuliyyətsiz açıqlamalarına toxunan Prezident İkinci Qarabağ müharibəsinin Ermənistana dərs olmadığını dedi. Prezident İlham Əliyevin müsahibəsindən sonra Ermənistanın yenə də Qarabağda təxribatlar edəcəyinə şübhə yoxdur. Təbii ki, bunu rus sülhməramlılarına arxalanaraq edir. Ötən ay Ermənistanın Baş naziri Nikol Paşinyan bildirdi ki, Azərbaycan hələ də Rusiya ilə sülhməramlıların fəaliyyətinə dair əlavə sənədi imzalamaqdan imtina edir. Amma Ermənistan bu sənədi imzalayıb. Maraqlıdır, hansı məntiqlə, hansı hüquqla Moskva Azərbaycan ərazilərindəki fəaliyyətini Ermənistanla razılaşdırır, daha sonra Azərbaycana belə bir müqavilə təklif edir? Bu, tamamilə absurddur. Sözügedən müqavilənin detalları açıqlanmasa da, məlumdur ki, söhbət Rusiyanın Azərbaycanın bir hissəsində erməni separatçıları ilə birgə uzunmüddətli anklav yaratmasına hüquqi don geyindirməyə çalışmasından gedir. Ermənistanın keçmiş diplomatı Mikayel Minasyan Azərbaycanın belə bir müqaviləni 3 şərtlə imzalamağa razı olduğunu bildirib. Onun sözlərinə görə, Bakı təklif edib ki, Qarabağ və ətraf ərazilərdəki bütün erməni silahlıları çıxarılsın, Laçın dəhlizinə Azərbaycanın nəzarəti bərpa edilsin və sözügedən bölgə Bakının suveren idarəçiliyinə qaytarılsın, yerli idarəçilik qurumları formalaşdırılsın. Amma bu təklif qəbul edilməyib. Bildiyimiz kimi Minasyan Serj Sarkisyanın kürəkənidir. Rusiyaya yaxınlığı ilə bilinir. Baş verən proseslərin fonunda belə bir nəticə çıxarmaq olar ki, Qarabağda müharibə təhlükəsi var. Ermənistan və Rusiya üçtərəfli bəyanatın müddəlarına əməl etmir. Digər tərəfdən Fransanın Ermənistana açıq-aşkar yardımından ilhamlanan Ermənistan daha çox təxribatlara əl atır. Rusiya isə öz ampulasındadır. Ermənistanı silahlandırır və separatçılara açıq dəstək verir. Qarabağda antiterror əməliyyatı isə hər an baş keçirilə bilər.

Rüstəm Tağızadə,

politoloq