19 May 2024
Quru sərhədləri ilə bağlı SEVİNDİRİCİ XƏBƏR - Bu tarixdə açıla bilər

Quru sərhədləri ilə bağlı SEVİNDİRİCİ XƏBƏR - Bu tarixdə açıla bilər

08 May 2024
Baxış: 306

Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu “Tərəflərin Konfransı” (COP) noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək. COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüş hesab olunur. BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29-un 2024-cü ilin noyabrında Azərbaycanda keçirilməsi elan ediləndən bəri rəsmi Bakı hazırlıq işlərinə start verib.

AJMEDİA.İNFO xəbər verir ki, COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı Azərbaycana gələn qonaqların yerləşdirilməsi vahid beynəlxalq platforma əsasında təqdim ediləcək. Məlumata görə, dünya liderləri və hökumət rəsmiləri daxil olmaqla bu tədbirə görə ölkəmizə, paytaxt Bakıya 10 minlərlə qonağın gələcəyi gözlənilir. Belə olan halda isə COP29 başlamazdan əvvəl Azərbaycanın quru sərhədlərinin açılması da gündəmə gəlib.

Maraqlıdır, ölkəmizdə baş tutuacaq bu mötəbər tədbirə görə, Azərbaycanın quru sərhədləri açıla bilər?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Referans.az-a açıqlamasında bildirib ki, ilkin gözləntilərə görə, COP29-da 70 mindən çox qonaq iştirak edəcək:

“Nəzər alsaq ki, COP29 təxminən 2 həftəlik bir müddəti əhatə edir və fərqli tədbirlər olacaq. Tədbirdə iştirak edənlər də gözlənilir ki, məhz müxtəlif günlərdə Bakıya səfər edəcəklər. Gələnlərin böyük bir qismi inkişaf etmiş ölkələri təmsil edir. Düzdür, digər inkişaf etməkdə olan və ya az inkişaf etmiş ölkələr də deleqasiyalar səviyyəsində təmsil olunacaqlar. Yəni bu təmsilçilik səviyyəsinin yüksək olunacağı gözlənilir”.

Deputat qeyd edib ki, quru sərhədlərin bağlı qalması çox fərqli faktorlarla bağlıdır. Onun sözlərinə görə, qiymətləndirilmənin aparılması və mərhələli şəkildə quru sərhədlərin açılmasını təklif edirik: “İlkin olaraq təbii ki, belə bir praktika Gürcüstan və Türkiyə ilə tətbiq oluna bilər. Bu ölkələrlə quru sərhədlərin açılması məsələsinin baxılması, müzakirə edilməsi və qiymətləndirilməsi məqsəduyğun olardı. Bununla bağlı Nazirlər Kabineti qərar verir və Nazirlər Kabinetinin qiymətləndirilməsindən sonra bu istiqamətdə addımların atılması mümkündür.

Bütün hallarda ərazi bütövlüyümüzün bərpa olunduğunu, ölkədə stabilliyin gücləndiyini, eyni zamanda pandemiyanın səngidiyini nəzərə alaraq mərhələli şəkildə quru sərhədlərin açılmasının müzakirəsi məqsədəuyğun olardı,”- deyə Vüqar Bayramov əlavə edib.

İqtisadçı ekspert Natiq Cəfərli redaksiyamıza bildirdi ki, quru sərhədlərin COP29-dan əvvəl açılması bir növ Azərbaycanın təhlükəsiz bir ölkə olduğunu kənar qüvvələrə sübut etmiş olacaq:

“Məntiqlə həmin vaxta qədər quru sərhədlər açılmalıdır. Çünki COP29 bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri, bir çox jurnalistləri və digər şəxsləri bir araya gətirəcək. İlkin gözləntilərə görə, bu mühim tədbirdə 100 minə yaxın şəxs iştirak edəcək. Bir çox hallarda qonaqlar Gürcüstan və Türkiyə üzərindən rahat gələ bilərlər. Buna görə də quru sərhədlərlə bağlı məsələnin həmin dövrə qədər həll olunması məntiqlidir”.

Ekspert qeyd edib ki, quru sərhədlərin COP29-dan əvvəl açılması Azərbaycanın necə təhlükəsiz və suveren bir dövlət olduğunu hər kəsə sübut edəcək. Onun sözlərinə görə, əgər təhlükələr var idisə, Azərbaycanın dövlət və hökumət orqanlarının bu təhlükələrin öhdəsindən gəldiyini quru sərhədlərinin açılması sübut etmiş olar.