29 Aprel 2024
“Tehran başa düşür ki, İrandakı 30 milyon azərbaycanlı müdafiəsiz deyil…” - Sabir Rüstəmxanlı

“Tehran başa düşür ki, İrandakı 30 milyon azərbaycanlı müdafiəsiz deyil…” - Sabir Rüstəmxanlı

22 Aprel 2022
Baxış: 624

Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Gündəm.az-ın suallarını cavablandırıb.

AJMEDİA.İNFO həmin müsahibəni təqdim edir:

- Sabir bəy, bu gün Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı keçirilib. Prezident İlham Əliyev çıxışında bu tədbiri Zəfər qurultayı adlandırıb. Qurultayın əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Hələ sovet dövründə ziyalılarımız dünya azərbaycanlıları arasında əlaqələrin qurulması üçün hansısa toplantıların keçirilməsinin vacibliyini qeyd ediblər. Amma soydaşlarımızın bir araya gəlməsi müstəqillik dövründə mümkün oldu. Həmişə bu qurultaylar Bakıda keçirilib. İndi isə ilk dəfə olaraq Şuşada dünya azərbaycanlılarının qurultayı keçirilir. Bu böyük bir tarixi hadisədir. Dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayarq hər bir azərbaycanlı, türk Qarabağın işğalda qalmasının əzabını yaşayırdılar və əldə etdiyimizi zəfərimizə onlar da bizim qədər sevindilər.

Bu gün isə daha geniş miqyasda Prezidentin də iştirakı ilə Dünya Azərbaycanlılarının Zəfər Qurultayı keçirilir. Düşünürəm ki, bu tədbir oradakı hər bir iştirakçının yaddaşında əbədi olaraq həkk olunacaq. Mən özüm dünya azərbaycanlılarının əlaqələndirmə şurasının üzvüyəm. Həm də Dünya Azərbaycanlıları Konqresinin sədriyəm. Bu bir qeyri-hökumət təşkilatıdır. Dövlətin özünün təşkilatçılığı ilə məhz Şuşada Zəfər qurultayının keçirilməsi həqiqətən də böyük tarixi hadisədir. Dünyada siyasi gərginliyin hökm sürdüyü, xüsusilə də, Rusiyanın Ukraynada müharibə apardığı bir vaxtda dünya azərbaycanlıların bir yerə toplaşması, gələcək fəaliyyətlərini koordinasiya etməsi vacibdir.

- Azərbaycan Qarabağda, o cümlədən, Şuşada quruculuq işlərini sürətləndirdikcə, bu cür mötədbər tədbirlər keçirdikcə Ermənistanda siyasi gərginlik daha da artır. Artıq bir neçə gündür ki, İrəvanda Paşinyana qarşı etiraz aksiyaları keçirilir, hətta onu ölümlə hədələyirlər. Bu mənada Şuşadakı Zəfər qurultayının Ermənistandakı siyasi proseslərə təsirini necə qiymətləndirirsiniz?

- Təbii ki, Azərbaycanın hər bir uğuru Ermənistanda qıcıq doğurur. Bu, onların Azərbaycana, türklərə olan nifrətlərindən, faşist yanaşmalarından doğur. Amma indi Ermənistanda müəyyən adamlar başa düşürlər ki, 30 il ərzində apardıqları işğalçılıq siyasəti onlara heç bir uğur gətirmədi. Əksinə, bütün regional layihələrdən təcrid olundular. İndi hakimiyyətdə olan komanda Azərbaycanla sülh sazişi bağlamaq niyyətindədir. Paşinyan beynəlxalq vəziyyəti, Azərbaycanın imkanlarını, regiondakı reallıqları anlayır. Məncə, indi Paşinyan daha realist bir yol tutmalıdır. O bildirir ki, Qarabağ Azərbaycanın tarixi torpağıdır və heç vaxt ermənilərin olmayıb. İndi nəqliyyat dəhlizləri açılmalıdır, barışıq olmalıdır. Ermənistan hər dəfə Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istəyəndə, revanşistlər fəallaşırlar. 1999-cu ildə 5 silahlı erməni İrəvanda Ermənistan parlamentinə daxil olub baş nazir Vazgen Sarkisyan, spiker Karen Dəmirçyan və daha 6 nəfəri qətlə yetirmişdilər. Qətlə yetirilən şəxslər Azərbaycanla münasibətlərin normallaşdırılmasının tərəfdarları idi. İndi Paşinyana qarşı da sui-qəsd cəhdlərinin olması gözlənilir. Qarabağ məsələsi hələ də Ermənistan müxalifətinin Paşinyan komandasına qarşı əsas silahı olaraq qalır. Azərbaycanın dəmir yumruğu yerindədir. Bu dəfə onlar revanşist addım atsalar, daha ağır cavab alacaqlar. Əgər Paşinyanın qətiyyəti, prinsipaillığı olsa, İrəvandakı revanşistlər sülh prosesinə mane ola bilməyəcəklər.

- Bu arada İranın güc strukturlarına yaxın media qurumları Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayını “pantürkistlərin anti-İran toplantısı” adlandırıblar. İran dünya azərbaycanlılarının bir yerə toplanmasından niyə narahat olur?

- Şuşadakı Qurultayda İranın əleyhinə fikirlər səsləndirilməyib. Bilirsiniz ki, dünya azarbaycanlılarının sırasında İranda yaşamış və Tehranın siyasətinə qarşı olan şəxslər də var. Onlar İranda türklərə qarşı siyasətə etiraz edirlər. Söhbət ana dilində məktəblərin, digər mədəni haqların olmamasından gedir. İran oradakı türkləri hədəf almaqdansa, yaxşı olar ki, onların haqlarını təmin etsin. Amma Azərbaycan dövləti hər zaman İranla normal, səmimi qonşuluq münasibətlərində olub. Bu siyasət də davam edir. İranda da parlamentdə, mətbu orqanlarda Azərbaycana qarşı sərt ifadələr işlədilir. İran tərəfi deyir ki, onlar müstəqil şəxslərdir və fikirlərinə dövlət məsuliyyət daşımırlar.

- İranda Azərbaycan əleyhinə işlənən fikirlər Ermənistanda şadyanalıqla qarşılanır və erməni mətbuatında sürətlə tirajlanır. İran tərəfi də bəzən Ermənistanın himayəçisi rolunda çıxış edir. Bu iki ölkəni Azərbaycana qarşı birləşdirən hansı maraqlardır?

- Düşünmürəm ki, İranda bütün hakim elita Azərbaycanla münasibətlərin pisləşdirilməsinin tərəfdarıdır. Əksinə, münasibətlərin daha da dərinləşdirilməsinin tərəfdarı olan kifayət qədər siyasətçi var, Tehranda. İranda da başa düşürlər ki, Ermənistanın Azərbaycana qarşı mövqeyi ziyanlıdır. İran Zəngəzur dəhlizinə paralel olaraq Güney Azərbaycandan Naxçıvana dəhliz verməklə əslində, Ermənistana böyük zərbə vurmuş oldu. Dövlətlərin böyük maraqları olan yerdə ermənilərin riyakar, təxribat niyyətləri heç bir rol oynaya bilməz. Düşünürəm ki, İranın Azərbaycana qarşı münasibəti 44 günlük müharibədən sonra əsaslı şəkildə dəyişdi. Bu münasibətlər daha da yaxşılaşacaq. Tehran yaxşı başa düşür ki, İranda 30 milyon azərbaycanlı müdafiəsiz deyil. Azərbaycanda onları müdafiə edən, səslərini dünyaya çatdıran qeyri-hökumət təşkilatları var. Vaxtilə İranda mənə qarşı ölüm hökmü çıxarmışdılar. İndi gərək İranın rəsmi dövlət qurumları belə fitvalara getməsin.