28 Aprel 2024
Siyasi maraqlar naminə Azərbaycan xalqına qarşı törədilmiş cinayət

Siyasi maraqlar naminə Azərbaycan xalqına qarşı törədilmiş cinayət

19 Yanvar 2022
Baxış: 542

20 Yanvar faciəsi, həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.

Bu faciəni həm də siyasi maraqlar naminə Azərbaycan xalqına qarşı törədilmiş cinayət adlandırmaq olar. O dövrdə hakimiyyətdə olanların xalqın maraqlarından çıxış etməməsi, bir başqa qrupun hakimiyyətdən pay ummaq siyasəti, müxalifətin isə hakimiyyətə gəlmək üçün qurduğu oyunlar kənar qüvvələrin ölkəmizə ayaq açmasına geniş imkanlar qazandırmışdı. Hər qrup öz şəxsi və kollektiv maraqlarından çıxış edirdi və bu da xalqımızın müstəqillik arzularının həyata keçməsində böyük əngəl idi. Xalq milli maraqlara zidd addımlar atan Azərbaycanın o zamankı rəhbərlərinin istefasını tələb edirdi. Mərkəzi hakimiyyət – Kreml isə proletariat diktaturasının hakim olduğu ölkə statusunu unudaraq xalqın tələbini rədd etdi və xalqın qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxdığına görə Azərbaycanı cəzalandırdı, Qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc və əliyalın əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutuldu, kütləvi qətllər törədildi. Sovet ordusunun xüsusi təyinatlıları və çoxlu sayda daxili qoşun birləşmələri Bakını ələ keçirmək üçün xüsusi qəddarlıq nümayiş etdirdilər.

Bakıya qoşun yanvarın 19-da saat 21-də yeridilmişdi, fövqəladə vəziyyət isə yanvarın 20-də tətbiq edilmişdi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmişdilər. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdü.

Azərbaycanın siyasi rəhbərliyi bu faciədən sonra nəinki istefaya getmədi, hətta belə bir məqamda susmağı daha üstün tutdu. 20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz isə o vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirildi. Heydər Əliyev təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi.

Bəli, Ulu Öndərimiz bunu ürəkdən yanaraq və həm də vətəndaşlıq borcunu yerinə yetirməyə çalışaraq etmişdir. Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı. Tariximizin 20 Yanvar səhifəsi imperiya güllələrinin səsindən açılsa da, şəhidlərimizin qanı ilə yazıldı. Həm də əbədi olaraq. 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu.

Xalqımız 20 Yanvar hadisələ­rini hər il böyük hüznlə qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bakının ən möh­tə­şəm məkanında Vətən uğrunda can­la­rını qurban vermiş mərd, igid oğul və qızla­rımızın uyuduğu Şəhidlər xiya­ba­nı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müs­tə­qil­liyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.

Sahib Həsənov,

Salyan rayonu, tarixçi-tədqiqatçı