29 Aprel 2024
Saakaşvilinin Gürcüstana “qayıtması” nəyə hesablanıb? – EKSPERT ŞƏRHİ

Saakaşvilinin Gürcüstana “qayıtması” nəyə hesablanıb? – EKSPERT ŞƏRHİ

01 Oktyabr 2021
Baxış: 499

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili sentyabrın 6-da videomüraciət yayaraq oktyabrın 2-də ölkədə keçiriləcək bələdiyyə seçkiləri üçün Gürcüstana gedəcəyini elan edib. Sentyabrın 10-da isə onun vətənə dönməsini dəstəkləyən xalq hərəkatı yaradılıb və təşkilatda artıq 41 min nəfər qeydiyyatdan keçib. Bu gün səhər saatlarından isə eks-prezident artıq Gürcüstanın Batumi şəhərində olduğu ilə bağlı şəxsi “Facebook” səhifəsində paylaşım edib.

Gürcüstanın daxili işlər nazirinin müavini Aleksander Daraxvelidze isə keçirdiyi brifinqdə bəyan edib ki, sabiq prezident Mixeil Saakaşvili Ukraynanı tərk etməyib.

O qeyd edib ki, məlumat Ukrayna tərəfi ilə kommunikasiya nəticəsində əldə edilib.

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze də məsələyə münasibət bildirərək qeyd edib ki, Saakaşvili Gürcüstanın dövlət sərhədini keçməyəcək.

Milli Məclisin deputatı Elşad Mirbəşir isə hesab edir ki, Saakaşvilinin Gürcüstana qayıtması ilə bağlı xəbərlərin gündəmə gəlməsinin məqsədi eks-prezidentin öz siyasi fəallığını Gürcüstan ictimaiyyətinə nümayiş etdirməsidir: “Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Gürcüstan cəmiyyətinin reaksiyasını yoxlayır. Yəni bir növ cəmiyyətin nəbzini yoxlayır. Hazırda onun Gürcüstana qayıtması üçün mövcud şərait uyğun deyil. Bunun da səbəbləri bəllidir. Çünki onunla bağlı cinayət işi mövcuddur. Saakaşvilinin Gürcüstan cəmiyyətində özünün bildirdiyinin əksinə olaraq elektoratı yoxdur, ciddi siyasi baza dayaqları mövcud deyil. Bu baxımdan hesab edirəm ki, Saakaşvilinin Gürcüstana qayıtması ilə bağlı xəbərlər özünün siyasi aktivliyini sübut etməyə hesablanıb”.

Gürcüstan Azərbaycan münasibətlərinə diqqət çəkən Elşad Mirbəşir qeyd edib ki, hazırda əlaqələr dinamik formada inkişaf edir: “Bildiyimiz kimi Cənubi Qafqaz regionunda olduqca strateji layihələrdə Gürcüstan Azərbaycan birgə iştirak edir. Hazırda Gürcüstanında qəbul etdiyi reallıq ondan ibarətdir ki, onun iqtisadi fəallığının qalmasında və inkişafında Azərbaycanın olduqca təsirli rolu mövcuddur. Azərbaycanın bir başa təşəbbüsü həyata keçirilən enerji layihələri Gürcüstanın tranzit ölkə kimi aktuallığını müəyyən edir. Təbii ki, bu da Gürcüstan iqtisadiyyatında öz yerini göstərir. Əlavə olaraq Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsi də yüksəkdir”.

“Gürcüstanın iqtisadi inkişafı birbaşa Azərbaycandan asılıdır”, - deyən deputat onu da əlavə edib ki, Vətən Müharibəsindən sonra Azərbaycanın təşəbbüskarı olduğu regional əməkdaşlığın yeni iştirakçı Gürcüstandır.

Milli İstiqlal Partiyasının qurucusu, Etibar Məmmədov isə hesab edir ki, Saakaşvilinin bəyanatları daxili siyasi proseslərə təsir etmək məqsədi güdür: “Daxili siyasi proseslərinin Azərbaycan heç bir təsiri yoxdur. Gürcüstan Azərbaycan münasibətlərinə gəlincə Vətən Müharibəsindən sonra Gürcüstan həm də bir vasitəçilik missiyası yerinə yetirir. Bu da Azərbaycan tərəfindən müsbət qarşılanır. Gürcüstan ölkəmizin mənafelərini müdafiə edir. Müharibə vaxtı da Gürcüstan Azərbaycanın yanında oldu, mənafeyini qorudu. Hətta onun ərazisindən Ermənistana yük daşınmasına belə icazə vermədi. Düşünürəm ki, ölkələrimiz arasında münasibətlər normaldır və bundan sonra da normal olaraq qalmalıdır”.

Politoloq Cümşüd Nuriyev hesab edir ki, Saakaşvilinin Gürcüstana yenidən gəlmək istəməsi Qərbin layihəsidir. “Hazırdan Gürcüstan sərbəst siyasət yürüdür”, - deyən politoloqun sözlərinə görə, Rusiyanın maraqlarına daha uyğun siyasət yürüdən İvanaşvilidən fərqli olaraq, eks-prezident daha çox Gürcüstanın maraqlarını güdür: “Azərbaycanın qələbəsindən sonra Cənubi Qafqaz çox önəmli bir dünya düzənində, əhəmiyyətli əraziyə çevrilib və məhz buna görə də Azərbaycandan sonra Gürcüstanla da maraqlanmağa başlayıblar. Gürcüstanın həm təbii coğrafi mövqeyi, həm ərazisi, həm də dənizə çıxışı mühüm rol oynayır. Çalışırlar Gürcüstan Rusiyanın tam nəzarətindən çıxsın. Saakaşvilidə bu ərəfədə “Facebookda”n paylaşım edib ki, Gürcüstandayam. Maraqlıdır ki, Gürcüstanın Daxili İşlər Nazirliyi və Sərhəd Xidməti məlumatı təkzib etdi, eyni ilə məsələni Ukrayna rəsmiləri də təkzib etdi. Sabah Gürcüstanda bələdiyyə seçkiləridir və Saakaşvili bu seçkilərdə qələbə qazanacaqları ilə bağlı bəyanat da verib. Ola bilər ki, o heç gəlməyib və daxili sulara da girməyib və görüntü indi lentə alınmayıb”.

Cümşüd Nuriyev hesab edir ki, bu sadəcə seçkilərə hesablanmış blef də ola bilər. Politoloq deyir ki, bu, seçkiləri udmaq və insanlara ümid vermək üçün siyasi oyundan başqa bir şey deyil.