28 Aprel 2024
"Ramiz Mehdiyevlə Kəmaləddin Heydərovun yaxın olmasının xalqa və dövlətə heç bir faydası yoxdur" - Tural Abbaslı

"Ramiz Mehdiyevlə Kəmaləddin Heydərovun yaxın olmasının xalqa və dövlətə heç bir faydası yoxdur" - Tural Abbaslı

20 May 2022
Baxış: 469

“Təkcə Ramiz Mehdiyevlə Kəmaləddin Heydərovun bir-birilə yaxın olması faktı deyil, ümumiyyətlə, köhnə komandanın ya bir-birilə qohum olduğu, ya quda olduqları məlumdur. Bu məsələdə bir növ özünümüdafiə instinktinin rol oynadığını düşünürəm. Ölkədəki islahatlar xəttinə qarşı dirəniş və özünümüdafiə üçün mühafizə siyasəti olaraq yüksək vəzifəli şəxslər bu cür addımlar atırlar. Məsələn, bir-birilərinə “qız verirlər, qız alırlar”, bir-birilərinin övladlarını etibarlı insanlar kimi özlərinin işlədikləri nazirliklərdə vəzifəyə təyin edirlər. Kritik böhran həddinə çatdıqda isə bu dostluqlardan, qohumluluqlardan, eyni maraqlardan çıxış edərək bir-birini müdafiə edirlər. Bu, başadüşülən haldır.”

AJMEDİA.İNFO xəbər verir ki, bunu Pravda.az-a Ağ Partiyanın sədri Tural Abbaslı Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevlə Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın olmaları barədə iddialara münasibət bildirərkən deyib.

“Kəmaləddin Heydərov köhnə qvardiyadan qalan və ən nüfuzlu yeganə nazirdir. Ramiz Mehdiyevin də nə qədər “bitirildiyini” desək də, onun da kifayət qədər maliyyə resursları var. O, həmçinin zamanında hakimiyyətin müəyyən təbəqələrinə yerləşdirdiyi məmur komandasına sahibdir və onun özünün şəxsi nüfuzu və əlaqələri də kifayət qədərdir. Bu əlaqələr Kəmaləddin Heydərovun nazir kimi bəzi imtiyazlarının olması, həmçinin maliyyə baxımından da təminatlı olması Ramiz Mehdiyev üçün əla müttəfiqlik hesab olunur. Belə müttəfiqlik qarşılıqlı maraqlar əsasında qurulur. Təəssüflə qeyd etmək lazımdır ki, belə müttəfiqliklərin xalq və dövlətə faydası yoxdur. Yalnız Ramiz Mehdiyev, Kəmaləddin Heydərov deyil, əksər dövlət məmurlarının bu cür yaxın əlaqələri var və bu tayfabazlığın ən bariz nümunələrindən biridir.”

Qeyd: Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini, nəvəsi Elvin Mehdiyev isə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətində maliyyə idarəsinin rəisidir.