29 Aprel 2024
Polşa yəhudilərin hüquqlarını TANIMADI - Naftali Bennettdən SƏRT AÇIQLAMA

Polşa yəhudilərin hüquqlarını TANIMADI - Naftali Bennettdən SƏRT AÇIQLAMA

16 Avqust 2021
Baxış: 640

İsrail dövləti Polşanın Holokost zamanı faşistlər tərəfindən qırılan yəhudilərin və onlardan sonrakı nəsillərin mülkiyyət hüquqlarının geri qaytarılmasını məhdudlaşdıran qanunu qəbul etməsinə etirazını bildirib.

AJMEDİA.İNFO xəbər verir ki, rəsmi Yerusəlim hətta bu ölkədəki yüksək rütbəli diplomatik nümayəndəsini də geri çağırıb.

İsrail Baş naziri Naftali Bennett bunu rüsvayçı qərar və Holokost qurbanlarının xatirəsinə “ikrah münasibət” adlandırıb.

Onun sözlərinə görə, Polşa vaxtilə hər şeyini itirmiş insanlara zərər vurmağa davam edir.

Xarici işlər naziri Yair Lapid buna görə Varşavadakı müvəqqəti işlər vəkilinə geri qayıtmağı əmr edib və yeni səfirin təyin olunmayacağını açıqlayıb. Bundan başqa o, hazırda məzuniyyətdə olan Polşanın İsraildəki səfirinə geri qayıtmamağı məsləhət görüb.

Valideynləri Holokost qurbanlarından sayılan Yair Lapid jurnalistlərə deyib ki, Polşa əxlaqsız antisemit qanun qəbul edib.

“Mülkiyyətin restitusiyası (bərpası-red.) dünyanın ən böyük soyqırımlarından birini yaşamış insanların haqlarının yerinə gəlməsi yolunda mühüm addımdır”,- deyə İsrailin müdafiə naziri Benni Qantz bildirib.

Qeyd edək ki, Polşa Prezidenti Andjey Duda İkinci Dünya müharibəsindən 1989-cu ilə qədər iqtidarda olmuş kommunist rejim tərəfindən mülkiyyəti əlindən alınan vətəndaşların hüquqlarının bərpası haqqında qanunu imzalayıb.

Həmin qanunda Holokost barədə heç bir söz deyilmir. Yəni bu o deməkdir ki, 1945-ci ilə qədər alman faşistləri tərəfindən qırğına məruz qalan yəhudilər öz hüquqlarının geri qaytarılmasını tələb edə bilməyəcəklər.(musavat.com)