28 Aprel 2024
Pekin ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və Kanadanın Çinə sanksiyalar tətbiq etməsinə sərt etirazını bildirib

Pekin ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və Kanadanın Çinə sanksiyalar tətbiq etməsinə sərt etirazını bildirib

23 Mart 2021
Baxış: 1280

Rəsmi Pekin ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və Kanadanın Çinin Sincan Uyğur Muxtar Bölgəsində insan hüquqları məsələləri ilə əlaqədar Çinin rəsmilərinə və qurumlarına sanksiyalar tətbiq etməsinə sərt etirazını bildirib.

AJM xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi xanım Hua Çunin həmin sanksiyaların yalan və saxta informasiyalara əsaslandığını bildirib.

“Həmin ölkələrin və Avropa İttifaqının bu cür addımları onların insan hüquqlarına və həqiqətə diqqət yetirmədiklərini sübut edir”, - deyən Çin rəsmisi, onları insan hüquqlarından bəhanə kimi istifadə edərək, Çinin daxili işlərinə qarışmaqda ittiham edib.

Hua Çunin bildirib ki, bəzi siyasətçilər faktları görməzdən gələrək, Çinin rəsmi statistik məlumatlarını və sənədlərini təhrif edərək, saxta sənədlərə, naməlum mənbələrin sözlərinə əsaslanaraq Çinə qarşı ittihamlar irəli sürürlər.

Martın 22-də ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və Kanada Çinin Sincan bölgəsində insan hüquqlarının pozulması hallarını əsas götürərək Çin rəsmilərinə və qurumlarına sanksiyalar tətbiq etməyə başladıqlarını bəyan ediblər. Çin tərəfi cavab olaraq Avropa İttifaqının 4 təsisatına və 10 şəxsinə sanksiyalar tətbiq etdiyini, qarşı tərəfin səhvini düzəltməyəcəyi təqdirdə, daha çox cavab tədbirləri görəcəyini bildirib. Bundan başqa, Avropa İttifaqının və Böyük Britaniyanın Çindəki səfirləri Çin Xarici İşlər Nazirliyinə çağırılaraq, onlara Pekinin etirazı və narazılığı rəsmi formada çatdırılıb.

Qeyd edək ki, bəzi Qərb ölkələrinin rəsmiləri və mətbuatı Çin hökumətinin Sincan bölgəsində uyğur müsəlmanlara təzyiqlər göstərdiyini, xeyli sayda uyğurun peşə təlimi adı altında xüsusi düşərgələrdə saxlanıldığını, onların məcburi əməyə cəlb edildiyini, bölgədə dini etiqad azadlığının məhdudlaşdırıldığını bəyan edirlər. Həmin ölkələr bir neçə dəfə Çin rəsmilərinə və qurumlarına sanksiyalar tətbiq ediblər, müvafiq bəyanatlar veriblər. Çin tərəfi bu cür addımların Sincan Uyğur Muxtar Bölgəsində insan hüquqları ilə bağlı vəziyyəti qəsdən ləkələmək, beynəlxalq hüququ və beynəlxalq münasibətləri tənzimləyən əsas normaları kobudcasına pozmaq, Çinin daxili işlərinə kobud müdaxilə etmək kimi qiymətləndirib. Rəsmi Pekin "Sincan məsələsi"nin insan hüquqları, etnik və dini məsələlərlə əlaqəli olmadığını, əslində, zorakılıq, terrorizm və separatçılıqla mübarizə olduğunu bəyan edir.

Teqlər: Pekin