28 Aprel 2024
Mövsümi meyvələri ancaq varlılar yeyə bilir...

Mövsümi meyvələri ancaq varlılar yeyə bilir...

25 May 2023
Baxış: 433

“Ötən ildən bu yana ölkədə xeyli bahalaşma baş verib və fermerlər də bu bahalaşmaya əsasən qiymətləri tənzimləyir”

Bazarlarda, supermarketlərdə mövsümi meyvələr “od qiymətinə”dir. Rayonlarda kəndlilər deyir ki, onlardan gilası, alçanı, çiyələyi bazarlarda satılandan azı 3 qat ucuz alırlar. Niyə ilbəil meyvələr bahalaşır? Hazırkı qiymətlərlə meyvəni ancaq varlılar ala bilir...

Məsələni daha yaxından araşdırmaq üçün bazar və mağazalarda mövsümü meyvələrin son qiymətləri ilə maraqlandıq. Paytaxt Bakının ən ucuz bazarlarından biri hesab olunan “8-ci kilometr” bazarında apardığımız müşahidələrdən məlum oldu ki, ötən illə müqayisədə mövsüm meyvələrinin qiymətlərində artım var.

Məsələn, adıçəkilən bazarda hazırda gilasın qiyməti 5-7 m, gilənar 2-4 manat arasında dəyişir, çiyələk 3,5-4 manat, alça 1,5-6 manat, ağ tut 6, qara tut 7 manat, ərik 4-8 manatdır. Satıcılarla söhbətləşəndə bildirdilər ki, ötən illərlə müqayisədə bazarda həm meyvə qıtlığı var, həm də yerlərdə meyvələr baha qiymətə verildiyindən, satışda da hələlik qiymətlər nisbətən bahadır.

“Əvvəllər nəinki həftə sonları, həftəiçi də müştərilərimiz bol olurdu. Amma indi sanki camaatda pul yoxdur, müştəri çox azdır. Bəzən məhsullar piştaxtada qalıb, xarab olur, nəticədə məcbur qalıb, daha aşağı qiymətə satmalı oluruq”, - deyə satıcılardan biri gileylənir.

Alıcılara gəldikdə, bəzi alıcılar bildirdilər ki, “hələlik meyvələrin əksəriyyəti dərmanlı olduğu üçün” yalnız 1 kq almağa çalışırlar.

“Evdə uşaq istədiyi üçün 1 kq çiyələk, 1 kq ərik almışam. Amma bilirəm ki, hamısı dərmanlı və hazırda mövsümü olmadığı üçün o qədər də dadı yoxdur, üstəlik, təhlükəli də ola bilir. Məsələn, 4 manat verib, 1 kq çiyələk alırıq, artıq axşama xarab olur, məlum məsələdir ki, dərmanla yetişdiyi üçün.

Həm də qiymətlər “əl yandırır”. Bir aydır ki, bazarda çiyələyin qiyməti 4 manatdan aşağı düşmür. Gözləyirik ki, bəlkə gələn aydan başlayaraq həm bol, dadlı meyvələr olar, həm də qiymətlər aşağı enər", - deyə orta yaşlı alıcı bildirir.

Mağaza və supermarketlərdə isə meyvələrin qiymətləri daha baha qiymətə satılır. Bir neçə supermarket və mağazalarda apardığımız müşahidələr bu cürdür:

- 1kq çiyələk 6-9 manat, ərik 6-8 manat, alça 2-7 manat, 1 kq ağ-qara tut 6-8 manat, gilas 8-9 manat, gilənar 5-7 manat.

Bəs əgər ölkədə aqrar sektor inkişaf edirsə, qiymətlər niyə bahadır? musavat.com