09 May 2024
İspaniya pandemiya dövründə bir aydan az müddətdə 9 min ixracatçısını itirib

İspaniya pandemiya dövründə bir aydan az müddətdə 9 min ixracatçısını itirib

31 May 2020
Baxış: 563

Koronavirus pandemiyası 9 minə yaxın İspaniya şirkətini beynəlxalq bazarda sıxışdırıb.

AJM xəbər verir ki, bunu İspaniyanın xarici ticarət üzrə Dövlət katibliyinin son məlumatları sübut edir. Mart ayında İspaniyadan ixracatın həcmi ötənilki göstəricilərlə müqayisədə təqribən 4 milyard avro azalıb. Təkcə mart ayında ümumilikdə 59960 ispan şirkəti xaricdə kiçik həcmdə satışlar həyata keçirib.

İxracatçılar Klubunun prezidenti Antonio Bonetin sözlərinə görə, ölkənin İqtisadiyyat Nazirliyi ispan ixracatının 27 faiz aşağı düşəcəyini proqnozlaşdırıb. Ümumilikdə, Dünya Ticarət Təşkilatı koronavirus pandemiyası fonunda dünya ticarətində 13 faizdən 32 faizədək itki proqnozlaşdırır. Birləşmiş Millətlər Təşkilatının dəyərləndirməsinə görə isə 2020-2021-ci illərdə xarici investisiyalar 30-40 faiz azalacaq.

Martda İspaniyanın avtomobil sənayesi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 355 ixracatçı şirkətdən məhrum olub, ölkə xaricində satışların həcmi isə 1,4 milyard avro aşağı düşüb.

Enerji daşıyıcıları və uzunmüddətli istifadə üçün nəzərdə tutulan mallar, əsasən məişət texnikası və mebel ixracatına daha ciddi ziyan dəyib.

Pandemiya böhranına tab gətirən yeganə sahə kənd təsərrüfatı məhsulları, içki və tütün sektoru olub. Bu sahə mart ayında nəinki özünün xaricdə satışını azaltmayıb, əksinə onu 546 milyon avro artırıb.

A.Bonet hökuməti şirkətlərin həm qısamüddətli, həm də ortamüddətli perspektivdə ehtiyacı olduğu likvidliyin maliyyələşdirilməsinin həcmini dəstəkləməyə və genişləndirməyə, İspaniyanın xaricdə ticarət nümayəndəliklərini genişləndirməyə və ixracatçılara daha çox xidmət növləri təqdim etməyə, inkişaf etməkdə olan bazarların ispan şirkətlərindən ötrü əlçatan olması üçün maliyyə alətləri yaratmağa çağırıb.

Teqlər: İspaniya