27 Aprel 2024
İranın Zəngəzur xofu - dəhliz Tehranı niyə qorxudur?

İranın Zəngəzur xofu - dəhliz Tehranı niyə qorxudur?

13 Avqust 2022
Baxış: 430

İran prezidenti İbrahim Rəisi Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışarkən “İran Qafqazda heç bir geosiyasi dəyişikliyi qəbul etməyəcək” deyib: “İran üçün regionda geosiyasi dəyişikliklər qəbuledilməzdir, Tehran sülh və sabitliyin təmin edilməsi, eləcə də Qafqaz regionunun böyüməsi və inkişafı üçün bütün imkanlarından istifadə etməyə hazırdır”.

Ajmedia.info xəbər verir ki, Rəisi iki ölkə arasındakı münasibətləri tarixi və dərin kimi səciyyələndirərək, İrəvan və Tehran arasında davamlı iqtisadi əməkdaşlıq səviyyəsinin artırılmasının vacibliyini vurğulayıb.

Xatırladaq ki, iyulun 19-da İranın ruhani lideri Əli Xamneyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə Tehranın Ankara və Bakının İran və Ermənistan sərhədini bağlamaq siyasətinə qarşı çıxacağını bildirmişdi. Burada söhbət İranın Zəngəzur dəhlizinə müqavimətindən gedir. İran prezidenti və ölkənin ali dini lideri Zəngəzur dəhlizini özləri üçün vahim bir məsələyə çeviriblər, buna görə Azərbaycana müxtəlif təhdid cəhdləri də edirlər.

İranın xofu ondan ibarətdir ki, Zəngəzur dəhlizi Türkiyə, Naxçıvanla Azərbaycanı birləşdirəndən sonra İran tranzit ölkə kimi ofsaytda qala bilər.

Ancaq bu, sadəcə, siyasi hikkə kimi görünür. İqtisadi-sosial baxımdan İran əslində indiki sanksiyalar altında cabaladığı dönəmdə Zəngəzur layihəsinə qoşulmaqla yeni böyük imkan və imtiyazlar qazana bilər.

Zatən, Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra onun ərazisindən keçib Ermənistana gedən maşınlardan rüsum alınır. Bu, Azərbaycanın sərhəd haqqıdır. İran isə istəyir ki, 30 illik işğal dövründə olduğu kimi, Ermənistanla qanunsuz kommunikasiyanı, narkotranzit dəhlizini davam etdirsin...

İranın bu iddialarından çəkilməsi üçün hansı addımlar atılmalıdır? Onlara gerçəkliklər, yeni geosiyasi reallıqlar necə anladılmalıdır?

Yeni Müsavat