29 Aprel 2024
İranın “XƏZƏR KAPRİZİ”: Danışıqların yeni mərhələsinə ehtiyac var...

İranın “XƏZƏR KAPRİZİ”: Danışıqların yeni mərhələsinə ehtiyac var...

04 İyun 2022
Baxış: 390

“İqtisadiyyat naziri Mikayıl Cabbarovun İranın neft naziri Cavad Ovçi ilə dünənki görüşünün Ağ Ev rəhbəri Baydenin prezident İlham Əliyevə ünvanladığı məktubdan sonra baş tutması bəlkə də bir təsadüfdür. Nəzərə alsaq ki, Bayden Azərbaycanla əlaqələrə ehtiyac duyduqlarını və bu məsələdə Transxəzər layihələrini qabartmışdı, bunun uğurlu hazırlanması və icrası üçün İranla bəzi anlaşmaların əldə edilməsinə ciddi ehtiyac vardı”.


AJMEDİA.İNFO bildirir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.

Ekspert vurğulayıb ki, Xəzərin dibinin bölüşdürülməsi məsələsində əsas dirəniş nöqtəsi hazırda İranın mövqeyidir:


“Düzdür, bir müddət 2018-ci ilə qədər Xəzərdən maksimal faydalanmaq üçün Xəzərin statusu - bölünməsi ilə bağlı həm də Türkmənistan kapriz sərgiləyirdi. Amma sonradan Türkmənistanla anlaşmaq mümkün oldu. Elə buna görə də "Dostluq" yatağının birgə işlənməsilə bağlı razılıq da əldə edilib. Bu hal 2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın Qazaxıstanda qəbul edilməsindən sonra mümkün olub. Bu konvensiyada Xəzərin səthinin bölgüsü dəqiq əksini tapır. Belə ki, sərhədyanı ölkələrin sərhədləri boyu Xəzərin dərinliyinə doğru 28 km məsafəsi hər bir ölkənin öz ərazi suları hesab edilir. 18 km məsafədə isə balıq ovlamaq ixtiyarına sahibdirlər. 28 km-dən sonra ortada qalan böyük hissə isə 5 ölkənin ümumi istifadəsinə aid edilir”.


E.Əmirovun sözlərinə görə, Xəzərin dibinin bölünməsində vəziyyət daha qəlizdir:


“Bu məsələdə illərdir ki, tərəflər razılığa gələ bilmir. Gec də olsa, 4 ölkə birtəhər razılaşıb, qalıb İran. Xəzərin ehtiyatlarından normal istifadə, transxəzər layihələrin icrası, Avropaya daha çox neft-qaz ixracının həyata keçirilməsi üçün İranla danışıqların yeni mərhələsinə ehtiyac var. Ümid edək ki, İranın neft naziri ilə yeni imzalanan memorandum bu məsələnin də həllinə öz töhfəsini verəcək”.