27 Aprel 2024
Heydər  Əliyev - Bənzərsiz şəxsiyyət və Azərbaycan gəncliyinin əbədi nümunəsi

Heydər Əliyev - Bənzərsiz şəxsiyyət və Azərbaycan gəncliyinin əbədi nümunəsi

05 May 2023
Baxış: 369

Bu gün həm siyasi arenada, həm də sosial həyatda, hətta fikrində mənəvi Azərbaycanı anlayan, nəbzi bu millətlə döyünən hər kəs Ulu öndəri sonsuz sayqı və hörmətlə anır. Ulu öndər Heydər Əliyev haqqında böyük məmnuniyyətlə qələmə aldığım bu kiçik yazımda əminliklə deyə bilərəm ki, onun haqqında nə yazsam, az olar. Bütün bunlar Heydər Əliyevin şəxsiyyəti vətəndaş mübarizliyi, obyektiv prinsipiallığı və dönməz fədakarlığı ilə səciyyələnir.

1993-cü ildə Azərbaycan ayaq üstə idi, həmin vaxt hakimiyyət davası, dərəbəylik o dərəcədə idi ki, torpaqlarımızın işğalı hakimiyyətdə olanları narahat da etmirdi. Xalqımızın tarixinin taleyüklü hadisələrlə zəngin, dilemmalarla üz-üzə qaldığı çox məsuliyyətli hadisələrin baş verdiyi dövrü bilavasitə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində cənab Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ağır sınaqlarından uğurla çıxarmış, ölkənin ictimai-siyasi, iqtisadi, mədəni və mənəvi tərəqqisinə nail olmuş qüdrətli şəxsdir. Həmin andan xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı dağılmaq, parçalanmaq və məhv olmaq, tarix səhnəsindən silinmək təhlükəsindən xilas etdi.

O, 1969-cu ildə hakimiyyətə gəldiyi andan etibarən respublikamızın həyatında geniş vüsət alan dəyişikliklərə təkan vermiş, qısa müddət ərzində bütün istiqamətlərdə naliyyətlər əldə olunmuş, milli-mənəvi dəyərlərin dirçəlişi yolunda mühüm addımlar atmışdır. Sovetlər dönəmindən başlamış Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca istiqaməti məhz milli özünüdərkin güclənməsinə şərait yaradan sürətli inkişaf strategiyası təşkil etmişdir.

.

Dövlətçiliyimizin Heydər Əliyev tərəfindən formalaşdırılan mənəvi-ideoloji əsası azərbaycançılıq məfkurəsinin şüurlara hakim kəsilməsi, milli-mənəvi dəyərlərimizin dövlətçilik ənənələrinə, strateji hədəflərə yönəldilməsi ilə nəticələnib. Azərbaycan dövlətçiliyinin və xalqının taleyində yeni sabahlara açılan tarixi yolun əsaslı dönüş mərhələsinin həlledici məqamları dəmir iradə, obyektiv prinsipiallıq, səmimiyyət, həsaslıq və müdriklikdən qaynaqlanan bu böyük şəxsiyyətə bağlıdır. Bu bağlılıq ənənəvi olaraq bu gün də uğurla davam etdirilir.

.

Beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğu, suveren Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, yeni iqtisadi kursun müəyyən edilməsi kimi vacib məsələlərin həlli şəxsən Ümummilli lider Heydər Əliyevin xidmətləridir. İdarəçilik istedadı, tükənməz enerjisi, işgüzarlığı və yüksək peşəkarlığı ilə səciyyələnən Heydər Əliyev fenomeni düşüncə və fikir cəsarətinə, sərbəst qərar qəbul etmə qabiliyyətinə görə dünyanın ən nüfuzlu siyasi xadimlərindən biri kimi tanınır, sevilir, öyrənilir və daima tədqiq edilir. Heydər Əliyev ideyalarının gerçəkləşməsinin parlaq təcəssümü müstəqil Azərbaycan Respublikasıdır.

.

Bir gənc kimi anlayıram ki, Tanrının tam və bütöv yaratdığı şəxsiyyətlər haqqında söz demək, mütləq həqiqətin özünü ifadə edən fikir söyləmək qüdrəti qədər insan iradəsinin möhtəşəmliyinə söykənən çətin, məsuliyyətli və bir o qədər də şərəfli bir işdir. Onu deyə bilərəm ki, Ulu öndər cənab Heydər Əliyevlə fəxr edirik, onu sonsuz sayqı və hörmətlə anırıq!

.

“Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”.

Heydər Əlirza oğlu Əliyev

Azərbaycan xalqı sizi və sizin əvəzsiz xidmətlərinizi heç zaman unutmayacaq! Ruhunuz şad olsun Ulu Öndər!

.

.

.

Müstəqil araşdımaçı jurnalist

Aydın Tağıyev