28 Aprel 2024
Gülnarə Kərimovanın oğurladığı daha 293 milyon dollar müsadirə olunur - TƏFƏRRÜATLAR

Gülnarə Kərimovanın oğurladığı daha 293 milyon dollar müsadirə olunur - TƏFƏRRÜATLAR

28 Dekabr 2021
Baxış: 665

Özbəkistanın Ədliyyə Nazirliyi İsveçrə Federal Məhkəməsinin mərhum keçmiş prezident İslam Kərimovun hazırda həbsdə olan qızı Gülnarə Kərimovanın offşor şirkətinin hesabında aşkarlanan 300 milyon dollara yaxın vəsaitin müsadirə edilməsinə dair qərarını alqışlayır.

AJMEDİA.İNFO “Azadlıq” radiosunun özbək xidmətinə istinadən xəbər verir ki, həmin vəsait-293 milyon dollar əsas benefisiarı Gülnarə Kərimova olan “Takilant Ltd.” şirkətinin hesabında aşkarlanıb. Nazirlik bəyan edir ki, İsveçrə məhkəməsinin bu qərarı həmin pulların Özbəkistana qaytarılmasında da sonrakı danışıqlar üçün imkanlar açır.

Bununla belə nazirlik qeyd edir ki, məhkəmənin qərarına əsasən 70 milyon dollar həqiqətən “Takilant Ltd.”-yə qaytarıla bilər. Hərçənd məhkəmənin qərarı yekun deyil və hökmdən şikayət vermək mümkündür.

Həmin hökm barədə İsveçrə mətbuatı ötən həftə yazıb. Bildirilirdi ki, ölkənin federal cinayət məhkəməsi Gülnarə Kərimova ilə bağlı şirkətin 293 milyon dollarını müsadirə etməyə qərar verib. Hibraltarda qeydiyyatdan keçmiş “Takilant Ltd.” şirkətinin İsveçrədə beş bank hesabı aşkarlanıb və həmin hesablarla bağlı neçə vaxtdır təhqiqat gedir. Şirkətdən müsadirə edilən pulların ümumi məbləği 350 milyon dollardır.

“Swissinfo” nəşri yazır ki, həmin vəsaitin əhəmiyyətli hissəsi müsadirə edilir, çünki həmin vəsait Gülnarə Kərimova və onun köməkçisi ilə əlaqəlidir. Bu şəxslər isə İsveçrədə çirkli pulların yuyulmasında təqsirli biliniblər. Amma məhkəmə hökmünə əsasən 70 milyon dollar “Takilant Ltd.” şirkətinə geri qaytarılmalıdır. Çünki istintaq bir neçə şirkətlə əlaqəli olan həmin vəsaitin cinayət yolu ilə əldə edildiyinə dair sübutlar tapa bilməyib.

Məhkəmənin şirkətə məxsus pulların əhəmiyyətli hissəsini müsadirə etməsinə baxmayaraq Gülnarə Kərimovanın vəkilləri bu qərarı “qismən qələbə” adlandırıblar. Vəkillər bildirirlər ki, məhkəmə onların müdafiə etdiyi şəxs barədə Özbəkistanda çıxarılmış hökmlərdən heç birini tanımayıb, çünki bu hökmlər Kərimovanın əsas insan haqlarının pozulması ilə çıxarılıb.

G.Kərimova barəsində Daşkənd məhkəməsi 2018-ci ildə 13 il 4 ay həbs qərarı verib, o hazırda Daşkənd vilayətindəki qadın həbsxanasında cəza çəkir. G.Kərimova korrupsiyada, çirkli pulların yuyulmasında, mütəşəkkil cinayətkar birlik yaratmaqda və digər əməllərdə təqsirli bilinib. Özbəkistan hakimiyyəti onun xarici bank hesablarındakı pulları ölkəyə qaytarmaq üçün mübarizə aparır, amma korrupsiya yolu ilə əldə edilərək xarici offşorlara daşınan pulları geri qaytarmaq hüquqi baxımdan heç də sadə məsələ deyil. G.Kərimovanın İsveçrədə dondurulan aktivlərinin ümumi dəyəri 800 milyon dollardan çoxdur. (Virtualaz.org)