27 Aprel 2024
Ermənistan təxribatlarının arxasında nə dayanır? - ŞƏRH

Ermənistan təxribatlarının arxasında nə dayanır? - ŞƏRH

12 Aprel 2023
Baxış: 421

Ermənistan silahlı qüvvələrinin bölmələrinin ötən gün ölkəmizə qarşı törətdikləri genişmiqyaslı təxribat ilk deyildi. Və görünən odur ki, sonuncu da olmayacaq.

Ortada olan ciddi səbəblər düşmənin təxribatlarını davam etdirəcəyi və öz xislətindən imtina etməyəcəyi ehtimalını artırır. Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbə və onun doğurduğu nəticələr arxalı köpəyin ara-sıra hürməsinə zəmin yaradır. Məğlubiyyət ilə barışmaq istəməyən bədnamlar həyata keçirməli olduqları sərhədlərin tanınması işi, kommunikasiya xəttləri açılması xüsusilə Zəngəzur dəhlizi məsələsi kimi proseslərdən imtina etməklə havadarlarına hesab sülh müqaviləsinin imzalanmasını ertələməyə çalışır və daralan zaman dilimində tez-tez öz çirkin siyasətlərinə uyğun təxribatlara əl atır. Məğlubiyyətin ardınca daxili problemlər məngənəsində boğulan Ermənistan gah daxildəki siyasi çəkişmələrdən diqqəti yayındırmaq, gah da Azərbaycanın qələbəsinə zərbə vurmaq, ölmüş status məsələsini və paralel olaraq yenidən vasitəçi missiyasını diriltmək üçün addımlar atır. Heç vaxt müstəqil siyasət yürütmək qüdrətinə malik olmayan Ermənistan həm də öz havadarlarının əlində dünən olduğu kimi bu gün də maşa rolunu oynayır.

Bu təxribatların törədilməsinin səbəbi nədir?

Bildiyiniz kimi Ermənistan kapitulyasiyaya imza atdığı üçün ölkədə anti-Paşinyan koalisiyası yaranıb, cəmiyyət daxilində çox ciddi fikir ayrılıqları, etirazlar baş qaldırıb. Vəziyyətin belə olması isə rejimi hakimiyyət çevriliş qorxusundan fikri yayındırmaq üçün müharibədə məğlub olsa da, təxribat addımları atmağa vadar edir. Hər səfər atəşkəsin pozulması ilə üçtərəfli bəyənatın müddəalarına zidd addım atan Ermənistan yalnız Azərbaycana qarşı nümayişkaranə şəkildə öz təxribatçı sifətini göstərmir, bunu eyni formada Rusiya sülhməramlıları və dövlətinə qarşı etmiş olur.

Ermənistanı narahat edən əsas məqamlardan biri də Azərbaycanın davamlı olaraq özünün beynəlxalq iştirakçılığını genişləndiməsi və mövqelərini gücləndirməsidir. Bunun danışıqlar masası arxasında hansı siyasi imkanları yaradacağı isə Ermənistana gün kimi aydındır. Beynəlxalq müstəvidə münaqişənin tənzimlənməsinin yeganə yolunun məhz Azərbaycanın ərazi bütövlüyündən keçməsi fikri Ermənistan tərəfini çox ciddi narahat edir. Hər zaman olduğu kimi bu səfər də Ermənistan yeganə çıxış yolunu təxribatlar törədərək Azərbaycanın imicinin korlanmasına yönəlik addımlar atmaqda görür.

Bu təxribatlar, işğalçılıq siyasəti “Dəmir yumruq” üçün darıxan düşmən başının yenidən əzilməyinə rəvac verir. Rəsmi İrəvan vəziyyəti gərginləşdirməyə can atdıqca, iflic durumda olan Ermənistanın daha da dalana dirənməsini sürətləndirir.

Ali Baş Komandanın tək əmri ilə xalq və ordu birliyi sayəsində 30 ildir sürən bir münaqişəni tək başına həll edən Azərbaycan, dünyanın dəyişən siyasi xəritəsində tam yeni reallıq yaradıb. Bu gün Ermənistan qarşısında 44 günlük müharibənin sonunda əldə etdiyi qələbə ilə gücünü nəinki bölgə, bütün dünyaya sübut edən, müstəqil siyasətə malik Azərbaycan var. Bu isə əlbəttə ki, nəinki Ermənistanı, eyni zamanda bu mənzərəni gözügötürməyən qüvvələri də narahat edir.

Regionumuzdakı mövcud vəziyyət, ordusunun belə siyasi qrupların, təsir dairəsində olduğu Ermənistanın hər mümkün halda yeni təxribat törətməyə cəhdi əlbəttə ki, heç kəsdə təəccüb doğurmadı. Beynəlxalq təcrübə göstərir ki, belə vəziyyətlərdə mümkün təxribatlar baş verir. Örnəklər üçünsə uzağa getməyə ehtiyac yoxdur. Qardaş ölkə- Türkiyənin uzun illərdir bu tipli təxribatlardan əziyyət çəkməsini, terrorçuların hərbçilərin postlarına hücumlarını, əsgər ölümü kimi tez-tez baş verən hallar əksər media kanallarının əsas başlığı olaraq qalır. Bundan başqa, İsrail ordusunun da daim belə gərginlikdə fəaliyyət göstərdiyi, hücumlar, silahlı toqquşmaların hansı tezlikdə baş verdiyini də hər halda bilməyən yoxdur.

Bəs, Ermənistan təxribatları ilə istəyinə nail ola bilirmi?

Xalqımız Zəfərin ilk ildönümünü qeyd etdiyi gündən təxribatlar intensivləşməyə başlayıb. Öz xalqını məkirli siyasətlərinə uyğun saxta xəbərlərlə aldadan erməni mediasından fərqli olaraq biz faktlara söykənir, onlara istinad edirik. Rəsmi mənbə olaraq təkcə Müdafiə Nazirliyinin açıqlamalarına diqqət yetirsək ötən dövür ərzində məqsədli şəkildə və miqyası genişlənən təxribatlar seriyasının görmüş olarıq. İlk təxribatlar baş verən andan Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında bəyan edilirdi ki, əgər buna oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, görüləcək tədbirlər daha sərt və təsirli olacaq.

Hər cəhddə olduğumu kimi sonuncu 11 aprel tarixində baş verən cəhdin də aqibəti eyni oldu. Ermənistanın hərbi birləşmələrinin dövlət sərhədinin yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək cəhdi düşmənin növbəti rəzil duruma düşməsi ilə nəticələndi. Ordumuzun adekvat cavab tədbirləri nəticəsində bölmələrimiz tərəfindən heç bir ərazi itkisinə yol verilmədi, bütün strateji yüksəkliklər, məntəqələr bölmələrimizin nəzarətində qaldı. Və yekunda rəşadətli ordumuz sayəsində Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğradı.

Düşmənə vurulan zərbənin nəticələri gizlədilmiş halı ilə belə göz önündədir və məruz qaldıqları xeyli sayda canlı itkini, üstəlik mövqe itkisini etiraf etməkdədirlər.

Beynəlxalq aləmin məsələyə münasibəti

İndi isə gələk hər zaman haqqa göz yumub öz planlarına uyğun nahaqqa dəstək olan beynəlxalq aləmin reaksiyasına. Səngərdə uduzan düşmən üçün virtual aləmdə də nəticə arzuolunan olmadı. Azərbaycan operativ qaydada beynəlxalq ictimaiyyəti Ermənistanın təxribatları ilə bağlı məlumatla təmin etdi və yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşməsini çatdırdı.

Beynəlxalq ictimaiyyətin həyata keçirilən tədbirlərimizə hesab mövqeyi Ermənistanın növbəti dəfə təxribat və avantüra törədərək Azərbaycanı günahkar qismində təqdim etmək cəhdini iflasa uğratdı.

Nəticə!!!

44 günlük müharibə zamanı telefon dəstəyi yerə qoymayan Paşinyan bu gün də ayrı-ayrı güc mərkəzlərinə müraciətləri ilə düşdüyü durumu əla şəkildə nümayiş etdirir. Bu, isə qorxaqlıq və yaltaqlığın bariz nümunəsi olmaqla, müstəqil siyasətə malik olmamağın göstəricisidir.

Azərbaycan Ordusunun sərt tədbirləri Ermənistandakı revanşist qüvvələrə tutarlı cavabdır. Ən vacib məqam isə odur ki, Azərbaycan güclü, regional təhlükəsizliyi təmin edən ölkə olduğunu bir daha düşmənə və bütün dünyaya nümayiş etdirdi. Onu da nümayiş etdirdi ki, bu kimi təxribatlara layiqli cavab verən qüdrətli, peşəkar, dünya hərb tarixində imzası olan Ordusu var. Vətən uğrunda ölməyə hazır, müqəddəs himnimizdə deyildiyi kimi bu millət, bu torpaq üçün hüququndan keçən əsgərləri var!

Elsevər Məmmədov

araşdırmaçı jurnalist