29 Aprel 2024
Ermənistan Azərbaycana görə İsraili şantaj edir? - AÇIQLAMA

Ermənistan Azərbaycana görə İsraili şantaj edir? - AÇIQLAMA

16 Avqust 2021
Baxış: 984

Ermənistanın İsraildəki səfiri geri çağırılıb. Armen Smbatyan avqustun 12-də baş nazir Nikol Paşinyanın təqdimatı və prezident Armen Sərkisyanın sərəncamı ilə görəvdən alınıb.


Məlumat üçün bildirək ki, səfirlik ötən il, Qarabağdakı Vətən müharibəsindən öncə açılmışdı. İşğalçı Ermənistan bununla müttəfiqi İranı qıcıqlandırsa da, çox ümid edirdi ki, Bakının Təl-Əvivdə səfirliyinin olmaması fonunda İsraillə əlaqələri istiləşdirə və Azərbaycan-İsrail hərbi əməkdaşlığını zəiflədə, eyni zamanda, uydurma “soyqırımın” tanınması məsələsini Knessetin (parlamentin) gündəliyinə sala biləcək. Lakin bu cəhdlər nəinki fiasko oldu, üstəlik, 44 günlük müharibədə İsrail yanımızda yer aldı, tarixi qələbəmizə bacardığı töhfəni verdi. Odur ki, müharibədən az sonra İsrailə, hətta Ermənistandakı azsaylı yəhudilərə qarşı qarayaxma kampaniyası başladı. Cəmi 1 il öncə səfir göndərilən Smbatyan İsrail dövlətinə etiraz olaraq müvəqqəti İrəvana çağırıldı. İndi isə o birdəfəlik postundan götürüldü.


Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev burada başqa səbəblər görür: “Bir neçə il qabaq Ermənistanın İsraildə səfirlik açması geniş müzakirə mövzusu olmuşdu. Uzun illər bu addımı atmayan rəsmi İrəvan nədən bu addımı atdı? Yaxud Ermənistanla diplomatik münasibətlərə həmişə soyuq yanaşmış İsrail burada hansı maraqları güdüb və s. İlk öncə bildirim ki, Paşinyandan öncəki hakimiyyətlərin heç biri İsraildə səfirlik açmaqla bağlı real addımlar atmaq istəməyib. Sözsüz ki, bu mövqe bir çox səbəblərlə bağlı olub. İranla görünən və görünməyən münasibətlərində problem yaratmamaq səbəblərdən biri olsa da, İsrailin Azərbaycanla yaxın münasibətlərinin olması da amillərdən biri olub. Amma 2016-cı ilin aprel döyüşlərindən sonra həm xaricdəki erməni lobbisi, həm də daxildə İsraillə diplomatik münasibətlərin olmamasına görə etirazlar etmişdilər. Əsas isə aprel döyüşləri zamanı Azərbaycanın istifadə etdiyi, ermənilərin kabusuna çevrilən döyüş dronları idi. Bununla belə Sərkisyan hakimiyyəti yenə də davamlı diplomatik münasibətlərin qurulmasına getmədi. Paşinyan gələndən sonra qısa müddətdə səfirlik açılmasına nail olmaqla münasibətlərdə müsbətə doğru dəyişikliklərin olmasına ümid edirdi.


Dəyişiklik deyəndə ermənilər adətən özlərinin haqsız və işğalçı siyasətlərinə dəstəyin olmasını, ən azından Azərbaycana heç bir dəstəyin göstərilməməsini nəzərdə tutublar. Lakin 44 günlük döyüşlərdə İsraildən alınmış geniş çeşidli müasir silahlardan istifadə Paşinyan hökumətini pis vəziyyətə qoydu. Məhz o vaxtlar etiraz olaraq səfir Smbatyan məsləhətləşmələr üçün geri çağırılmışdı. Amma söhbət səfirliyin bağlanmasından getmirdi. Sadəcə bu addımları ilə sanki İsraili şantaj edirdilər. İndi isə Smbatyan prezident sərancamı ilə səfərlikdən çıxarılıb. Bu isə İsrail-Ermənistan münasibətlərinə görə yox, məhz Smbatyan haqqında korrupsiya və mənimsəmələrlə bağlı qaldırılmış cinayət işinə görədir. Hazırda keçmiş səfir girov müqabilində ev dustaqlığındadır və məhkəmənin qərarından sonra onun taleyi məlum olacaq. Ya təsadüfdən, ya da bilərəkdən bu hadisə Paşinyanın işinə yarayıb. Belə ki, 1 ilə yaxın müddətdə İrəvana çağırdığı səfiri yenidən Tel-Əvivə göndərmək onun geri çəkilməsi kimi görsənə bilərdi. İndi isə tamam başqa işə görə cinayət işi qaldırıldığından səfir vəzifəsindən azad edilib. Çox güman ki, bir müddət sonra İsrailə yeni səfirin təyinatını görə biləcəyik. Düşünürəm ki, ermənilərin hazırda əsas məqsədi Azərbaycanla isti və yaxın münasibətləri olan dövlətlərlə yaxınlaşıb onları özlərinə tərəf çəkməyə, yaxud neytrallığına nail olmağa çalışmaqdır”.


Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli erməni səfirin geri çağırılmasının heç nəyi dəyişməyəcəyini söylədi: “Əslində Ermənistanın İsrailə də böyük ehtiyacı var. Ona görə də, münasibətləri yüksək səviyyədə saxlamağa çalışırlar. Amma bu mümkün olmayacaq. Çünki İsrail dövlətinin siyasəti, lobbi fəaliyyəti Azərbaycana yönəlikdir. Həm də bölgədə elə bir mövqe ortalığa qoyulub ki, istər-istəməz məsələlərin gedişində Azərbaycan-İsrail əməkdaşlığı vazkeçilməz bir hala gəlib. Ortada İran amili, Azərbaycanın bölgədəki mövqeyi var. Üstəlik, Azərbaycanda yəhudilərin yaxşı yaşaması məsələsi də var. Dövlət ciddi şəkildə onları himayə edir, dəstəkləyir. Dünyadakı İsrail lobbisinin Azərbaycan həqiqətlərinin müdafiə edilməsində, dünyaya çatdırılmasında böyük rolu mövcuddur. Ermənistan çalışır ki, Azərbaycanın bu mövqeyini zəiflətsin. Ona görə proseslərə start verdilər, amma alınmadı. Vətən müharibəsinin gedişi bunları göstərdi. Getdikcə Azərbaycan-İsrail yaxınlığı daha da güclənəcək. Qarabağdakı əməkdaşlıq da bunu deməyə əsas verir. İsrail şirkətləri Qarabağda yenidənqurma prosesində çox yaxından iştirak edirlər. Səfirlik məsələsinə gəldikdə isə, bu heç nəyi dəyişməyəcək”. (Hurriyyet.az)