09 May 2024
Ermənilər Kəlbəcəri bu səbəblə atəşə tutur- "Planlarında var ki..."

Ermənilər Kəlbəcəri bu səbəblə atəşə tutur- "Planlarında var ki..."

05 İyul 2022
Baxış: 433

Xəbər verdiyimiz kimi ötən gün gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan intensiv atəşə tutub.

AJMEDİA.İNFO bildirir ki, mövcud provakasiya ilə bağlı danışan siyasi şərhçi Kənan Novruzov təxribatların bir neçə səbəblə baş verdiyini deyib:


"Son zamanlar cəbhənin müxtəlif, istiqamətlərində, xüsusilə Kəlbəcər istiqamətində atəşkəs tez- tez pozulur, Ermənistan tərəfi təxribat törədir. Provokasiyalarla bağlı müxtəlif variantlar var. İlk ağla gələn Rusiya faktorudur. Ola bilsin, Kreml başının müharibəyə qarışması fonunda, Cənubi Qafqazda Azərbaycanla Ermənistan və Türkiyə ilə Ermənistan arasında əlaqənin normallaşmasını görür və buna görə narahatlıq keçirir. Odur ki, "Qarabağ klanı"nın vasitəsilə regiondakı etimad mühitinə zərbə vurmaq istəyir. İkinci bir tərəfdən, Ermənistan rəsmiləri, o cümlədən baş nazir Nikol Paşinyan bir neçə dəfə dolayısı yolla olsa belə, Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edib. Bəlkə də Ermənistan iqtidarı digər əraziləri, o cümlədən Xankəndi də Azərbaycana vermək üçün lazımi şərait yaradır. Yəni gələcəkdə döyüşlər başlasa, Paşinyan özünə bəraət qazandırmaq üçün deyəcək ki, torpaqları mən vermədim, hərbi əməliyyatlar nəticəsində aldılar. Hərçənd bu ehtimal o qədər real görünmür. Birincisi versiya daha ağlabatandır. Və əgər belədirsə, Paşinyan səhv yolda olduğunu anlamalıdır".

K.Novruzov anti-terror əməliyyatlarının başlaya biləcəyinə diqqət çəkib:

"Səbəbin nə olmağından asılı olmayaraq, Prezident İlham Əliyevin və müdafiə naziri general-polkovnik Zakir Həsənovun verdiyi mesajlar, xəbərdarlıqlar növbəti anti-terror əməliyyatının başlanacağı barədə ehtimalları gücləndirir. Əslində indi bunun üçün, doğrudan da, münbit şərait yaradıb. Odur ki, yaxın gələcəkdə növbəti anti-terror əməliyyatlarının şahidi ola bilərik".(gundəm.az)