28 Aprel 2024
Ərdoğan qalmaqallı naziri MÜDAFİƏ ETDİ

Ərdoğan qalmaqallı naziri MÜDAFİƏ ETDİ

26 May 2021
Baxış: 546

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son günlərdə mafiya rəhbəri Sedat Pekerin açıqlamaları ilə əlaqədar olaraq gündəmdə olan daxili işlər naziri Süleyman Soylu ilə bağlı məsələyə münasibət bildirib.

AJMEDİA.info xəbər verir ki, Ərdoğan Türkiyə Böyük Millət Məclisində AK partiyanın qrup iclasında Süleyman Soylunu hədəf alan hücumların arxasında Türkiyədə təmin olunan əmin-amanlıqdan narahat olan və ölkəni qarışdırmaq istəyənlərin durduğunu bildirib.

“Terror təşkilatları kimi cinayətkar təşkilatlarla mübarizədə daxili işlər nazirimizin yanında olduq və olacağıq. Hədəfin DİN rəhbərimiz olmadığını, böyük və qüdrətli bir Türkiyə qurma səylərimizin olduğunu anlamaq üçün istifadə olunan alətlərə və istifadə edənlərin siluetlərinə baxmaq kifayətdir. Ölkəmizdə illərdir nazir, baş nazir və parlamentin sədri vəzifəsini tutan və partiyamızın sədri olan dostumuz Binəli Yıldırımın da hədəf alınması əsl niyyəti göstərən başqa bir işarədir. İndiyə qədər mənim, partiyamız və həmkarlarımızın timsalında ölkəmizə qarşı edilən hər hansı bir hücuma göz yummadığımız kimi, Allahın izni ilə bu oyunu da korlayacağıq, buna görə heç bir narahatlığınız olmasın”, – deyə Ərdoğan qeyd edib.

Cinayətkar dəstələrin üzvlərini dünyanın harasına qaçsalar da izlədiklərini vurğulayan dövlət başçısı, FETÖ və PKK üzvləri kimi, bu cinayətkarları da Türkiyəyə gətirib mühakimə orqanlarına təhvil verməyincə onların izini buraxmayacaqlarını qeyd edib.