28 Aprel 2024
Entoni Blinken: ABŞ Cənubi Koreya ilə müttəfiqliyə sadiqdir

Entoni Blinken: ABŞ Cənubi Koreya ilə müttəfiqliyə sadiqdir

17 Mart 2021
Baxış: 1385

Seulda Cənubi Koreyanın xarici işlər naziri Çung Euy-yonq və ABŞ-ın dövlət katibi Entoni Blinkenin indiki vəzifələrində ilk görüşü keçirilib.

AJM Yonhap agentliyinə istinadla xəbər verir ki, görüşün əsas mövzusu iki ölkənin müttəfiqliyi və Koreya yarımadasında təhlükəsizlik məsələləri olub. Entoni Blinken Vaşinqtonun Seul ilə ittifaqa sadiqliyini təsdiq edərək, onu dostluğa və qarşılıqlı etimada əsaslanan sarsılmaz müttəfiqlik adlandırıb. Dövlət katibi bu müttəfiqliyin təkcə iki ölkə üçün deyil, həm də Hind-Sakit okean regionu və bütün dünya üçün sülh, təhlükəsizlik və tərəqqiyə əsaslandığını deyib.

Koreya yarımadasında təhlükəsizlik məsələsinə toxunan Entoni Blinken, Şimali Koreyanın nüvə silahsızlaşdırılmasına nail olmaq üçün ölkəsinin Cənubi Koreya, Yaponiya və digər müttəfiqlərlə birgə işləməyə davam edəcəyini bildirib.

Cənubi Koreyanın xarici işlər naziri Çunq Euy-yonq ölkəsi ilə ABŞ arasındakı tərəfdaşlığın daha möhkəm, qarşılıqlı faydalı və hərtərəfli inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. O, ABŞ və Cənubi Koreya dövlət başçılarının yaxın gələcəkdə görüşünün keçiriləcəyini bildirib.

Martın 18-də Seulda ABŞ və Cənubi Koreyanın xarici işlər və müdafiə nazirlərinin 2+2 formatında görüşü də keçiriləcək. ABŞ dövlət katibinin Cənubi Koreya Prezidenti Mun Ce-in ilə də görüşü nəzərdə tutulub.