29 Aprel 2024
Elman Nəsirov: Azərbaycan bu Zirvə görüşünü təşkil etməklə dünya dövlətləri arasında körpünün yaradılmasına nail oldu

Elman Nəsirov: Azərbaycan bu Zirvə görüşünü təşkil etməklə dünya dövlətləri arasında körpünün yaradılmasına nail oldu

06 May 2020
Baxış: 417

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, ölkəmiz o qədər də böyük deyil. Amma müstəqillik tarixi o qədər böyük olmayan respublikamız beynəlxalq aləmdə tanınır, heç kəsdən asılı olmayaraq müstəqil siyasət yürüdür. Bu uğurların sahibi məhz idarəçilik, diplomatik bacarığı ilə seçilən Prezident İlham Əliyevdir. Dünya bunun sübutunu kritik bir məqamda, koronavirus pandemiyası ilə mübarizədə bir daha gördü. Atılan qətiyyətli addımlar, aparılan düzgün siyasət Azərbaycanın həm milli, həm regional, həm də beynəlxalq müstəvidə söz sahibi olmasına rəvac verdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov söyləyib.

Deputat deyib ki, aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü keçirildi. Böyük rezonansa səbəb olan bu görüşü təşkil etməklə ölkəmiz koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan modelini ortaya qoydu və bu sahədə əməkdaşlığın vacibliyini diqqətə çatdırdı. Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr edilmiş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünü təşkil etməklə isə Azərbaycan dünya dövlətləri arasında körpünün yaradılmasına nail oldu.

Elman Nəsirov Azərbaycan Prezidentinin Zirvə görüşündəki çıxışında ölkəmizin xəstəliklə üç istiqamətdə mübarizə apardığını diqqətə çatdırdığını deyib: “Prezident vurğuladı ki, pandemiya ilə mübarizədə birinci istiqamət üzrə əsas diqqət vətəndaşların sağlamlığına yönəldilmişdi. Vaxtında görülən preventiv tədbirlər, Operativ Qərargahın səmərəli fəaliyyəti, karantin rejiminin qaydalarına əməl olunması öz bəhrəsini verdi. İkinci istiqamət, insanların sosial vəziyyətinin yaxşılaşdırılması məsələsi idi. Ümumilikdə, dövlət sektoru üzrə 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanılmaqla, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimumuna uyğun olaraq iki ay ərzində vəsait ödənilir. Üçüncü istiqamət iqtisadiyyatın dayanıqlılığının təmin edilməsi məsələsi idi. Bu istiqamətdə Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək, makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manatdan çox sosial-iqtisadi dəstək paketi tətbiq olundu”.

Deputat qeyd edib ki, Azərbaycan koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək verib və bununla da dünya birliyinin etibarlı tərəfdaşı olduğunu sübut edib. Azərbaycan koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar həcmində könüllü maliyyə yardımı ayırıb.

“Prezident İlham Əliyev Zirvə görüşündə işçi qrupun yaradılmasını təklif etdi. Həmin işçi qrup donorların tapılması məsələsi ilə məşğul olmalı, pandemiyadan əziyyət çəkən ölkələrə tibbi və humanitar yardımların verilməsini təmin etməlidir. Bu barədə fikir Bakı Bəyannaməsində də yer aldı. Prezidentdən ikinci mühüm təklif isə belə oldu ki, BMT-nin üzvü olan dövlətlərin pandemiya ilə mübarizə mövzusunda sessiyası keçirilsin. Beləliklə, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə Görüşünün nəticələri bir daha göstərdi ki, Azərbaycan BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına sədri kimi həm də digər dövlətlərə örnəkdir”, - deyə deputat vurğulayıb.