28 Aprel 2024
Cənubi Koreya Prezidenti COVID-19 virusu əleyhinə peyvənd olunub

Cənubi Koreya Prezidenti COVID-19 virusu əleyhinə peyvənd olunub

23 Mart 2021
Baxış: 1293

Cənubi Koreyada COVID-19 virusu əleyhinə vaksinasiya proqramı çərçivəsində Prezident Mun Ce-inə peyvəndin birinci dozası vurulub.

AJM yerli KİV-lərə istinadla xəbər verir ki, "AstraZeneca" vaksini ilə peyvənd olunan Cənubi Koreyanın dövlət başçısı iyunda Böyük Britaniyada keçiriləcək "Böyük yeddilər" qrupunun sammitinə qonaq qismində dəvət edilib. Elə peyvənd olunmaq da həmin sammitdə iştiraka hazırlıq məqsədi daşıyır. Mun Ce-in və xanımı, habelə dövlət başçısını Böyük Britaniyaya səfərdə müşayiət edəcək şəxslər prezident ofisinin yaxınlığında yerləşən ictimai səhiyyə mərkəzində peyvənd olunublar. Peyvəndin ilk dozasını qəbul edən 68 yaşlı Prezident vaksinasiya məntəqəsində heyəti ilə qısa görüş keçirib və sonra ofisinə yola düşüb. Onun səhhətində hər hansı dəyişiklik müşahidə olunmayıb. Mun Ce-inə vaksinin 2-ci dozası mayın ortalarında vurulacaq.

Cənubi Koreyada COVID-19 virusu əleyhinə vaksinasiya proqramının tələblərinə əsasən, xaricə səfər edənlərə peyvənd olunmaq üçün üstünlük verilir.

Qeyd edək ki, Cənubi Koreyada əhalinin COVID-19 virusu əleyhinə vaksinasiya fevralın 26-da başlayıb. İlkin mərhələdə tibb müəssisələrində çalışan və müalicə alan 65 yaşdan yuxarı şəxslərin peyvəndi aparılır. Amma bəzi ölkələrdə “AstraZeneca” peyvəndi ilə bağlı qeydə alınan xoşagəlməz hallar səbəbindən Cənubi Koreyada da bu vaksinin istifadəsi müvəqqəti dayandırılmışdı. İndiyədək Cənubu Koreyada ölkə əhalisinin 1,3 faizi (680 min nəfər) peyvənd olunub.