29 İyun 2024
Azərbaycanda kişilərlə vatsap yazışmaları üzə çıxan qadın güllələndi - "Bədən mənim..."

Azərbaycanda kişilərlə vatsap yazışmaları üzə çıxan qadın güllələndi - "Bədən mənim..."

29 May 2024
Baxış: 411

Şəmkir rayonunda 1990-cı il təvəllüdlü Səfər qısqanclıq zəminində həyat yoldaşı Fidanı (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

AJMEDİA.İNFO teleqraf.com-a istinadən bildirir ki, o, 1999-cu il təvəllüdü Fidanın vatsap mesajlaşma proqramı ilə müxtəlif kişilərlə sevgi məzmunlu qarşılıqlı yazışma və telefon danışıqlarından xəbər tutub. 1 iyul 2023-cü ildə Rusiyanın Moskva şəhərindən Şəmkir rayonunun kəndinə gəlib.

O, arvadından müxtəlif kişilərlə hansı səbəbdən yazışdığını, telefonda danışdığını soruşub və onunla mübahisə edib.

Fidan heç kimin onun şəxsi işinə qarışa bilməyəcyini deyib, boşanmaq istədiyini bildirib. Bundan hiddətlənən Səfər Fidanı öldürmək qərarına gəlib. Babasından miras qalmış ov tüfəngini götürüb və iyulun 7-də saat 6 radələrində qayınatasının yaşadığı evə gedib. O, çardağın üzərinə çıxıb və əlverişli məqam gözləyib.

Həmin gün saat 21 radələrində göyərti yığmaq üçün evin bağ sahəsinə keçən Fidanın geri qayıtmasını gözləyib. Təxminən 3-4 dəqiqə sonra qadın bağa açılan dəmir qapıdan çardağın altına gələrkən ov tüfəngi ilə onun qarın nahiyəsinə atəş açıb.

Fidanın atası Nadir atəş səsini eşidib və qızına tərəf qaçıb, qışqıraraq qonşuları köməyə çağırıb, Səfərin ikinci dəfə atəş açmasına mane olub. Səfər hadisə yerindən qaçıb.

Fidan vaxtında Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ona göstərilən ixtisaslı tibbi yardım nəticəsində həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Səfərin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

"Arvadımın çılpaq şəkillərini gördüm"

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Səfər ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, özünü Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirli bilib.

İfadəsində göstərib ki, Rusiyada olarkən arvadı Fidanın telefonda danışıqlarını, səsyazılarını və çılpaq şəkillərini görüb: "2023-cü ilin iyul ayında Şəmkirə qayıtdım və Fidana atası evinə getməsini dedim. Arvadım da buna görə atası evinə getdi. Onun valideynləri ilə boşanmağımız və uşaqların mənimlə qalmaları barədə danışdıq.

Bir gün sonra yenidən Fidangilə gedərək eyni məsələlər barədə danışdıq və uşaqların yanımda qalmalarına razılaşdıq. Söhbətin üstündən bir müddət keçəndən sonra Fidanın yaşadığı evin 3-4 metr hündürlükdəki çardağında gizlənərək onun yanına kimin gəlib-getdiyini dəqiqləşdirmək istədim. Hadisə günü Fidan məni görən kimi qışqırdı. Aramızda məsafə təxminən 3 metr olardı. Əlimdə olan oldu silahdan atəş açdım.

Mənim arvadımı öldürmək fikrim olsaydı,onun qolundan atəş açmazdım. Atəş açdıqdan sonra evə getdim. Polis əməkdaşları gələrək məni şöbəyə apardılar".

"Anam arvadımın telefonunu Rusiyaya gətirdi"

Təqsirləndirilən şəxs bildirib ki, Rusiyadan 2023-cü ilin iyul ayının əvvəlində, hadisədən üç gün qabaq qayıdıb: "Mən Rusiyada olarkən Fidan valideynlərimlə birlikdə yaşayıb. Lakin hərəkətlərindən mən xəbər tutanda atası evinə getdi.

Rusiyada olarkən bir dəfə zəng edən vaxtı Fidanın kiminləsə danışdığına şahid olmuşam və bundan şübhələnmişəm. Həmin ərəfədə anam Rusiyaya gəldiyi üçün Fidanın mobil telefonunu da özü ilə gətirməyi tapşırdım. Anam arvadımın telefonunu gətirib mənə verdi.

Telefonu açanda hər şeyi gördüm, əlavə proqram da yükləyərək danışıqlara baxdım. Telefondaki məlumatları bərpa etdirdim və geri qaytardım. Telefonda olanları gördükdən sonra Azərbaycana döndüm və boşanmaq qərarına gəldik.

Rusiyada olan zaman Fidanın valideynlərinə boşanmaq istədiyimi dedim. Şəmkirə qayıdandan sonra Fidanla söhbət etdim. O da olanları etiraf edərək "şeytana aldandığını" dedi. Arvadıma boşanmaq istədiyimi bildirəndə mənimlə razılaşdı".

"Məqsədim qorxutmaq idi"

Səfərin sözlərinə görə, həmin ərəfələrdə Fidanla arasında mübahisə olmayıb: "Hadisə günü qayınatam Nadirin yaşadığı evin həyətində çardağın şiferinin üstünə çıxdım, kimin gəlib-gedəcəyinə baxdım. Fidan da orada idi.

Rusiyadan qayıtdıqdan sonra cəmi iki dəfə Fidangilə gedərək valideynləri ilə boşanma barədə danışmışam. Son gedişimin ertəsi günü isə onların evinin çardağın şiferinin üstünə çıxdım.

Hadisə zamanı istifadə etdiyim silah mərhum babamdan mənə yadigar qalıb. Həmin silahdan istifadə etməmişəm, atamın da silahdan xəbəri olmayıb.

Fidanın danışdığı oğlanın gələcəyini düşündüyüm üçün Nadirgilin çardağın üstünə çıxmışam. Silahı özümlə götürməkdə məqsədim Fidanın danışdığı adam gələcəyi təqdirdə silahla onu qorxudaraq arvadımın valideynlərinin qarşısına çıxarmaq idi".

"İstəsəydim, arxadan asanca vurardım"

Səfər qeyd edib ki, hadisə günü təxminən saat 5-6-da hasar olmadığı üçün arxa həyətdən məhləyə girib və çardağın şiferinin üstünə çıxıb: "Şiferin üstündə 2-3 saatdan çox gözlədim. Fikrim gecəyə qədər gözləmək idi. Mən orada olan vaxt səhv etmirəmsə Fidanın bibisigil də gəldi.

Çardaq tərəfə boylanaraq kiminsə gəlib-gəlmədiyinə baxan zaman Fidan məni görüb qışqırdı. Mən də arvadımın qoluna atəş açdım. Fidanla aramızda 3 metr məsafə olardı. Silah təklüləli olduğuna görə içərisinə bir patron yerləşdirmişdim. Özümlə isə iki patron götürmüşdüm. İki patron götürməyimin səbəbi özümü müdafiə etmək ehtimalı ilə bağlı idi. Çünki Fidanın əmisigil də qonşuluqda yaşayır.

Əgər lazım gələrsə qorxutmaq üçün havaya atəş açmağı düşünürdüm. Əslində heç atəş açmaq məqsədim də yox idi. Sadəcə Fidan məni görəndə qışqırdığı üçün özümü itirərək atəş açdım. Birinci atəşdən sonra ikinci patronu yuvaya yerləşdirmədim.

Fidanı vurmaq istəmirdim. Nə qədər sağ tərəfə nişan alsam da, qırmalar açılıb arvadımın qoluna dəydi. Fidan yaralanandan sonra atası Nadir yanına gələrək qızını avtomobili ilə həkimə apardı. Mən də çıxdığım yerdə gizləndim. Düşündüm ki, Nadir qızını bu vəziyyətdə görərək ürəyi gedrəsə, Fidanı həkimə özüm aparım. Nadir qızını avtomobilə qoyandan sonra yuxarıdan düşərək getdim.

Atəşdən təxminən 30 saniyə sonra atası gəldiyi üçün yuxarıdan düşüb Fidana kömək edə bilmədim. Nadir də məni görmədi, çünki hündürdə gizlənmişdim. Amma qayınatam yuxarıya baxsaydı, məni görə bilərdi.

Fidan bağa gedən zaman onu arxadan vurmaq daha asan idi. Vurmaq niyyətim olsaydı, onda atəş açardım. Fidan yaralanandan sonra yıxıldığını gördüm. İkinci patronu atmağa imkanım vardı. Amma arvadımı öldürmək yox, cəzalandırmaq idi.

Mən silahı tuşlayıb atəş açmadım. 3-4 metr məsafə olduğu üçün silahı tuşlasaydım, arvadımı başından vurardım".

"Boşanmağı məsləhət gördülər"

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsi elan edilib. Həmin ifadədən məlum olur ki, Səfər arvadını öldürməyə cəhd etməsi ittihamı üzrə özünü tam təqsirli bilib. Onun ifadəsinə görə, 1 iyul 2023-cü ildə bilet alaraq Rusiyada Şəmkir rayonuna gəlib:

"İyulun 2-də Fidanın atası evinə getdim. Məni qayınatam Nadir və qaynanam Sevil qarşıladı. Fidan isə qarşıma çıxmadı. Onlardan Fidanın niyə əxlaqsızlıq etdiyini soruşdum. Fidanın pis də olsa, yaxşı da olsa qızları olduğunu söylədilər, əgər qəbul etmirəmsə, boşanmağımı məsləhət gördülər. Onlara qızlarına düzgün tərbiyə verə bilmədiklərini dedim, övladlarımla görüşərək getdim".

"Bədən mənim, can mənim, nə istəyirəmsə, edərəm"

Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 4-də yenə Fidanın ata evinə gedib: "Fidandan kişilərlə münasibət qurub danışmağının səbəbini və həmin şəxslərin kim olduğunu soruşdum. O, məndən boşanacağını və işlərinə qarışmaq ixtiyarımın olmadığını dedi. "Bədən mənim, can mənim, nə istəyirəmsə, edərəm"- söylədi, məni daha da qıcıqlandırdı. Əsəblərimə hakim olaraq övladlarımla görüşərək getdim.

Evdə çox fikirləşdim və Fidandan qisas almaq qərarına gəldim. Bunun üçün iyulun 7-də saat 6 radələrində yaşadığım evin həyətindəki əl damında saxladığım rəhmətlik babamdan yadigar qalmış ov tüfəngini və 2 ədəd patronu götürərək Fidanın atası evinin qarşısında olan çardağın dam örtüyünün üzərinə çıxdım. Fidanı gördükdə onu vurmaq qərarına gəldim.

Çardağın şiferinin üstündə oturaraq xeyli siqaret çəkdim. Fidanın tək qalmasını gözlədim. Saat 20.00-dək orada dayandım. Qayınatam Nadir işdən evə gəldi və bağdan nəyisə istəyərək Fidanı bağa göndərdi. Nadirin köməkçi tikilidə oynayan nəvələrinin yanına getdiyini və bununla da Fidanın tək qaldığını gördüm.

Təxminən 3-4 dəqiqə sonra Fidan bağa açılan dəmir qapıdan çardağın altına daxil olarkən atəş açmaq üçün ayağa qalxdım. Tüfəngi ona tərəf tuşladım. Fidan məni görərək qışqırdı, mən də bir dəfə onun qarın nahiyəsinə atəş açdım.

Qayınatam Nadir köməkçi tikilidən çıxaraq Fidanın yanına qaçdı. Nadiri görəndə dərhal oradan uzaqlaşdım. Nadir bağ tərəfdən atəş açıldığını düşündü və ora boylandı. Lakin Fidan əli ilə çardağın üstünü göstərdi. Qayınatam çardağın damına baxsa da məni görmədi. Mən də çardağın üstündən qaçaraq qonşunun hasarının üzərində dayandım və baş verənləri izlədim. Səs-küyə Fidanın əmisi arvadı gəldi. Təxminən 10-15 dəqiqə sonra Fidanı xəstəxanaya apardılar.

hasarın üzərindən hoppanaraq yaşadığım evə getdim. Atama və anama hadisəni danışdım. Yemək yeyərək könüllü təslim olmaq üçün Şəmkir Rayon Polis Şöbəsinə getmək qərarına gəldim. Təxminən 15 dəqiqə sonra Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları gələrək məni polis şöbəsinə apardılar.

Arvadımı namusuma ləkə saldığı üçün qisas almaq məqsədi ilə tüfənglə vurmaq qərarına gəlmişəm".

"Qışqırmadım, donub qaldım"

İş üzrə zərərçəkmiş Fidanın sözlərinə görə, dırnaq düzəldilməsi isə məşğul olduğu üçün hadisə günü rəfiqəsi onlara gəlib və saat 11-dən saat 16.30-dək onlarda olub:

"Həmin gün günorta bibim və əmimin arvadı da mənimlə Səfər arasında olan boşanma söhbətini danışmaq üçün bizə gəldilər. Gün ərzində Səfərin çardağın şiferində gizlənməsini bilməmişəm. Səhər tezdən axşamadək evdə olmuşam. Anam isə bağ tərəfdə moruq toplayırdı.

Axşamüstü atam Nadir işdən gəldi. Həmin vaxt uşaqlarım da evdə idi. Mən anama kömək etmək üçün bağa keçdim. Təxminən 30 dəqiqə sonra həyətə qayıtdım. Anam küçənin başına su gətirməyə getdi. Mən də evə girib uşaqlarıma yemək verərək çölə çıxdım. Bağ tərəfə keçdim və bir neçə dəqiqə sonra işimi qurtardım. Geri qayıdanda Səfərin çardağın uc tərəfində tüfəngi mənə tuşlayaraq durduğunu gördüm. Lakin qışqırmadım, donaraq qaldım.

Səfər mənə doğru nişan aldı, 2-3 saniyə sonra atəş açdı. Güllə sağ qoluma dəydi, qırmaları isə bədənimə doldu. Atəş açandan sonra qışqıraraq evin küncünə girdim, artıq Səfəri görmədim.

Atam qaça-qaça gələrək üzərimə uzandı ki, birdən ikinci güllə də atılar, lakin atam güllənin hansı istiqamətindən atıldığını bilmədi. Məni avtomobilə mindirərək xəstəxanaya apardılar".

"Gəlib uşaqlarla oynayırdı, anam dedi ki..."

Fidan qeyd edib ki, Səfərlə sonuncu dəfə 2023-cü ilin iyunun 22-də danışıb: "İyulun 1-də Səfər Moskvadan qayıtdı. Həmin gün valideynlərimlə söhbət etdi.

Atam Səfərə mədəni qaydada boşanmalı olduğumuzu, uşaqları istəyirsə götürə biləcəyini dedi. Səfər uşaqlarla oynayaraq getdi. Ayın 3-də yenidən yaşadığım evə gəldi. Onda atam evdə deyildi. Yenə uşaqlarla oynadı və anama mənimlə təklikdə görüşmək istədiyini dedi. Anamsa bizi tək qoymayacağını bildirdi. Bir az Səfərlə anamın yanında dayanaraq ərimin deməyə sözü olmadığını gördüm və otaqdan çıxdım.

Anam da Səfərdən tez-tez bura gəlməməsini istədi, boşanacağımızı, uşaqları istəsə götürə biləcəyini söylədi. İyulun 5-də Səfər yenə bizə gəldi, uşaqlarla oynadı. Həmin gün danışığımız olmadı. Məlum hadisədən əvvəl Səfər mənə hədə-qorxu gəlmədi".

"Mən sadəcə yazışmışam"

Fidanın sözlərinə görə, hadisə günü də Səfəri görməyib: "Ola bilsin ki, Səfər məni görüb. Çünki dəfələrlə bağa gedib-gəlmişəm. Hadisədən az əvvəl bağdan həyətə keçdikdə qapını örtdüm. Qapının həyət tərəfdəki dəstəyi qırılmışdı. Əgər qapının dəstəyi qırıq olmasaydı, küncə sıxılmaq əvəzinə, bəlkə bağ tərəfə keçə bilərdim.

Qapını örtüb başımı qaldıranda təsadüfən Səfərin məni tüfənglə nişan aldığını və silahı mənə tuşladığını gördüm. Atəşdən sonra ağrı hiss etdiyim üçün qışqırdım. Silahdan çıxan qırmaların 52-53 ədədi qoluma, 30-dan çoxu isə bədənimə dəydi.

Mən başqa şəxslərlə sadəcə yazışmışam, aramızda başqa heç nə olmayıb".

"Məndən xoşu gəldiyini yazdı"

İstintaq zamanı Fidanın telefonda yazışdığı oğlan müəyyən edilib. Məlum olub ki, həmin şəxs 11-ci sinifi bitirmək üzrə olan Sərxan adlı şəxsdir.

Sərxan ifadəsində göstərib ki, 14 iyun 2023-cü ildə Şəmkir rayonunun kəndində sinif yoldaşının evində kollektiv olaraq son zəng tədbirinə toplaşıblar: "Bir-iki gün sonra votsapda mənə mesaj gəldi, "salam" yazılmışdı. Mən də "salam" yazaraq kim olduğunu soruşdum.

Fidan olduğunu, məni tədbirdə görərək xoşu gəldiyini yazdı. Daha sonra Fidanla votsapda danışanda məndən xoşu gəldiyini dedi, mənə öz şəkillərini göndərdi. İyunun 18-dən isə nə mən Fidana, nə də Fidan mənə yazdı. Çünki Fidanın evli olduğunu bilərək əlaqəni kəsdim".

Sərxan qeyd edib ki, birinci dəfə yazışanda Fidan ona evli olduğunu deməyib: "Bu barədə daha sonra söylədi və ərinin işləmək üçün Moskva şəhərinə getdiyini bildirdi. Fidan mənə görüşmək barədə də təklif etdi.

Fidanın mobil nömrəmi haradan əldə etməsini bilməmişəm. Aramızda yalnız yazışma olub. Son vaxtlar mənimlə soyuq danışdığı üçün başqa şəxslərlə münasibətdə olduğunu düşünmüşəm".

"Çılpaq şəkillərini atdığını dedi"

Fidanın digər münasibətdə olduğu Pərvizin sözlərinə görə, Fidanı Sərxan vasitəsilə tanıyıb: "İyunun 18-də Sərxanla görüşdüm. O, Fidan adında bir qızla danışdığını, hətta qızın ona çılpaq şəkillərini atdığını dedi. Ondan harada tanış olduğunu soruşdum. Sərxan iyunun 14-də son zəng şənliyində tanış olduğunu dedi. Mənə Fidanın atdığı çılpaq şəkilləri də göstərdi. Şəkillərə baxarkən nömrəni əzbərlədim. Axşam Fidana zəng etdim və onunla tanış oldum.

Mən xeyli müddət Fidanla telefonda danışdım. O, Sərxanla mübahisə edərək əlaqəni kəsdiyini dedi. Fidanın evli və iki övladı olduğunu bilməmişəm. Sonuncu dəfə iyunun 21-də danışmışıq. Həmin gün Fidanın əri Səfər mənə zəng etmişdi. Ona Fidanın evli olduğunu bilmədiyimi dedim. Fidanın ailəli olduğunu bildikdən sonra onunla əlaqəni kəsmişəm".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Səfər 9 il 6 ay azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib.