29 Aprel 2024
Azərbaycan pandemiya ilə mübarizədə bütün səylərin səfərbər olunmasına ciddi töhfələr verir

Azərbaycan pandemiya ilə mübarizədə bütün səylərin səfərbər olunmasına ciddi töhfələr verir

06 May 2020
Baxış: 399

Ölkəmizin dünyada ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi dünyada Azərbaycana olan etimaddan və onun beynəlxalq nüfuzunun artmasından xəbər verir. Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsi Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov söyləyib.

Deputat bildirib ki, pandemiyaya qarşı mübarizədə bütün dövlətləri birləşdirməyə çalışmaq Azərbaycanın humanist siyasətə sadiq olduğunu və milliyyətindən asılı olmayaraq dünyada yaşayan bütün insanların sağlamlığının qorunmasına öz töhfəsini verdiyini bir daha sübut edir. Çünki pandemiyanın ağır faciələrindən qurtulmaq üçün bütün ölkələrin və beynəlxalq təşkilatların həmrəyliyi son dərəcə vacibdir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşündə xəstəliklə bağlı bu və digər mühüm məsələlərə toxunuldu və vəziyyətdən birlikdə çıxış yoluna aydınlıq gətirildi. Dövlətimizin başçısı ölkəmizdə pandemiyaya qarşı aparılan mübarizə barədə qurumun üzvlərinə ətraflı məlumat verdi və bildirdi ki, Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılıb. Virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlığı və ləvazimatlar Azərbaycana gətirilib. Testlərin aparılması üçün ölkədə 23 laboratoriya fəaliyyət göstərir. Dövlətimizin başçısı Zirvə Görüşünün iştirakçılarının diqqətinə çatdırıb ki, daxili tələbatı ödəmək üçün qısa müddət ərzində qoruyucu və digər tibbi ləvazimatların istehsalına başlanıb. Məhz bunların nəticəsidir ki, həyata keçirilən bütün bu tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınıb.

Xəstəliklə mübarizədə həkimlərimizin peşəkarlığından danışan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan koronavirus xəstələrinin müalicəsi sahəsində öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan öz təşəbbüsləri və praktiki addımları ilə dünyada həmrəyliyin möhkəmlənməsinə, indiki mürəkkəb şəraitdə dövlətlər və xalqlar arasında təmasların yüksəlməsinə, qlobal pandemiya ilə mübarizədə bütün səylərin səfərbər olunmasına ciddi töhfələr verir.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin pandemiyaya qarşı mübarizədə Azərbaycan modelinin müsbət nəticələri barədə danışmaqla bu təcrübəni digər ölkələrlə bölüşməyə hazır olduğunu bildirməsi Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən son dərəcə yüksək qarşılandı. “Məhz bu səbəbdən də Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşündə qəbul edilən Bəyannamədə Prezidentimiz İlham Əliyevin fəaliyyəti xüsusilə vurğulandı. Zirvə Görüşünün iştirakçıları Bəyannamədə dövlətimizin başçısına təşəkkür edərək və minnətdarlıqlarını ifadə etdilər”, - deyə Aydın Hüseynov vurğulayıb.

Teqlər: Azərbaycan