28 Aprel 2024
“Air Serbia” mayın 21-dən sərnişin aviadaşımalarını bərpa edəcək

“Air Serbia” mayın 21-dən sərnişin aviadaşımalarını bərpa edəcək

19 May 2020
Baxış: 453

Serbiyanın “Air Serbia” milli aviakompaniyası müntəzəm sərnişin reyslərini mayın 21-dən etibarən bərpa edəcək. Lakin COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldıqdan sonra Belqradın “Nikola Tesla” aeroportuna ilk kommersiya reysi artıq baş tutub.

AJM xəbər verir ki, bu barədə aeroportun mətbuat xidməti məlumat yayıb.

“Mayın 18-də yerli vaxtla saat 11:40-da “Wizz Air” aviakompaniyasının Londondan gələn ilk kommersiya reysi 100-ə yaxın sərnişinlə Belqrad hava limanına enib. Mayın 21-dən beynəlxalq reysləri bərpa edəcək yerli “Air Serbia” aviakompaniyası ilk uçuşlarını Vyana, London, Frankfurt və Sürix şəhərlərinə edəcək”, - deyə “Nikola Tesla” aeroportunun mətbuat xidmətinin rəhbəri Nikola Cukiç bildirib.

Hava limanının rəhbərliyi sərnişinlərə aeroporta 3 saat öncədən gəlmələrini, imkan daxilində online qeydiyyatdan keçmələrini və maska taxmalarını tövsiyə edib.

Serbiyanın Xarici İşlər naziri İvitsa Daçiç iyunun 1-dən etibarən qonşu Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya və Albaniya vətəndaşları üçün sərhədlərin açılacağını bildirib. Serbiyada koronavirus infeksiyasının yayılması ilə bağlı fövqəladə vəziyyət rejimi martın ortalarından mayın 7-dək davam edib.