28 Aprel 2024
ABŞ-ın Dövlət katibi Netanyahu ilə görüşdü - TƏFƏRRÜATLAR

ABŞ-ın Dövlət katibi Netanyahu ilə görüşdü - TƏFƏRRÜATLAR

26 May 2021
Baxış: 627

ABŞ Dövlət katibi Antoni Blinken İsrail və Həmas arasında keçən həftənin sonunda qüvvəyə minən atəşkəsi möhkəmləndirmək səyləri çərçivəsində Yerusəlimdə İsrail liderləri və Ramallahda isə Fələstin liderləri ilə görüşüb.

AJMEDİA.info xəbər verir ki, dövlət katibi Blinken İsrail və Həmas arasında qarşıdurmaya son qoyan atəşkəsdən sonra Konqresdən Qəzzadakı fələstinlilər üçün 75 milyon dollar yardım istəyəcəyini deyib.

Blinken bu açıqlamanı çərşənbə axşamı Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbasla Ramallahdakı danışıqlardan sonra verib.

Blinken ABŞ tərəfindən terror qrupu kimi tanınan, Qəzzaya nəzarət edən qrup haqqında danışarkən "Həmasın bu yenidənqurma səylərindən faydalanmaması üçün çalışacağıq" deyib.

Atəşkəsin davam etməsi səyləri çərçivəsində Yerusəlimi ziyarət edən dövlət katibi İsrailin özünü müdafiə haqqı olduğunu vurğulayıb.

İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı danışan Blinken həm İsrailin, həm də fələstinlilərin döyüşlər zamanı böyük itkilər verdiyini və ümid, hörmət və inamı bərpa etmək üçün çox iş görülməli olduğunu deyib.

ABŞ-ın yüksək səviyyəli diplomatı həm Qəzza zolağı, həm də İordan çayının Qərb sahilində fələstinlilər üçün iqtisadi imkanların genişləndirilməsinə kömək edəcəyinə söz verərək, bunun fələstinlilərə və israillilərə fayda gətirəcək daha sabit bir mühit təmin edəcəyini bildirib.

"Tərəflər və tərəfdaşlarla atəşkəsin əldə olunmasına yardıma çalışdığımız zaman israillilər və fələstinlilər üçün daha yaxşı bir gələcək qurmaq üçün atacağımız addımları da düşünürdük" - deyə, Blinken Yaxın Şərqə yola düşərkən bildirib. Bu, Blinkenin ABŞ-ın baş diplomatı olaraq bölgəyə ilk səfəridir.

ABŞ Prezidenti Co Bayden bazar ertəsi verdiyi açıqlamasında Blinken "İsrail rəhbərləri ilə İsrailin təhlükəsizliyinə dair dəmir bağlılığımızı müzakirə edəcək" və "illərlə davam edən laqeydlikdən sonra administrasiyamızın Fələstin xalqı və liderləri ilə əlaqələrini bərpa etmək və dəstəkləmək səylərini davam etdirəcək” deyib.

Bayden ABŞ-ın “təcili yardımların Həmasa deyil, Qəzzadakı insanlara fayda gətirəcək şəkildə çatdırılması üçün” regional tərəfdaşları ilə birgə çalışacağını bildirib.

"Hazırda bizim diqqətimiz intensiv bir şəkildə humanitar vəziyyətlə məşğul olmağa, bərpa və yenidənqurma işlərinə başlamağa, habelə həm fələstinlilər, həm israillilər, həm də bölgədəki tərəfdaşlarla sıx əlaqə saxlamağa yönəlib" - deyə, Blinken bazar günü CNN kanalına bildirib.

Blinkenin Yaxın Şərq səfəri İsraillə Həmasın rəhbərlik etdiyi fələstinli silahlılar arasında atəşkəsə vasitəçilik edən Misirə də ziyarəti əhatə edəcək. O, Misir prezidenti Əbdel Fəttah Əl-Sissi və xarici işlər naziri Sameh Şükri ilə görüşəcək.

Misirli vasitəçilər Qəzza sərhədini keçərək, atəşkəsi davam etdirmək üçün Mahmud Abbasla görüşüb.

Dövlət Departamentindən verilən məlumata görə, Blinken səfərini İordaniya Kralı II Abdulla, Baş nazir müavini və xarici işlər naziri Ayman Səfadi ilə görüşmək üçün Əmmanda başa vuracaq.(amerikanın səsi)