28 Aprel 2024
20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda  yeni mərhələnin başlanğıc nöqtəsi oldu

20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu

19 Yanvar 2022
Baxış: 544

Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O müdhiş gecə Azərbaycan xalqı sınağa çəkildi. Xalq həm Vətən uğrunda həlak olan qəhrəmanlarını tanıdı, həm bu Vətənə başçılıq edənlərin kimliyinə bələd oldu.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilmədi, xalqımız qanı bahasına olsa da öz dövlət müstəqilliyinə qovuşa bildi.

20 Yanvar faciəsi zamanı Bakıda və Azərbaycanın rayonlarında ümumilikdə, 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdur.

1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda, həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli-azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi və qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı.

“Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”, - deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. 2006-cı il yanvarın 19-da ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrildi. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım metronun “20 Yanvar” stansiyasının üzərindəki dairədə xatirə kompleksinin yaradılması oldu. 2010-cu il yanvarın 20-də Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində memorial abidə kompleksinin açılışı şəhidlərimizə verilən dəyərin bariz nümunəsidir.

Prezident İlham Əliyev Bakının “20 Yanvar” dairəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılışında demişdir: “20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Şəhidlərimizin əziz ruhu daim yaşayacaq, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.” Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq şəhidlərin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, bu faciəni törədənləri lənətləyir. Hər il yanvarın ­20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Otuz iki ildir ki, Şəhidlər xiyabanı Azərbaycan xalqının müqəddəs ziyarətgahına çevrilib. Xarici dövlətlərdən gələn yüksək vəzifəli şəxslər Şəhidlər xiyabanındakı Əbədi məşəl önünə əklil qoyur, Vətənimiz uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə ehtiramlarını nümayiş etdirirlər.

Azadlıq uğrunda savaş kimi yaddaşlara hopmuş 20 Yanvarın ən böyük dərsi budur ki, hər hansı təhlükə qarşısında xalq öz birlik, azadlıq eşqi üçün canından keçməyə hazır oldu, igid Vətən övladları canları, qanları bahasına gələcək müstəqilliyin təməlini qoydular. Biz gənclərin üzərinə düşən əsas öhdəlik şəhidlərimizi, qəhrəmanlarımızı daima ehtiramla yad etmək, xalqımıza qarşı törədilən faciələri, soyqırımları unutmamaq və hər zaman Vətən uğrunda canından keçməyə hazır olan bir millətin övladları olduğumuzu dərk etməkdir.

Hakim Mustafayev,

Salyan rayon Aşağı Noxudlu bələdiyyəsinin sədri