11 May 2024
“Rəhbərlik çalışır ki, yeni maliyyə..." - Hind filmləri ilə məşhurlaşan Space TV-nin SON DURUMU

“Rəhbərlik çalışır ki, yeni maliyyə..." - Hind filmləri ilə məşhurlaşan Space TV-nin SON DURUMU

01 Sentyabr 2021
Baxış: 792

Yalnız hind filmlərinin nümayişi ilə tanınan Space TV-nin rəhbərliyi artıq dəyişib. Hər kəsdə bu gözlənti vardı ki, Vaqif Mustafayevin gedişindən sonra bu kanal yeni layihələrlə izləyici qarşısına çıxacaq. Lakin Space TV-də yenilik üçün nəfəslik belə açılmayıb.

AJMEDİA.İNFO xəbər verir ki, tanınmış jurnalist və tərcüməçi İlqar Əlfioğlu Yenisabah.az-a açıqlamasında telekanaldakı durumu birbaşa maliyyə ilə əlaqələndirib:

“Elə kanallar var ki, oturub düz yerdə, elələri də var ki, düşüb quyunun dibinə. Space TV quyunun dibinə düşən kanallardan idi. İndi kanalın vəziyyəti birbaşa maliyyə ilə bağlıdır. Rəhbərlik çalışır ki, yeni maliyyə qaynaqları tapsın. Çünki "Space" elə duruma düşmüşdü ki, iş adamları belə ora reklam verməkdən vaz keçirdilər. Səbəb kanalın izləyicisinin azalması idi.

"Space"-ə yeni təyin edilən rəhbər çox yaxşı və savadlı insandır, kanalı dirçəltmək istəyir. Buna mənim zərrəcə şübhəm yoxdur "Space"-in bu günə qədər müxtəlif borcları var idi. Hazırda onların bir qismi ödənib. Borcu bağlamadan vəsait cəlb edib, maliyyə ayırmağa pul sahiblərinin özləri də pis baxır.

Düşünürəm ki, hökumət "Space" kanalına yardım etməlidir. Əsas məsələ işləri düzgün qurub, düzgün istiqamətə yönləndirməkdir. Hazırda Space TV-yə rəhbərlik edən Müşfiq Hətəmovun kanalın dirçələcəyinə ümidi olmasa, bir gün də orada oturmaz”.

İlqar Əlfi digər telekanallarımız haqqında da fikirlərini bizimlə bölüşüb:

“Telekanallar özlərini sərbəst hiss etməlidir ki, müstəqil seçim edə bilsinlər. Mən şəxsi praktikamda görmüşəm ki, 90-cı illərdən sonra jurnalistika sahəsində yenilik etmək istəyən hər bir insanı peşman ediblər.

Jurnalistika olan yerdə mütləq tənqid olmalıdır. Jurnalistlər tənqid olunan zaman daha rəhbərliyin hədəfi olur, danlanırlar. Rəhbərlik əhəmiyyət vermir ki, sənin gördüyün iş doğrudur, ya doğru deyil, rəhbərə işin əks-sədası lazımdır.

Buna görə də jurnalistlər yenilik etməkdənsə, köhnə üslubda işləməyi daha üstün tuturlar. Köhnə üslubla hərəkət edirlər, lakin yeni obraz yaradırlar. Kim kanala gəlirsə, öncə dekorasiyanı düzəldir. Kanalın kontenti, aparıcının deməyə sözü olmayandan sonra sənin arxanda duran dekorasiya kimə lazımdır?! Bu halda təbii ki, verilişə, proqrama heç kim baxmır. Təkliflər verən, problem qaldıran televiziyalara ehtiyacımız var".