11 May 2024
Qəzza zolağı: Kimlər nəzarət edib?

Qəzza zolağı: Kimlər nəzarət edib?

31 Oktyabr 2023
Baxış: 512

İsrail-HƏMAS qarşıdurmasından sonra Qəzza zolağı maraq obyekti olub.

AJMEDİA.İNFO bildirir ki, bu barədə “Nbc news” maraqlı yazı hazırlayıb.

Qeyd olunub ki, Qəzza zolağı İsrail və Misir arasında yerləşən bir ərazidir.

“Bura Osmanlı İmperiyası, daha sonra isə Britaniya İmperiyası tərəfindən işğal edilmiş, iki Fələstin ərazisinin kiçik hissəsini təşkil edir. 1948-ci ildə İsrail yaradıldıqdan sonra Misir təxminən iyirmi il Qəzzaya nəzarət edib. İsrail 1967-ci ildə ərəb qonşularına qarşı 6 günlük müharibədə qələbə qazandıqdan sonra Qəzza zolağı və İordan çayının qərb sahilini ələ keçirib. Sonrakı 38 il ərzində zolağa nəzarət edib və 21 yəhudi yaşayış məntəqəsinin tikintisinə imkan yaradıb. 2005-ci ildə beynəlxalq və daxili təzyiq altında İsrail 9 minə yaxın israilli köçkünü və hərbi qüvvələrini Qəzzadan çıxarıb və anklavı idarə etməsi üçün Fələstinə təhvil verib”.

Yazıda həmçinin, HƏMAS haqqında da məlumat qeyd olunub:

“HƏMAS hazırda İsmayıl Haniyənin rəhbərlik etdiyi fələstinli hərbiləşdirilmiş təşkilat və siyasi partiyadır. Qəzzada 2006-cı ildə keçirilən seçkilərdə qalib gəldikdən sonra nəzarəti ələ keçirib. O vaxtdan bəri heç bir seçki keçirilməyib. Birləşmiş Millətlər Təşkilatı və insan haqları qruplarının xahişlərinə baxmayaraq, İsrail 2007-ci ildən bəri Qəzzada quru, hava və dəniz blokadasını davam etdirir. İsrail sözügedən blokadanın öz vətəndaşlarını HƏMAS-dan qorumaq üçün edildiyini deyir. Beynəlxalq Qızıl Xaç Komitəsi blokadanı qeyri-qanuni hesab edir və bunun Cenevrə Konvensiyasını pozduğunu bildirir. İsrail rəsmiləri isə bu ittihamı rədd edir. BMT, müxtəlif insan haqları qrupları və hüquqşünaslar blokadaya istinad edərək Qəzzanı hələ də İsrailin hərbi işğalı altında hesab edirlər”.

Nəşr xatırladıb ki, HƏMAS 1987-ci ildə Misirdəki Müsəlman qardaşlar təşkilatının Fələstindəki hissəsi olaraq qurulub: “Onilliklər boyu HƏMAS İsraili məhv etməyə çağırıb. ABŞ, Böyük Britaniya və Kanada da daxil olmaqla bir çox ölkə HƏMAS-ı İsrailə hücumları, o cümlədən raket zərbələri və kamikadze hücumlarına görə terror təşkilatı elan edib. Digər ölkələr, o cümlədən Yeni Zelandiya yalnız HƏMAS-ın hərbi qanadını terror qruplaşması hesab edir”.

“Nbc news” qeyd edib ki, HƏMAS-ın 700 israillinin ölümünə səbəb olan son sürpriz hücumundan sonra Qəzzada mülki vətəndaşların şəraiti kəskin şəkildə pisləşəcək:

“İsrailin Qəzzaya qurudan müdaxiləsi ehtimalı var. HƏMAS isə buna şiddətlə müqavimət göstərəcəyini vəd edib. Xatırladaq ki, bazar ertəsi İsrailin müdafiə naziri Qəzzanın tam mühasirəyə alındığını - bütün elektrik, yanacaq, qida və su təchizatının kəsildiyini elan edib”.(Sfera.az)