28 May 2024
“Qərb Ukraynanı satmağa, Rusiya ilə bazarlığa hazırlaşır” - ŞOK AÇIQLAMA

“Qərb Ukraynanı satmağa, Rusiya ilə bazarlığa hazırlaşır” - ŞOK AÇIQLAMA

04 İyun 2022
Baxış: 426

Ədalət Partiyası sədrinin müavini, siyasi şərhçi Elxan Şükürlünün Teleqraf.com-a müsahibə verib.

AJMEDİA.İNFO həmin müsahibəni təqdim edir:

- Yunanıstan və Türkiyə arasında gərginlik artır. Yunanıstan müdafiə naziri açıq şəkildə Türkiyəni müharibə ilə hədələdi. Sizcə, dünyanın əsas diqqətinin Rusiya-Ukrayna müharibəsinə yönəldiyi bir vaxtda Yunanıstan nəyə nail olmaq istəyir və ABŞ niyə aşkar formada öz müttəfiqi Türkiyəyə əks cəbhədə yer alır?

- Yunanıstanla Türkiyə arasında gərginlik bu gün ortaya çıxmayıb. Bunun həm köklü tarixi, həm də ciddi siyasi və dini səbəbləri var. Yunanlar hələ də hesab edirlər ki, türklər vaxtilə onların ərazisini işğal edərək, torpaqlarında özlərinə dövlət qurublar, uzun əsrlər boyu onları əsarətdə saxlayıblar və bugünkü Türkiyənin sahib olduğu bir sıra ərazilər də onlara məxsusdur. Vaxtilə Osmanlı İmperiyasını, bu gün də Türkiyəni zəiflətmək istəyən bütün güclər, xüsusən də ingilislər və fransızlar həmişə yunanların bu iddialarından türklərə qarşı istifadə ediblər və indi də edirlər. Ümumiyyətlə, müasir Yunanıstan özünü xristian dünyasının Türkiyəyə qarşı nizəsi və ön cəbhəsi rolunda görür: baxın, bir tərəfdən, NATO üzvüdür və bu alyansın üzvü Türkiyə ilə sərhəd ərazilərində ABŞ hərbi bazalarını yerləşdirib və bu bazaların Rusiya təhlükəsinə görə gücləndirildiyini iddia edir. Eyni zamanda, əhalisinin pravoslav olması səbəbindən Rusiya ilə də çox yaxşı münasibətlərdədir və hətta vaxtilə Kipr məsələsində Türkiyəyə qarşı Rusiya ilə birgə hərəkət edib.

Ancaq son illər Rusiya Prezidenti Putinlə Türkiyə lideri Ərdoğanın yaxınlaşma siyasəti Yunanıstanı da narazı salıb və onlar bunu bəhanəyə çevirərək, açıq-aşkar amerikayönümlü kurs seçiblər. Hazırda Yunanıstanla Türkiyə arasında gərginliyin dərinləşdirilməsi də daha çox Rusiya ilə Türkiyə arasındakı yaxınlaşmanın qarşısını almaq istəyən ABŞ-a lazımdır. ABŞ Yunanıstanı təhrik edir ki, Türkiyə ilə münasibətləri bilərəkdən gərginləşdirsin və bu zaman Rusiya da məzhəb təəssübkeşliyi və siyasi maraqlarını qorumaq məcburiyyəti qarşısında qalaraq, zorən bu qarşıdurmada tərəfə çevrilsin.

Bununla belə, o da aydın görünür ki, həm Türkiyə, həm də Rusiya rəhbərliyi ABŞ-ın yunanlar üzərindən qurduğu oyunun məqsədlərini bilir və ona görə də olduqca soyuqqanlı davranır, eyni zamanda gərginliyi NATO-nun öz içərisinə çevirməyə çalışırlar.

Fikrimcə, Finlandiya və İsveçlə bağlı məsələlər həllini tapmamış Yunanıstanla problemlərin gündəliyə gətirilməsi və dərinləşməsi Türkiyənin NATO-ya qarşı tələblərini daha da gücləndirəcək.

– Bəs ABŞ Rusiyanın məsələdən yararlanacağını bilindiyi halda, niyə iki NATO üzvü arasındakı münasibətləri tənzimləmir? Ümumiyyətlə, Türkiyənin NATO-ya qarşı tələblərinin qəbul ediləcəyini gözləyirsinizmi?

- Bizə elə gəlir ki, ABŞ hər şeyə qadirdir. Əslində isə belə deyil. ABŞ müxtəlif maraqlara malik NATO üzvlərinin münasibətlərini rəvan, ədaətli şəkildə tənzimləyə bilmir və sadəcə onlardan istifadəyə üstünlük verir. NATO vaxtilə SSRİ təhlükəsinə qarşı yaradılmış hərbi təşkilat idi və nə qədər Avropada sovetləşmə təhlükəsi varıydı, SSRİ-dən qorxan Qərb ölkələri NATO-nun üzvü olmaqda, ona pul xərcləməkdə maraqlı idilər. SSRİ dağılandan sonra isə ABŞ NATO-nu öz maraqları üçün Rusiya, Çin və İslam dünyasına qarşı istifadə etməyə başladı. Vaxtilə sosialist düşərgəsini təmsil edən Mərkəzi və Şərqi Avropa ölkələrini dərhal NATO-ya və Avropa İttifaqına qəbul etdilər, onların ərazilərində hərbi bazalarını yerləşdirdilər ki, Rusiya yenidən bu coğrafiyada möhkəmlənə bilməsin. Elə bu gün Ukrayna da ABŞ-ın Rusiya əleyhinə bu siyasətinin qurbanına çevrilməkdədir. Eyni zamanda, NATO-dan istifadə etməklə, ABŞ zamanında öz hərbi qüvvələrini sürətlə İraq və Əfqanıstana yerləşdirdi ki, zəngin enerji resurslarına malik Yaxın Şərq və Mərkəzi Asiyaya nəzarəti əlində saxlaya bilsin.

Ancaq NATO-nun bu sayaq genişlənməsi təkcə ABŞ-ın rəqiblərində yox, elə müttəfiqi Avropa İttifaqının özündə də son vaxtlar ciddi narazılıqlar yaratmışdı. Avropa İttifaqına daxil olan bir sıra ölkələrdə, xüsusən də bu birliyin özəyini təşkil edən Fransa və Almaniyada NATO-dan çıxmaq çağırışları güclənmişdi və cəmiyyətlərində bu ideya geniş dəstək qazanırdı. Doğrudur, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra ABŞ yenidən Avropanı öz nəzarətinə qaytara bildi, ancaq bu, NATO-nun daxili problemlərinin bitdiyi, arxa plana keçdiyi mənasına gəlmir. Əksinə, NATO-nun daxilində son illər böyük bir problem yetişir – İslam dünyasının lideri olmağa can atan Türkiyə. Çünki Türkiyə rəhbərliyinin tutduğu strateji kursla NATO-ya üzvlük məsələsində ciddi ziddiyyət var: Türkiyə özünü bütün İslam dünyasının lideri görür, NATO-nun indiki və gələcək hədəflərində isə İslam ölkələridir.

Faktiki olarq, NATO üzvlüyü Türkiyənin əl-qolunu bağlayır və inkişafında ciddi əngələ çevrilib. Baxın, ona nə müstəqil şəkildə öz müdafiəsini qurmaq və maraqlarını qorumaq imkanı verilir, nə də Qərbin əlində olan müasir özünümüdafiə və hücum silahları. Bu gün Türkiyənin böyüməsinə və inkişafına qarşı bütün təhdidlər, təhlükələr, məkrli planlar ancaq NATO-dakı “müttəfiqlər”inin başının altından çıxır.

Türkiyənin 1987-ci ildən rəsmən müraciət etdiyi və 35 ildir müxtəlif bəhanələrlə qapısında gözlədiyi Avropa İttifaqına üzvlük məsələsində də əsas problem yaradanlar NATO-dakı “müttəfiqləri”dir. Yaxşı, bu, necə ittifaq, necə müttəfiqlikdir? Türkiyə onlara ancaq Qərbin təhlükəsizliyində qalxan olmaq, vuruşmaq, döyüşmək, ölən əsgər vermək üçün lazımdır. Bunu da Türkiyənin hazırki rəhbərliyi çox yaxşı görür.

Türkiyənin NATO-dakı müttəfiqlərinə qarşı çox haqlı tələbəri var və onlar ən qısa müddətdə yerinə yetirilməsə - yerinə yetirilməsi də mümkün görünmür - Ərdoğan da 2023-cü ildə yenidən prezident seçilərsə, böyük ehtimalla, Türkiyə NATO üzvlüyündən çıxma kursu seçəcək. Ukrayna məsələsində özünə ehtiyacın miqyasını bir daha görən Türkiyə indi ABŞ və Avropa İttifaqı qarşısında çox konkret tələb qoymalıdır: hər hansı bəhanə gətirmədən, onu ya tezliklə Avropa İttifaqına üzv qəbul etməlidirlər, ya da Türkiyə üzünü Şərqə çevirərək, möhkəmlənə biləcəyi coğrafiyada möhkəmlənmək xətti seçməlidir. Hətta gələcəkdə Türkiyənin NATO-dan uzaqlaşaraq, Rusiya və Pakistanla birgə yeni, alternativ bir hərbi, siyasi və iqtisadi ittifaqda birləşmə ehtimalı daha böyükdür və bu, Azərbaycanın da maraqlarına uyğundur.

- Türkiyənin NATO-dan çıxıb Rusiya ilə yaxınlaşması, hətta bir ittifaqda birləşməsi nə dərəcədə real yanaşmadır? Bu, Türkiyənin Atatürk kursundan imtinasına və daxilində böyük problemlərinin yaranmasına gətirib çıxarmazmı?

- Bəli, Atatürk Türkiyəni Avropanın bir parçası olaraq görürdü və onun müəyyənləşdirdiyi bu kurs sonrakı hakimiyyətlər dönəmində də davam etdirildi. Ancaq biz onu da görürük ki, Türkiyə nə qədər can atsa da, onu məhz dini səbəblərə görə Avropa ailəsindən uzaq saxlayırlar, Avropa İttifaqına üzvlüyünə imkan vermirlər və verməyəcəklər də. Bunun alternativi isə Türkiyənin keçmiş Osmanlı coğrafiyasında, həmçinin Şərqdə - Çinlə Avropa arasındakı bölgədə, yaxud Türk Dövlətləri Təşkilatının (TDT) mövcud olduğu ərazilərdə güclənməsi, Avropa ilə Çin arasında əsas körpü olmaq və o körpüyə nəzarəti də öz əlində saxlamaq missiyasını üzərinə götürməsidir.

Bu coğrafiyada isə Rusiyanın mövqeyi güclüdür və TDT üzvləri həm də Rusiya ilə birgə müxtəlif hərbi, siyasi və iqtisadi ittifaqlardadır. Qərb uzun müddət o strategiyanı işləyirdi ki, Türkiyənin əli ilə TDT üzvlərini Rusiyaya qarşı qaldırsın, onları toqquşdursun, bu gün Ukraynada açılan cəbhə Cənubi Qafqaz və Mərkəzi Asiyadan da açılsın. Ancaq Ərdoğan bunun qarşısını alır.

Ərdoğan strateji düşüncə sahibi olan və İslam ümmətinin maraqlarını düşünən liderdir, yaxşı başa düşür ki, Türkiyənin Qərbin maraqları üçün Rusiya ilə vuruşması TDT-yə daxil olan ölkələrə böyük fəlakətlər gətirə bilər. Odur ki, bu coğrafiyada Rusiya ilə toqquşmaya deyil, yaxınlaşma, əməkdaşlıq və uzlaşma taktikasına üstünlük verir.

Bu, Rusiyanın da maraqlarına uyğundur. Çünki Türkiyə ilə yaxşı münasibətlər ona həm Yaxın Şərqə daha rahat çıxış imkanı verir, həm də cənub sərhədlərinin təhlükəsizliyində əminlik yaradır. Diqqət yetirirsinizsə, həm Türkiyə, həm də Rusiya siyasətində bu iki ölkənin əməkdaşlığının dərinləşdirilməsini istəyənlərin sayı sürətlə artır və bu, Rusiya-Ukrayna savaşından sonra daha da güclənib. Rusiya rəhbərliyi və cəmiyyəti gördü ki, Ərdoğan Türkiyəsi Qərbin Rusiyanın çökdürülməsi ssenarisində yer almadı, əksinə, bir çox kritik situasiyada Rusiyaya ikinci nəfəs verdi. Bu, gələcək münasibətlər üçün çox əhəmiyyətli idi. Əgər Qərb 2023-cü il seçkilərində Ərdoğanı və Ukrayna hadisələri üzərində də Putini yıxmağı bacarmasa, mənim gözləntim odur ki, Rusiya ilə Türkiyə münasibətləri daha da inkişaf etdirilərək, yeni mərhələyə keçəcək.

- Rusiya-Ukrayna savaşı artıq 100 gündən çoxdur ki, davam edir. Ancaq nə Rusiya istədiyinə nail olur, nə də Ukrayna bu savaşdan yaxa qurtara bilir. Ukrayna “Avropanın Suriyası”na çevrilirmi?

- Cəmiyyətimiz Qərbin Rusiyaya qarşı kiberməkan üzərindən açdığı informasiya-təbliğat savaşının beyinlərdə yaratdığı sərxoşluğun təsiri altındadır. Bu təbliğat hələ çoxlarına Ukraynanın hansı faciələri yaşadığını görməyə imkan vermir. Bir müddət keçəndən – ayılandan sonra gerçəkləri daha yaxşı görə biləcəklər. Bu gün Ukrayna, faktiki olaraq, Suriyadan daha betər durumdadır: dağıntıların miqyası və ölkədən qaçanların sayı Suriyadakından daha çoxdur. Təkcə Avropa İttifaqı ərazisinə 7 milyondan çox ukraynalı qaçıb! Bu, dəhşətli rəqəmdir. Qısırlıq problemi yaşayan Qoca Avropa üçün ağdərili qaçqınlar yeni qan və ucuz işçi qüvvəsi demək olsa da, Ukrayna üçün gələcəkdə demoqrafik böhranın yaşanması, müdafiə qüdrətinin aşağı düşməsi və kadr potensialının itməsi deməkdir. İtirilən insanın yerini heç bir maddi dəstək əvəzləyə bilməz. Bizdə isə yançağına dəyən bir dubinkadan sonra qorxusundan evindən çölə çıxa bilməyən “müxalif lider”lər hay-həşir salıblar ki, Qərb gələcəkdə Ukraynanın bərpasına kömək edəcək, buna görə də ukraynalılar dayanmamalı, vuruşmalıdır. Reallıqda isə bu savaşda nə Ukrayna, nə də Rusiya qalib gələcək. Strateji baxımdan qalib ABŞ-dır, Britaniyadır. “İngilis barmağı” iki qardaş slavyan xalq arasında yüzillər boyu davam edəcək bir düşmənçiliyin əsasını qoydu. Ukrayna ABŞ-ın maraqlarının təmini üçün növbəti qurbanlığa çevrildi.

- Axı savaşı Rusiya başlayıb. Rusiya başqa bir dövlətin ərazisinə açıq hərbi müdaxilə edib. Adını nə qoyursa qoysun, bu, işğal deyilmi? Ukraynalılar öz evlərini qorumamalıydımı?

- Əbəttə işğaldır. Ukrayna xalqının müqaviməti, dirənişi də ən yüksək hörmətə layiqdir. Ancaq biz fevralın 24-dək Ukraynada yaşananları, Rusiya ilə Qərb arasında hansı danışıqların aparıldığını və Putinə geri çəkilmək üçün yer buraxılmadığını da unutmamalıyıq. Ukrayna ABŞ-Rusiya qarşıdurmasının toqquşma cəbhəsinə çevrilməkdən yayına bilərdi – necə ki, Azərbaycan Cənubi Qafqazda, Qazaxıstan isə Orta Asiyada bundan yayına bildi və hər ikisində də, təkrar edirəm, Ərdoğanın müstəsna xidmətləri oldu. Ukrayna rəhbərliyi – Zelenski isə danışıqları uzatmaq və Ukrayna xalqını xilas etmək yerinə, ölkəsinə Rusiyaya qarşı ön aktiv cəbhə olmaq rolu biçdi və bu da nəticəsi: Rusiya çoxsaylı insan, resurs və nüfuz itkisi hesabına da olsa, Ukraynada ona gərəkli əraziləri tuta bilib.

Xəritəyə baxın: Ukraynanın Luqanskdan tutmuş Nikolayevədək olan bütün əraziləri, iri şəhərləri, limanları, aeroportları, dəmir yolu və magistral xətləri artıq Rusiya hərbçilərinin nəzarətindədir, Ukraynanın Azova çıxışı tam bağlanıb, Rusiya isə Krıma quru yol açılmasını və şirin su ilə təchizatını təmin edib, hətta Odessa limanının belə, ruslar tərəfindən ələ keçirilmə ehtimalı var. Rusiyaya da elə bu ərazilər lazım idi və döyüş meydanında əldə edilmiş bu mövqelər imkan verəcək ki, çoxsaylı itkilərə baxmayaraq, hətta atəşkəsə nail olunsa belə, münaqişəli durum illər boyu davam etsin.

– Analitiklər bu savaşı həm də “resurs müharibəsi” kimi xarakterizə edirlər. Yəni kimin resursu çoxdursa, sonda o da qalib gələcək. Sizin də fikrinizcə, savaşan tərəflər Rusiya və Ukrayna deyil, Rusiya ilə kollektiv Qərbdir. Bəs zəif Rusiya iqtisadiyyatı dünya iqtisadiyyatında ən böyük paya sahib ölkələrin koalisiyasına qarşı nə vaxta qədər duruş gətirə biləcək?

- Mən bu məsələdə bir qədər fərqli düşünürəm. Bu, təkcə iqtisadiyyatların yox, həm də cəmiyyətlərin savaşıdır. Kimin cəmiyyəti savaşa daha hazırlıqlı və dözümlüdürsə, sonda o da qalib gələcək. Ötən 100 gün ərzində baş verənlərin təhlili göstərir ki, Rusiya Ukrayna cəmiyyətinin reaksiyasında yanıldığı kimi, Qərb də rus cəmiyyətinin reaksiyasında yanılıb. Rusiya qısa müddətdə Zelenskini devirməyə nail olmadığı kimi, Qərb də Putini devirə bilmir. Bəli, ağır sanksiyalar Rusiya iqtisadiyyatını çökdürür, əhalini narazı salır, ancaq Qərb hələ də Rusiya hakimiyyətində parçalanma yarada, əhalinin Putinə qarşı kütləvi etirazlarını təşkil edə bilmir. Əksinə, Rusiyada sosial vəziyyət nə qədər ağırlaşsa da, əhali arasında Putinin reytinqi artır, onun bütün Qərblə savaşan lider imicini gücləndirir. Putinin 2024-cü il seçkilərində iştirakının qarşısını kəsmək istəyən ABŞ-a isə bu, heç gərək deyil.

Əgər qarşıdakı üç ay ərzində də ABŞ Rusiyada istəyinə nail olmasa, psixoloji üstünlük Rusiya tərəfə keçəcək. Çünki ABŞ-da payızda Konqresə aralıq seçkilər olmalıdır və bu seçkilər ABŞ-da son 40 ilin ən yüksək infilyasiyasının qeydə alındığı bir şəraitdə baş tutmalıdır. Respublikaçılar Baydeni yarıtmaz iqtisadi siyasətdə suçlayırlar. Savaş uzansa, bunun mənfi təsirləri həm ABŞ-a, həm də hələlik onun ətrafında birləşə bilən Avropanın daxilinə sıçrayacaq. Avropa cəmiyyətləri ruslar kimi çətinliyə dözümlü deyillər, dərhal hakimiyyətlərinə qarşı qalxacaqlar.

- Ukraynanın iddiasına görə, artıq Almaniya, İtaliya və Fransa Kiyevə kapitulyasiya təklif edir. Nə üçün - Avropada gözlənlən enerji böhranına görəmi?

- Qərbin şişirdilmiş təbliğatına baxmayın, Avropa iqtisadiyyatının Rusiya neft və qazından asılılığı çoxdur. Bu asılılığı tam aradan qaldırmamış, Avropa dövlətləri, xüsusən də ağır sənayeyə malik Almaniya, İtaliya və Fransa Rusiya ilə münasibətlərini qoruyub saxlamağa üstünlük verəcəklər. Neft təkcə yanacaq deyil ki. Görün, neftdən neçə adda məhsul alınır? Güclü Avropa iqtisadiyyatı həm də bu məhsulların istehsalı üzərində dayanıb. Əgər savaşın müddəti uzansa, Rusiya neftinin və qazının alışı ilə bağlı sanksiyalar deşiləcək, effekt verməyəcək, Avropa ilə qeyri-leqal ticarət güclənəcək, Avropa Birliyi və NATO-nun öz daxilində fərqli səslər çıxacaq. Rusiyanın da hesabı bunadır.

- Siz Ukrayna böhranının həllində hansı ssenarini real heab edirsininiz: savaş tərəflərdən biri tam məğlub olanadək davam edəcək, yoxsa hansısa uğurlu vasitəçilik təklifi ilə atəşkəsə nail olunacaq?

- Üç ay ərzində baş verənlər bir daha onu təsdiqlədi ki, Ukrayna Prezidenti Zelenski müstəqil şəkildə, öz iradəsi ilə qərar qəbul etmir. Bu, xüsusən də İstanbul görüşündən sonra daha aydın göründü. Hələlik ABŞ-İngiltərə tandemi Zelenskini əlverişli şərtlərlə masaya əyləşdirməyə müvəffəq ola bilməyib. Rusiyanın da Putinin şərtlərinin bir hissəsinin Ukrayna tərəfindən qəbul edilməyincə, tutduğu ərazilərdən çəkiləcəyi gözlənilmir.

Davos Forumu Ukraynanın gələcəyini Qərbin necə gördüyünə işıq saldı. Bu forumda mənim diqqətimi xüsusilə iki nəfərin – 99 yaşlı Henri Kissincerin və “rəngli inqilablar”ın memarı, 91 yaşlı Corc Sorosun çıxışlarının məzmunu çəkdi. Kissincer həmişə Rusiya ilə ABŞ arasında dialoqu təmin edən bağ olub. O, açıq şəkildə dedi ki, savaş indi durdurulmazsa, bu, Qərb-Rusiya müharibəsinə çevriləcək və dünyanı daha böyük fəlakətlərə sürükləyəcək. Sülh üçün də Ukraynanın Rusiyaya torpaq verməli olduğunu bəyan etdi və Qərbin aparıcı media qurumları da məhz onun bu fikirlərinə daha çox yer ayırdı. Deməli, Qərb Ukraynanı satmağa, Rusiya ilə bazarlıq predmeti etməyə hazırlaşır, onun Ukraynaya vədlərinə güvənmək olmaz. Soros da Rusiyaya qarşı nə qədər sərt yanaşma ortaya qoysa belə, sonda dedi ki, bəşəriyyət Üçüncü Dünya Müharibəsinin astanasındadır. Şərqdəkilərə baxmayan, Qərbdəkilər rahat həyatı daha çox sevir və ölümdən daha çox qorxurlar. Qorxan bir yerin varsa, deməli, uzlaşmaya məhkumsan.

- Yəni siz Ukraynanın Qərbin köməyi ilə öz ərazi bütövlüyünü təmin edəcəyinə inanmırsınız?

- Qərbin məqsədi Ukraynanın ərazi bütövlüyünü təmin etmək deyil axı. Qərb bu savaşa sadəcə Rusiyanı batıracaq bataqlıq, Putini zəiflədib masa arxasına gətirəcək bir əməliyyat kimi baxır. Rusiya ilə real siyasi bazarlıq mühiti yaranan kimi, Ukraynanın ərazi bütövlüyünün qorunması heç yadlarına da düşməyəcək. Qərbpərəst Poroşenkonun timsalında “Minsk razılaşması”nın necə əldə edildiyini unutmamışıq axı. Məgər biz Qərbin riyakar sifətini elə öz ölkəmizin ərazi bütövlüyünə münasibətdə görməmişik? Ya beynəlxalq hüququn prinsiplərini ABŞ-ın, NATO-nun, Avropa ölkərinin necə ayaq altına saldıqlarını unutmuşuq? Krımın Rusiya ərazisi kimi qəbul edilməsinin vacibliyini deyən, yazan və bunun tarixi əsaslandırmasını verən elə Qərb alimləri, strateqləridir. Onların özləri uzun illərdir Ukraynanı “ikimdəniyyətli bölünmüş ölkə” kimi xarakterizə edirlər və yalnız Qərb hissəsinin Avropanın bir parçası olmasını arzulayırlar. Onu da bilir və vurğulayırlar ki, Rusiya nüvə silahının tətbiqinə əl atmaq hesbına olsa da, Ukraynanın rus əhalinin sıx yaşadığı şərqindən, xüsusən də Krım yarımadasından və Qara dənizdəki mövqelərindən vaz keçməyəcək.

Qərb Ukraynanı tezliklə Avrop İttifaqına daxil etmək istəyəcəksə, bu, yalnız Ukraynanın ərazi güzəştinə sövq edilməsiylə mümkün ola bilər. Ya da Ukrayna ərazi bütövlüyünün pozulmasıyla heç bir halda razılaşmayıb, uzunmüddətli müharibəyə və daha böyük itkilərə hazır olmalıdır.