11 May 2024
Pekin ilə Uxan arasında təyyarə reysləri bərpa olunub

Pekin ilə Uxan arasında təyyarə reysləri bərpa olunub

09 İyun 2020
Baxış: 476

Paytaxt Pekin ilə Çində yeni növ koronavirusun (COVID-19) aşkarlandığı və ən çox yayıldığı Uxan şəhəri arasında müntəzəm sərnişin təyyarəsi uçuşları bərpa olunub.

AJM xəbər verir ki, Çin Mülki Aviasiya Administrasiyası iyunun 9-dan 27-dək olan müddətdə ölkənin 3 ən iri aviasiya şirkətindən olan "China Southern"in Pekindəki Dasin beynəlxalq hava limanından Uxana və əks istiqamətdə gündə bir uçuş həyata keçirəcəyini açıqlayıb. Növbəti mərhələdə epidemioloji vəziyyətdən və sərnişin sayından asılı olaraq uçuşların sayının çoxaldılması mümkün olacaq.

Qeyd edək ki, COVID-19 böhranı ilə əlaqədar Çin paytaxtında qüvvədə olan fövqəladə hazırlıq dərəcəsi iyunun 6-da bir pillə endirilərək 3-cü səviyyəyə düşürdülüb. Bu qərar Çin Mülki Aviasiya Administrasiyasına Pekin ilə Hubey vilayəti arasında hava yolu ilə sərnişin daşınmasını bərpa etməyə imkan verməklə yanaşı, Hubeydən paytaxta gələn sərnişinlərin 14 günlük karantinə cəlb olunması məcburiyyətini də aradan qaldırıb.

Yeni növ koronavirusun sürətlə yayıldığı günlərdə yanvarın 23-də Uxan da daxil olmaqla Hubey vilayətinin 10-dan çox şəhərində xüsusi karantin rejimi elan olunmuş və bu şəhərlərə bütün növ giriş-çıxış dayandırılmışdı. Çində, o cümlədən Hubey vilayətində epidemioloji vəziyyətin yaxşılaşması fonunda martın sonundan başlayaraq karantin rejimi yumşaldılıb və Hubey ilə Çinin digər bölgələri arasında qatar, təyyarə və avtobuslarla sərnişin daşınması bərpa olunmuşdu. Pekin ilə Uxan arasında qatarların hərəkəti bərpa olunsa da, təyyarə uçuşlarına icazə verilməyib.

Çin Mülki Aviasiya Administrasiyasının iyunun 9-da açıqladığı başqa bir məlumatda isə bildirilir ki, koronavirusun yayılmağa başlamasından sonra ilk dəfə olaraq ölkədə hava nəqliyyatı ilə gündəlik daşınan sərnişinlərin sayı bir milyonu ötüb. Bu rəqəm pandemiyadan əvvəlki göstəricinin təxminən 61,5 faizidir.

Teqlər: Pekin