16 Aprel 2024
Nəzakət Məmmədova xarici agent olduğunu təsdiq edir — FOTOFAKT

Nəzakət Məmmədova xarici agent olduğunu təsdiq edir — FOTOFAKT

18 İyul 2022
Baxış: 1602

Nəzakət Məmmədova. Özünü politoloq kimi təqdim edən, siyasi şərhdən daha çox şou müğənniləri kimi qalmaqalları ilə gündəmə gələn, daha doğrusu, bu yolla gündəmdə qalmaq istəyən xanım 44 günlük Vətən müharibəsində də, Rusiya-Ukrayna müharibəsində də gerçək kimliyini ortaya qoydu.

Media və siyasi cameə N.Məmmədovanın kim olduğunu, hansı məqsədlər üçün kimlərlə yaxınlıq etdiyini çox gözəl bilir. Bir neçə il öncəyə qədər bu adda şəxs ortada yox idi. Peyda olması da qəfil baş verdi, bir müddət xarici mediadan tərcümə materiallarına əsaslanan “şərhləri” ilə çıxış etsə də, sonradan müxtəlif siyasi partiyalara “baş vurdu” (üz tutduğu partiyalardan uzaqlaşdırılmasının səbəblərini də bilməmiş deyilik), nəhayət, gerçək üzünü çox da gizlədə bilmədi.

44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatandan sonra bu Zəfərin memarı Prezident İlham Əliyev başda olmaqla hər kəs qardaş Türkiyəyə haqlı davamızda yanımızda olduğu üçün təşəkkür etdi. İki dövlət və hər iki dövlətin liderləri arasında qardaşlıq bağları hər keçən gün daha da möhkəmlənir.

Bundan hansı ölkələr narahat olurlar? Cavabın Rusiya və İran olduğunu artıq hər kəs bilir, bu ölkələr narahatlıqlarını gizlətmirlər də. Misal üçün, Ermənistanın sərhədlərini “qırmızı xətt” elan edən İran Türkiyənin bölgədə nüfuzunun artmasına açıq şəkildə etiraz edir. Rusiya da praktiki addımlarla buna qarşı müəyyən gedişlər həyata keçirir. Lakin hər iki ölkə anlayır ki, Azərbaycanda Türkiyə sevgisini silə bilməzlər, Vətən müharibəsindən sonra isə bu, mümkünsüz bir şeydir. Məhz bunun üçün Azərbaycan daxilindəki şəbəkələrini aktivləşdirdilər. Müşahidələrimiz göstərir ki, bu şəbəkələrə verilən tapşırıq Azərbaycan ictimai rəyində Türkiyəni maksimum qaralamaq, pisləməklə bağlıdır.

Nəzakət Məmmədova da bu tapşırığı alanlardan biri olduğunu açıq şəkildə nümayiş etdirir.

Misal üçün, o deyir ki, Türkiyəyə borcumuz yoxdur. Kiminsə belə düşünməsi prinsip etibarilə problem deyil, lakin bu düşüncəsini təhqirlə dilə gətirməsi o deməkdir ki, ağalarının verdiyi tapşırıq bu yöndədir.

“Azərbaycanda kim manyak, sapık türklərə yaltaqlanmaq istəyirsə, öz işidir. Amma xalqın adından danışmasın. Biz onlara heç nə borclu deyilik. Nə edibsə, pulunu alıb eləyib, pulsuz eləməyib. Dünyanın harasında sapık bir türk var, gəlib bizə minnət qoyur ki, müharibəni bizim hesabımıza udduz. Anadolunun kəndində eşşək minən də gəlib Azərbaycanda özünü ağa hiss edir. Niyə?! Bəsdirin də milləti alçaltdız onun-bunun qabağında. Bezdik artıq. Türkiyəyə borclu deyilik. Milyardlar verib almışıq nə almışıqsa. Bəsdirin daha. Əzik, aşağılıq kompleksli olmayın bu qədər. Şəxsiyyətli olun, özünüzə hörmət edin. Manyakın biri olan hansısa türk haranın avarasıdır axı gəlib bizə minnət qoyur?! Avropada tualet təmizləyirlər, gəlib burada bizim başımıza çıxıblar bu manyaklar”, - N.Məmmədova təhqirlərini belə ifadə edir.


Müharibəni Azərbaycan ordusu, bu ordunun müzəffər Ali Baş Komandanı İlham Əliyev qazanıb. Türkiyə Azərbaycana siyasi dəstək verdi və Prezidentin də açıqladığı kimi, Türkiyənin bu dəstəyi üçüncü tərəflərin müharibəyə müdaxiləsinin qarşısını aldı. Normal düşüncəsi olan hər kəs üçüncü tərəfin Rusiya və İran, müəyyən qədər də Qərbdə erməni lobbisinin təsir gücünün olduğu ölkələr olduğunu anlayır. Lakin müdaxilə imkanı məhz coğrafi baxımdan Rusiya və İranın var idi. Türkiyə və onun bugünkü lideri Ərdoğan məhz bunun qarşısını aldı. Özünə “beynəlxalq münasibətlər üzrə mütəxəssis” yarlığını yapışdırmış xanım “politoloq” ümumiyyətlə nə baş verdiyini anlamadığı üçün belə demir, həm də ona “Türkiyəni söy” tapşırığı verildiyi üçün belə deyir. Sosial şəbəkələrdəki İran və Rusiyaya bağlı “trollar” da onun bu fikirlərini tirajlayır.

Bəs, Türkiyədən kiminsə bu “politoloq”un iddia etdiyi kimi, hansısa sözü olubmu? Xeyr. Ərdoğan başda olmaqla Türkiyənin bütün rəsmiləri, o cümlədən mediası qələbənin Azərbaycan Ordusunun və onun Ali Baş Komandanının Zəfəri olduğunu dəfələrlə dilə gətirib. Bu qələbəyə, həm də bu qələbə ilə Türk dünyasının coğrafi parçalanmasını aradan qaldırmaq perspektivi yaratdığına görə Prezident İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunub.

Təbii ki, bundan İran da, Rusiya da narahatdır və Nəzakət Məmmədova kimi “təsir agentləri”nin vasitəsilə buna qarşı çıxırlar.

Bu o Nəzakətdir ki, təkcə Türkiyəni yox, müharibədə Azərbaycanı dəstəkləyən Pakistanı da söyür. Tənqid etmir, məhz təhqir edir.

Bu o Nəzakətdir ki, Ermənistanı açıq şəkildə müdafiə edən İranı başı əmmaməlilərdən daha çox müdafiə edir, Azərbaycana açıq təzyiq edən bu ölkənin əməllərinə haqq qazandırır.

Bu o Nəzakətdir ki, Qarabağ münaqişəsinin 30 il davam etməsinin əsas səbəbkarı, bu gün də məsələnin tam həll edilməsinin qarşısını alan Rusiyanı “xilaskar” kimi təqdim edir.

Sual yaranır: Azərbaycanın dostlarını, qardaşlarını təhqir edən biri dövlətimizə qarşı düşmənçiliyini gizlətməyənləri müdafiə edirsə, bu, nə deməkdir?

Cavab aydındır, Nəzakət Məmmədova və onun təmsil olunduğu şəbəkə Azərbaycanın dövlət maraqlarını Rusiyaya da, İrana da satmaqla məşğuldur.

Xanım “politoloq” Rusiyanın Ukraynaya hücumunu elə müdafiə edir ki, sanki Ukrayna Rusiyanın torpaqlarını işğal edib. Hətta buna görə Rusiyanın işğalçı olduğunu deyən azərbaycanlıları da təhqir edir, bu işğalçı siyasəti tənqid edən azərbaycanlı jurnalistləri aşağılayır.

Rusiya-Ukrayna müharibəsində Azərbaycandan hansısa jurnalist, yaxud siyasi ekspert Rusiyanın işğal etdiyi Ukrayna torpaqlarına Moskvanın təşkilatçılığı ilə gedibmi?! Nəzakət Məmmədova Mariupolda Rusiyanın işğalçılıq siyasətinin təbliğatını aparır.

Bu xanım “politoloq”un Azərbaycanda Rusiyanın “təsir agenti” olduğu artıq şübhəsizdir. Özü də bunu açıq şəkildə etiraf edir. Artıq bundan sonrasına hüquq-mühafizə orqanları qərar verməlidir. Nəzakət Məmmədova Azərbaycan dövlətinin əleyhinə işlədiyini hər addımda isbatlayır.(demokrat.az)