11 May 2024
Moskva yaxın qonşuları yenə hədələdi - Azərbaycanın NATO-da nə işi?

Moskva yaxın qonşuları yenə hədələdi - Azərbaycanın NATO-da nə işi?

25 Avqust 2023
Baxış: 809

Bakıdan reaksiyalar: nə Azərbaycan Gürcüstandır, nə də Qarabağ Abxaziya və ya Osetiya; analitiklərin şərhi

Rusiya Ukrayna bataqlığında ilişsə də, arada “Yaxın xaric” saydığı müstəqil ölkələri hədələməyindən də qalmır. Bu dəfə yenə sabiq prezident, Putinin sadiq dostu Təhlükəsizlik Şurasının katibi Dmitri Medvedev fərqlənib.

“Moskva Gürcüstandan ayrılan Cənubi Osetiya və Abxaziya bölgələrini ilhaq edə bilər”.

Bu barədə o, Gürcüstan müharibəsinin başlanmasının və bitməsinin on beş illiyinə həsr olunmuş “Arqument i Facts” nəşrinə yazdığı məqaləsində yazır: “Nəhayət, Qərb daha bir vacib, lakin zəruri dərs çıxarmalıdır. 2008-ci ildə yaranmış təhdidləri aradan qaldırıb təhlükəsizliyi təmin edəndə Tiflisə hücumu dayandırdıq. Amma indi vəziyyət yenidən gərginləşir - görünür, sərhədlərimiz yaxınlığında Ukrayna cinahından əlavə daha bir gərginlik ocağı yaratmaq üçün. Yenə də Gürcüstanın NATO-ya qəbulu ilə bağlı söhbətlər gedir. Təlimata uyğun şəkildə, bu ölkədə rusofobiya partlayışları başlayıb”.

Medvedevə görə, Rusiyaya tarixin təkrarı - 2008-ci il lazım deyil. “Biz BMT Nizamnaməsi ruhunda danışıqlar masası arxasında problemləri həll etməyə hazırıq. Ancaq narahatlığımızın real konturları varsa, tərəddüd etməyəcəyik. Abxaziya və Cənubi Osetiyada Rusiyaya birləşmək ideyası hələ də populyardır. Və bunun üçün əsaslı səbəblər olduqda həyata keçirilə bilər”, - deyə rusiyalı siyasət qırğısı vurğulayıb.

Bu açıqlama, sözsüz ki, digər postsovet ölkələrinə də mesajdır, xüsusən də ərazisində rus icması, Rusiya pasportları daşıyanların olduğu keçmiş müttəfiq respublikalara.

Qeyd edək ki, Azərbaycan onsuz da NATO üzvü Türkiyə ilə müttəfiq, “ət-dırnaq” kimidir. Ordumuz mini-Türkiyə modelinə keçidi tamamlamaq üzrədir. Bu ilin yayından isə iki qardaş ölkənin vahid hava məkanını qoruyacaq ortaq “HAKİM” Hava Komandanlıq İdarəetmə Sistemi layihəsi reallaşmağa başlayıb. Şuşa Bəyannaməsi də öz yerində.

Yəni nə Azərbaycan Gürcüstandır, nə də Qarabağ Abxaziya və ya Osetiya. Azərbaycana hücum isə birbaşa NATO üzvü Türkiyəyə hücum demək olacaq və əksinə. O zaman alyansa üzvlük nəyimizə gərək? Yoxsa nə vaxtsa bu məsələ də gündəmə gələ, Rusiyanı qıcıqlandıra bilər?

musavat.com