10 May 2024
Martın 10-u Qızıl Aypara Günüdür

Martın 10-u Qızıl Aypara Günüdür

10 Mart 2023
Baxış: 601

Respublikamızın müasir ictimai və sosial həyatında Qızıl Aypara Cəmiyyəti özünəməxsus yer tutur, humanizm və könüllülük prinsiplərinə əsaslanaraq qayğıya ehtiyac duyan insanlara lazımi yardım göstərir

Humanizm və xeyriyyəçilik anlayışlarının kökləri qədim dövrlərə, təmənnasız könüllü fəaliyyətin əsasən ehtiyacı olanlara kömək göstərilməsi ilə məhdudlaşdığı vaxtlara gedib çıxır. Müasir dövrümüzdə bu anlayışların hər biri özlüyündə daha geniş məna daşımaqla cəmiyyətin sosial rifahı naminə bütün təmənnasız könüllü fəaliyyət növlərini əhatə edir. Azərbaycanda humanitar və xeyriyyəçilik dəyərlərini özündə təcəssüm etdirən Qızıl Aypara Cəmiyyəti məhz bu gün 1920-ci il martın 10-da Azərbaycan Respublikasının müdafiə naziri, general-leytenant Əliağa Şıxlınskinin təşəbbüsü ilə təsis edilmişdir. Yarandığı vaxtdan qurumun başlıca məqsədi də xeyirxah ideyalar olmuş, kimsəsizlərə, fəlakətlə üz-üzə dayananlara, ehtiyacı olanlara kömək göstərmişdir. Lakin 1920-ci ilin aprelində Azərbaycanda sovet hökuməti qurulduqdan sonra Qızıl Aypara Cəmiyyətinin də fəaliyyəti dayandırılmışdır. 1923-cü ildə yenidən həyata vəsiqə alan cəmiyyət 1991-ci ilə kimi özünəməxsus tarixi yol keçməklə ölkəmizdə xeyirxah ideyaların reallaşmasına mühüm töhfələr vermişdir.

Ulu öndər Heydər Əliyevin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin iyirminci qurultayına göndərdiyi təbrik məktubunda deyilir: “Qızıl Aypara Cəmiyyəti bu gün öz qüvvələrini səfərbər edərək, müstəqil Azərbaycan Respublikası qarşısında duran vəzifələrin yerinə yetirilməsində yaxından iştirak edir... Azərbaycan Respublikasının müstəqil dövlət kimi həyata keçirdiyi xarici siyasət beynəlxalq aləmdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin də fəaliyyət dairəsini genişləndirir, onun inkişafı üçün yeni perspektivlər açır”. Ümummilli liderin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinə də diqqət və qayğı artırılmışdır. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə bu cəmiyyət ölkəmizdə yeganə rəsmi humanitar təşkilat kimi tanınmışdır. 1995-ci il noyabrın 27-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının tam bərabərhüquqlu və daimi üzvü qəbul edilmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyevin 31 yanvar 2004-cü il tarixli “Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında”, 22 may 2007-ci il tarixli “Azərbaycan Qızıl Aypara Cəmiyyətində çalışan işçilərin əməkhaqlarının dövlət büdcəsindən maliyyələşdirilməsi haqqında”, 7 aprel 2008-ci il tarixli “Qızıl Aypara gününün təsis edilməsi haqqında” sərəncamları cəmiyyətin fəaliyyətinin dövlətimizin diqqətində olduğunun göstəricisidir. Sərəncamlara əsasən cəmiyyətin maddi-texniki bazası yaxşılaşdırılmış, icra hakimiyyəti və özünüidarəetmə orqanlarının cəmiyyətin yerli təşkilatlarının sosial, tibbi sağlamlıq və xeyriyyəçilik proqramlarının həyata keçirilməsinə köməklik göstərməsi təmin olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXIV Baş Məclisinə göndərdiyi məktubda söylənilən fikirlər cəmiyyətin fəaliyyətinə verilən qiymətin təzahürüdür: “Respublikamızın müasir ictimai və sosial həyatında Qızıl Aypara Cəmiyyəti özünəməxsus yer tutur, humanizm və könüllülük prinsiplərinə əsaslanaraq qayğıya ehtiyac duyan insanlara lazımi yardım göstərir”.

Qızıl Aypara Komitəsi bu gün də dövlətin qayğısından lazımınca bəhrələnir. Hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 7 regional mərkəzi, Naxçıvan Muxtar Respublikası Rayon Komitəsi və onun rayon və şəhər komitələri, 83 rayon və şəhər komitəsi, "Neft Daşları" və Azərpoçt, BTRİB, Tibb Universiteti, Texniki Universitet, rayon komitəsi vardır.

Cəmiyyət, Novruzəli Aslanov rəhbərliyi altında güclü maddi-texniki baza ilə təmin olunmuş, əməkdaşların səmərəli fəaliyyətinə hərtərəfli şərait yaradılmışdır.

Biz də Azərbaycan Yəhudi Media Mərkəzi olaraq bu gün 103-cü yaşını qeyd edən Azərbaycan Qızıl Aypara Cəmiyyətini başda cəmiyyətin prezidenti Novruzəli Aslanov olmaqla təbrik edir, hər bir əməkdaşına layiqli və şərəfli peşələrində uğurlar arzulayırıq!


Elsevər Məmmədov

jurnalist