27 Aprel 2024
İsveçrə parlamenti aviaşirkətlər üçün dövlət yardımına razılıq verib

İsveçrə parlamenti aviaşirkətlər üçün dövlət yardımına razılıq verib

05 May 2020
Baxış: 470

Koronavirus pandemiyası ilə əlaqədar dünyanın əksər ölkələrində olduğu kimi, İsveçrədə də hava nəqliyyatı ciddi çətinliklə üzləşib.

AJM xəbər verir ki, İsveçrə Parlamenti (Milli Şura) aviasiyanı 1,87 milyard İsveçrə frankı həcmində yardımla dəstəkləməyə razılıq verib. Həmin vəsaitin 1,27 milyard franklıq hissəsi “Lufthansa” konserninin tərkibində olan “Swiss” və “Edelweiss” aviaşirkətlərinə ayrılacaq bank kreditlərinə dövlət zəmanətindən ibarət olacaq. 600 milyon frank isə aviasiya sahəsində çalışan müəssisələrə kredit şəklində veriləcək.

İsveçrə hökuməti (Federal Şura) kreditlərin müəyyən şərtlərlə veriləcəyini də elan edib. Maliyyə departamentinin rəhbəri Ueli Maurer bildirib ki, yardıma müraciət edən şirkətlər bu il səhmdarlara dividend ödəməmək və eləcə də fəaliyyət məkanı kimi İsveçrəni tərk etməmək öhdəlikləri götürməlidir. Eləcə də Asiya sərmayədarlarının əlində olan şirkətlərə ayrılan yardımların İsveçrədə sərf edilməsi üçün də ayrıca iqtisadi mexanizm hazırlanır.

Qeyd edək ki, İsveçrə Parlamentinin bu həftə ərzində keçirilən növbədənkənar sessiyasında iqtisadiyyata ümumilikdə 57 milyard frank həcmində dövlət yardımının ayrılması müzakirə olunur. Parlamentin binasında deputatların məsafəli oturması mümkün olmadığına görə, iclaslar Bern Yarmarkasında keçirilir.