10 May 2024
İndi də “Lambda” ştammı gəlir: Azərbaycanda yoluxma buna görə artır

İndi də “Lambda” ştammı gəlir: Azərbaycanda yoluxma buna görə artır

10 Avqust 2021
Baxış: 638

Dünyada və ölkəmizdə vaksinasiya prosesi intensiv şəkildə davam etdirilir. Amma buna baxmayaraq, dünya üzrə epidemioloji vəziyyət getdikcə daha da ağırlaşır. Bu arada Azərbaycanda yeni növ koronavirus infeksiyasına 1289 yoluxma faktı qeydə alınıb. Göründüyü kimi, bizdə də yoluxma dörd rəqəmli sayla artmaqda davam edir.

Bəzi ekspertlər yoluxmaların bu cür artmasını vakinasiyanın yeni ştammlara qarşı qoruyucu olmaması ilə əlaqələndirirlər. Son günlər uşaqlar arasında müxtəlif virusların yayılması da narahatlıq doğurur. Bəs görəsən, bu gedişlə qapanmaları gözləyəkmi? Ölüm hallarının artması Azərbaycanda "Delta" stammının yayıldığına işarədirmi? Ənənəvi tədrisin bərpası da gündəm mövzusudur. Məktəblərin açılıb-açılmaması ilə bağlı əks fikirlər səsləndirilir...

Yeri gəlmişkən, ötən gündən Azərbaycanda istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə "Əks göstəriş sertifikat"ının verilməsinə başlanılıb. "Əks göstəriş sertifikat"ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa "Əks göstəriş sertifikat"ı veriləcək.

AJMEDİA.İNFO xəbər verir ki, mövzu ilə bağlı bu və digər suallara cavabı Yeni Müsavat-a infeksionist-hepatoloq Mərdan Əliyev verib:

"Hazırda koronavirusla bağlı vəziyyət çox da ürəkaçan deyil. Yoluxmaların sayı get-gedə artmaqdadır. Bu da təbii ki, "Delta" ştammı ilə, əhalidə maskalara qarşı biganəliyin olması, karantin qaydalarının yumşaldılması və toyların açılması ilə əlaqədardı. Toylarda da bildiyimiz kimi, maska taxmaq, sosial məsafələrə əməl etmək mümkün deyil və orada bir neçə nəfərdə xəstəlik aşkar və ya simptom formada olarsa, digərlərini çox asanlıqla yoluxdura bilirlər. Buna görə ölkədə koronavirusa yoluxma sayı artıq sürətlə artmaqdadır. Qapanmalar məsələsinə qaldıqda isə burada vaksinasiya prosesi aparılır, təbii immunizasiya ilə yoluxanlar, yəni özü yoluxub-sağalanlar var. Həm də yoluxub sağalanlar ikinci dəfə yoluxursa, virusu yüngül keçirirlər. Onlara xəstəxana şəraiti tələb olunmur və vaksin olunanlar da yoluxarsa, əksər hallarda xəstəxana şəraiti tələb olunmur. Düzdür, qızdırma və orta ağır dərəcədə xəstəliyi keçirirlər. Amma burada da xəstəxanaya yatmağa ehtiyac olmur və ölüm hallarının sayı da bu dediyim iki qrup arasında kifayət qədər azdır. Buna görə qapanmalara gedilməsinə bunların da təsiri var. Çünki xəstəxana şəraiti az tələb olunanda, xəstəxanalarda yer kifayət qədər olanda qapanmalara da çox gedilmir. Üzü payıza gedirik, payızda da yenə yoluxma sayında artım müşahidə olunacaq. Çünki artıq yoluxma üçün əlverişli fəsildir. Buna görə müəyyən qədər qapanmalar ola bilər. Amma ciddi məhdudiyyətlər gözləmirik".