30 Aprel 2024
İlham Əliyev - qalib komandan, tarixi zəfərin banisi!

İlham Əliyev - qalib komandan, tarixi zəfərin banisi!

29 Yanvar 2024
Baxış: 544

Müasir dövrdə güclü dövlət - iqtisadi yüksəliş, düzgün qurulmuş siyasi xətt, güclü ordu, sosial rifah və s. amillərlə xarakterizə edilir. Lakin sadalanan amillərin hamısının önündə dövləti idarə edən, onu dirçəldən, bütövlüyünü və haqqını qoruyan, siyasi arenada layiqincə təmsil edən bacarıqlı, ağıllı, uzaqgörən lider gəlir. Tarixi təcrübə göstərir ki, bütün dövrlərdə bu bacarıqları ilə seçilən şəxsiyyətlərin uğurlu idarəeməsi nəticəsində ölkələrinin adları əsrlər keçsə də xatırlanır, əbədiyaşar qalır.

Əsrlər boyu köklü dövlətçilik tarixi olan xalqımızın tarixinə nəzər saldıqda taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan bir sıra tarixi şəxsiyyətlərin varlığını görürük. Bu görkəmli siyasi xadimlər xalqımızın tarixində gördükləri böyük işlər və əməllərlə əbədiyyət qazanmışlar. Belə tarixi şəxsiyyətlər içərisində xalqımızın Ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, dahi lider Heydər Əliyevin xüsusi rolu var. Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə qədərki tarixinin otuz beş illik qocaman bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

2003-cü ildə Ulu öndər prezident seçkiləri ərəfəsində demişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bu gün Azərbaycan Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevlə dövlətçilik tarixinin zirvəsini yaşayır. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev prezident kimi bütün dünyada nüfuzlu siyasi portretə malikdir. Xalq isə öz liderini sevir. Bu, hər hansı bir pafoslu ifadə, mübaliğə deyil, bu, həqiqətdir. Xalqı ona görə prezidentini sevir ki, o, lider seçilən gündən xalqın taleyini öz taleyinə çevirdi, xalqına inandı, xalqını qorudu, ölkənin ən dəyərli sərvətini vətəndaşları hesab etdi. Ölkə başçısı kimi heç zaman Azərbaycan dövlətinin milli maraqlarından daha öndə siyasət yönəltmədi, ən əsası heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə deyil, müstəqil siyasət müəllifi oldu. Bu siyasi yol Azərbaycanda siyasi sabitlikdə, sosial rifahda, uğurlu xarici siyasətdə, iqtisadi gücdə, güclü orduda öz təsdiqini tapdı.

Əgər biz Prezident İlham Əliyevin rəhbərliyinin hazırki dönəmində ölkəmizdəki ictimai-siyasi mühiti qiymətləndirsək, onu bir neçə nümunədə göstərə bilərik. Bilirik ki, bir ölkənin ictimai- siyasi sabitliyinə xələl gətirən bir neçə nüans var. Əlbəttə ki, sabitliyin birinci qarantı xalqdır. İkinci nüans dini qurumlar, siaysi institutlar, ictimai-siyasi təşkilatlar, vətəndaş cəmiyyətləridir.

Biz bu nüanslara öz ölkəmizin nümunəsində baxsaq, görürük ki, Azərbaycan xalqı İlham Əliyevin hakimiyyətini dəstəkləyir, yürütdüyü siyasətdən razıdır. Çünki bu siyasətin özəyində Azərbaycan xalqının maraq və mənafeləri nəzərə alınır və həyata keçirilməsi üçün əməli addımlar atılır. Digər tərəfdən sadalanan vətəndaş cəmiyyətləri, siyasi institutlar və s.-nin maraqları nəzərə alınır, onların fikirləri dinlənilir, mütəmadi görüşlər, dialoqlar aparılır. Nəticədə ölkəmizdə ictimai-siyasi sabitlik Prezidentin rəhbərliyi altında özünün qızıl dövrünü yaşayır.

Ötən 21 ildə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında bir çox uğura imza atıb. Ən böyük uğurlar arasında sosial-iqtisadi inkişaf yolu gəlir ki, burada mühüm nəticələr əldə edilib. Ölkə başçısının hələ birinci prezidentliyi dövründə sürətləndirilən iqtisadi islahatlar və həyata keçirilən iqtisadi inkişaf proqramları nəticəsində bu sahədə keçid dövrü uğurla başa vurulub. Ən əsası Azərbaycan iqtisadi baxımdan "aşağı gəlirli ölkələr" arasından "yuxarı-orta gəlirli ölkələr" siyahısına yüksəlib.

İqtisadiyyatın digər qollarına nəzər saldıqda, təhsil, səhiyyə, nəqliyyat, enerji, turizm, kənd təsərrüfatı, informasiya texnologiyaları sahələri üzrə işlərin bütünlükdə yenidən qurulması və imkanlarının xeyli genişləndirildiyini gözəçarpacaq dərəcədə hiss edirik. Ötən onilliklər ərzində İlham Əliyev imzalı sistemli siyasi strategiyanın nəticəsində istifadəyə verilən yüzlərlə səhiyyə, turizm, eləcə də təhsil müəssisələri, yeni avtomobil yolları, bütün regionların elektrikləşməsi, qazlaşdırılması kimi böyük layihələrin həyata keçirilməsinin şahidi oluruq.

Prezident İlham Əliyev çıxışlarının birində deyib: “Biz ölkə iqtisadiyyatının uzunmüddətli və dayanıqlı inkişafını güclü sosial siyasət aparmadan təmin edə bilməzdik. Bu məqsədlə Azərbaycanda çox güclü sosial siyasət aparılır. Bu siyasət özünü müxtəlif istiqamətlərdə büruzə verir”. Təbii ki, bu istiqamətlərdən ən vacibi də yeni iş yerlərinin açılmasıdır. Açılan yeni iş yerləri əhalinin sosial təminatını gücləndirməklə yanaşı, ölkənin iqtisadi inkişafını da sürətləndirir. Azərbaycanın əmək bazarının təkmilləşdirilməsi və əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində qazandığı uğurlar nüfuzlu Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda da yüksək qiymətləndirilib. Əmək bazarının səmərəliliyi üzrə ölkəmizin mövqeyinin dünyanın ən mötəbər reytinqində yaxşılaşması Prezidentin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin respublikamızın dayanıqlı inkişafını təmin etməklə yanaşı, əmək bazarında da davamlı inkişaf meyillərinə şərait yaratdığını təsdiqləyir.

Bir azərbaycanlı kimi fəxrlə qeyd edəcəyim uğurlar sırasında həyata keçirilən böyük enerji və nəqliyyat layihələri var. Bu böyük enerji və nəqliyyat layihələri Azərbaycanın tranzit imkanları artırıb, eyni zamanda qlobal enerji və nəqliyyat təhlükəsizliyinə mühüm faydalar verib. Məhz Prezidentin rəhbərliyi dövründə TANAP, TAP, BTQ kimi transmilli layihələr, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri üzrə layihələr həyata keçirilib.

Azərbaycan liderinin gərgin əməyi nəticəsində iqtisadiyyat tariximizdə ilk dəfə olaraq müdafiə sənayesi strateji sahəsi formalaşıb. Qürurla qeyd etmək lazımdır ki, hazırda Azərbaycanda mindən çox adda müdafiə sənayesi məhsulu istehsal edilir və bunların önəmli hissəsi ixrac olunur.

Bu günün reallığı onu deməyə əsas verir ki, regionda baş verən bütün əsas məsələlər Azərbaycan dövlətinin iradəsi ilə həll edlir. Təbii ki,bu, İlham Əliyevin qurduğu güclü dövlət, güclü ordu sayəsindədir. Danılmaz gerçəklikdir ki, ölkə başçısı 20 illik hakimiyyəti dövründə ordu quruculuğunu ən vacib məsələ kimi diqqətdə saxlayırdı. Bütün bu hazırlığın yalnız bir amalı vardı - Azərbaycan Ordusunu elə bir hazırlıq səviyyəsinə qaldırmaq ki, işğal altındakı torpaqlarımızı qısa müddətdə azad etmək iqtidarında olsun. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir. Dövlət başçısı eləcə də Ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədə saxlayan komandandır. Bunun nəticəsidir ki, hazırda Azərbaycan möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan qalib ordusu ilə fəxr edir. Yüksək intellekti və uzaqgörənliyi sayəsində Prezident elə bir ordu qurdu ki, bu ordu dünya hərb tarixində ilklərə imza atdı, əzəli və əbədi, ayrılmaz parçamız Qarabağda keçirdiyi hərbi əməliyyatlarla hərb tarixində yeni səhifə açdı. Güclü Azərbaycan Ordusuna cəmi 44 gün kifayət etdi ki, Azərbaycan dövlətinin gücünü, xalqımızın mübarizə əzmini - sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirsin. Azərbaycan möhtəşəm qələbə qazanmaqla tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail oldu.

Qısa müddətdə belə tarixi qələbəyə imza atmaq, düşməni diz çökdürmək dünyanın diqqətini Azərbaycan liderinə, onun qurduğu güclü Azərbaycan Ordusuna, onun həyata keçirdiyi hərbi əməliyyatlara yönəltdi. Artıq təkcə ermənilər deyil, onlara havadarlıq edənlər, onlara hərbi-siyasi dəstək verən böyük güclər də Azərbaycan xalq-iqtidar birliyinin gücündən doğan qələbə əzmini qəbullanmalı oldu.

Azərbaycan Ordusu dünya hərb tarixində adı hələ uzun illər önlərdə çəkiləcək daha bir hərbi əməliyyatını da Ali Baş Komandanın rəhbərliyi ilə gerçəkləşdirdi. 24 saatdan da az müddətdə yekunlaşan lokal xarakterli antiterror tədbirləri öz real nəticəsini verdi. Nəticədə Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq silahı yerə qoyub təslim oldular.Xankəndində üçrəngli Azərbaycan bayrağı dalğalandı.

Lakin Ali Baş Komandanımızın qələbə istəyi yalnız hərbi əməliyyatlarla yekunlaşmırdı. Onun rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarımızda şəxsən özünün bayraq sancması, hərbi parad keçirilməsi, əhalinin öz ata-baba yurdlarına köçürülməsi, yerli sakinlərlə məhz öz yurdlarında görüşlər keçirməsi, Xankəndidə futbol oyununun təşkili və nəhayət tarixi ədalətin bərpası ilə Xocalı qatillərinin həbs edilib Bakıya gətirilməsi də tarixi qələbəmizin çoxşaxəli nəticələrindən idi.

Sadalanan bütün sahələr və əldə edən uğurlar nəticəsində Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin güclü və nüfuzlu aktoru kimi çıxış edir desək, yanılmarıq. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren, eləcə də yüksək beynəlxalq nüfuza malik dövlətinə çevrilib. Başqa sözlə, ölkəmizin beynəlxalq münasibətlər sistemində beynəlxalq mövqeyi getdikcə güclənməkdədir ki, bu da birbaşa İlham Əliyevin siyasi portreti sayəsində mümkün olub.

Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan xalqı XX əsrin 60-cı illərindən etibarən atdığı addımlar, doğru lider seçimi nəticəsində bu gün tarixinin ən yüksək, güclü, firavan, qüdrətli dövrünü yaşayır. Xalqın Ümummilli lider Heydər Əliyevə arxalanması, onun yetişdirdiyi və uğurla yolunu davam etdirən İlham Əliyevə inamı, qarşıya qoyulan məqsədlərimizi gerçəkliyə çevirdi. Bir zamanlar bir çoxumuz üçün xülya kimi görünən Azərbaycanın beynəlxalq müstəvidə tanınması, söz sahibi olması, öz taleyinin yazarı olması, nüfuz qazanması, etibarlı tərəfdaşa çevrilməsi, nəhəng enerji layihələrində yer alması, bütün sahələri əhatə edən yenidənqurma və bərpa işləri, milli maraqların qorunması və təbliği Ali Baş Komandan, Prezident İlham Əliyev siyasəti və imzası ilə gerçək oldu.

Məhz bu səbəblərdən xalq, ömrünü Azərbaycan xalqına həsr edən oğlunu böyük məhəbbətlə sevir, onun çağırışlarına ali misiya kimi baxır, onun ən birinci və daimi dətəkçisidir. Bu birliyin Azərbaycan adını daha uca zirvələrə daşıyacağına heç bir şübhəm yoxdur.

Sonda Cənab Prezident İlham Əliyevə həsr etdiyim, “Qalib Komandan" tarixi əsərindən bunları söyləməyi özümə borc bildim:

Bu gün bizi xoş sabaha daşıyan

Ərənləri zəfərlərdə danışan

Qəlbi daim millətilə yaşayan,

Dünyaya türkün gücün aşılayan

Xalqın tarixi qəhrəmanı

Bu günü, sabahı, hər anı, Ali Baş Komandanı!

.

.

Azərbaycan Yazıçılar Birliyi (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, müstəqil araşdırmaçı jurnalist, yazıçı-publisist

Aydın Tağıyev