26 Aprel 2024
Hande Harmancı: Azərbaycan dünyadakı ən yaxşı təcrübələri tətbiq edərək pandemiyanın qarşısını almağa çalışır

Hande Harmancı: Azərbaycan dünyadakı ən yaxşı təcrübələri tətbiq edərək pandemiyanın qarşısını almağa çalışır

24 Aprel 2020
Baxış: 390

Hazırda dünyada 2,5 milyondan çox insan COVID-19 virusuna yoluxub, onlardan 170 mindən çoxu dünyasını dəyişib. Qərbi Avropada pandemiya ilə bağlı vəziyyət sabit və yoluxma halları azalmaqdadır. Afrika, Mərkəzi və Cənubi Amerika və Şərqi Avropada artan tendensiyaları müşahidə edirik. Əksər ölkələr hələ epidemiyanın ilk mərhələsindədirlər. Pandemiyanın təsirinə daha çox qalmış bəzi ölkələrdə yoluxma hallarının yenidən artımını görürük. Buna görə də səhvə yol verməməliyik, çünki virus hələ də təhlükəlidir.

AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi online mətbuat konfransında deyib.

O, həmçinin deyib: “COVID-19-la mübarizədə Azərbaycan hökuməti ilə belə yaxın münasibət qurmağımız bizi məmnun edir. Mütəmadi görüşlər, habelə xüsusi müzakirələr, danışıqlar vasitəsilə TƏBİB, İTSDA və Səhiyyə Nazirliyi ilə davamlı olaraq ünsiyyətdəyik. Azərbaycan dünyadakı ən yaxşı təcrübələri tətbiq edərək pandemiyanın qarşısını almağa çalışır. Bunun müsbət nəticələrini həm yoluxma hallarının sayının aşağı olmasında, həm də əhalinin maarifləndirilmə səviyyəsində görürük.

ÜST yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində virusun yayılmasının qarşısının alınması üçün öz səylərini davam etdirir. Biz, həmçinin bu xəstəliklə bağlı stiqma və ayrıseçkiliyə qarşı da mübarizə aparırıq. Stiqma və ayrıseçkilik qəbuledilməzdir və hər kəs ona qarşı mübarizə aparmalıdır. ÜST pandemiyanın psixi sağlamlığa təsirlərini aradan qaldırmaq üzərində fəal işləyir. Dünyadakı psixi sağlamlıq mütəxəssisləri ilə birlikdə pandemiya dövründə işləyən şəxslər və tibb işçilərinin gərgin əməyini nəzərə alaraq təlimat hazırlamışıq. Bundan əlavə, tərəfdaşlarımızla birlikdə COVID-19 haqqında uşaqlar üçün kitab ərsəyə gətirmişik. Bu yaxınlarda Azərbaycan hökumətinin dəstəyi ilə kitabın Azərbaycan dilində versiyası hazır olacaq”.

H.Harmancının sözlərinə görə, COVID-19-un müalicəsi ilə bağlı xoş xəbərlər gəlməkdədir. O bildirib ki, insan üzərində ilk peyvənd sınağına artıq başlanılıb.