09 May 2024
“Ermənilərlə sülh olmalıdır, xalqlar əbədi olaraq düşmən qala bilməz” - Millət vəkili Aqil Abbas

“Ermənilərlə sülh olmalıdır, xalqlar əbədi olaraq düşmən qala bilməz” - Millət vəkili Aqil Abbas

17 Fevral 2022
Baxış: 677

Azərbaycan Prezidenti İlham Əliyevin Ağdam “Cümə” məscidi önündə verdiyi açıqlama hər kəsə dərin təsir edib. Prezident deyib ki, müharibədən sonra Ağdama üçüncü səfəridir və hər dəfə buraya gələndə, ürəyi ağrıyır.

Bu hissləri Ağdamda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Cəbrayılda olan hər bir azərbaycanlı yaşayır və yaşayacaq. Ermənilər vəhşi, bir gerilikçi tayfa kimi işğal etdikləri ərazilərimizi xaraba qoyub, daş-torpağını söküb aparıb. Bu ərazilərdə bir dənə də olsun salamat tikili yoxdur. Erməni vandalizmi bizim hər birimizin ürəyinə dağ çəkib. On minlərlə soydaşımızı həlak edən, yurd-yuvamızı dağıdan bir toplumla bizim ortaq gələcəyimiz ola bilərmi?

Zəfərdən sonra rəsmi səviyyələrdə ermənilərlə Qarabağda bir arada yaşamaq zərurəti və mümkünlüyündən danışılır, bəyanat verilir. Lakin gerçək səhnə başqadır - azərbaycanlılar bütün bunlardan sonra ermənilərlə ortaq, birgə yaşayışı təxmin edə bilirmi, mümkün sayırmı? Biz onların bizə qarşı etdiklərini necə unuda bilərik? Belə bir gələcək gələcəkmi?

Bu suallarla müraciət etdiyimiz tanınmış azərbaycanlıların, rəy liderlərinin, Qarabağ doğumlu ictimai-siyasi xadimlərin, sənət adamlarının cavablarını oxucularımıza təqdim edirik.

Əslən Ağdamdan olan millət vəkili Aqil Abbas bildirdi ki, ermənilərlə birgə yaşamağımız üçün hələ xeyli zaman lazımdır: “Əgər ermənilər öz iddialarından əl çəksələr, birgə yaşayış mümkün ola bilər. Lakin buna da zaman lazımdır, çünki yaralar çox ağır və dərindir. Söhbət təkcə şəhərlərin vəhşiliklə dağıdılmasından, xarabaya çevrilməsindən getmir. On minlərlə günahsız dinc insanlarımız qırılıb, kütləvi soyqırımlar törədilib. Bütün bunlar ağırdır.

Şəxsən mənim üçün də bu çox ağırdır. Mənim də evimdən şəhid gedib, dostlarım qırılıb. Ağdamda mənimlə oxuyan uşaqların demək olar ki, 60-70 faizi şəhid olub. Bu mənada yara hələ dərindir... Amma əvvəl-axır sülh olmalıdır, xalqlar əbədi olaraq düşmən qala bilməz. Bunun üçün də Qarabağda yaşayan ermənilər vətəndaşlığımızı qəbul etməlidirlər, bundan sonra məsələyə baxmaq olar.

Düşünürəm ki, erməni xalqı da müharibə istəmir. Erməni anaları istəməz ki, oğulları Qarabağda ölsün. Xatırlayırsınızsa, Prezidentimiz də səslənirdi ki, “sənin Ağdamda və yaxud digər bölgələrimizdə nə işin var idi?.. ” Onların da arasında barış olmağını istəyənlər var ki, Paşinyana səs verdilər. Yəni sülhə meyl var. Çalışırlar ki, Türkiyə ilə yollar açılsın, ticarəti, iqtisadiyyatı inkişaf etsin. Bunu istəməyənlər Nyu-Yorkda və yaxud Fransada oturub, qabağında viski olanlardır. Onların nə vecinədir ki, Ermənistan, ermənilər nə gündədir?"

Xalq artisti, əslən Ağdamdan olan xanəndə Mənsum İbrahimov:

“O torpaqda doğulan sənətkar kimi deyə bilərəm ki, Qarabağ işğaldan azad olunduqdan sonra mən də Ağdamda üç dəfə olmuşam. Hər dəfə də möhtəşəm şəkildə qoyub çıxdığımız Ağdamı indi bu vəziyyətdə görəndə ürəyimizdən qara qanlar axır. Ağdam indi bir ruhlar şəhərinə, xarabalığa çevrilib. Bunu ancaq vəhşi, vandal edə bilər. Biz görmüşük ki, əsgər əsgərlə, ordu orduyla döyüşər. Əsgər ölülər, qəbiristanlıqlar, abidələr, məscidlərlə döyüşməz. Bu qədər vandallıq insanlıq tarixində görünməyib.

Bakupost.az - "Qızım 10 ildir XİN-də çalışır" - Mənsum İbrahimov

Mənsum İbrahimov: “Nə onlar Qarabağdan gedəsidir, nə də ki, biz oradan köçəsiyik, buna görə də... ”

Əlbəttə ki, müharibələr heç vaxt əbədi olmayıb və sonu həmişə sülhlə bitib. Düşünürəm ki, sülh lazımdır. Çünki nə onlar Qarabağdan gedəsidir, nə də ki, biz oradan köçəsiyik. Buna görə də sülh imzalanmalı, sərhədlər müəyyənləşməlidir.

Lakin bir şeyi də deyim ki, erməni dövləti əbədi və əzəli bizim düşmənimizdir. Burada dostluqdan söhbət gedə bilməz. Yəni mütləq şəkildə sülh olacaq və olmalıdır. Amma Xocalı faciəsini və digər vəhşilikləri biz heç zaman unuda bilmərik".

Akif Nağı — Vikipediya

Akif Nağı: “Ermənilər düşünməlidirlər ki, bu qədər vəhşiliklərdən sonra nə etməlidirlər ki, biz onlarla münasibətləri normallaşdıra bilək”

Qarabağ Azadlıq Təşkilatının sədri, əslən Ağdamdan olan Akif Nağı da qeyd etdi ki, Prezidentimiz təkcə dövlət başçısı kimi deyil, həm də bir azərbaycanlı kimi Ağdamda, digər yerlərdə erməni vəhşiliyinin törətdiyi xarabalıqlardan ürək ağrısı keçirdiyini dilə gətirib:

“Həqiqətən də, hər bir azərbaycanlı, xüsusən də həmin bölgələrin sakinləri, yurd-yuvasından illərlə didərgin salınmış insanlar bu mənzərələri görəndə dəhşətə gəlir.

Bundan sonra da bizə deyirlər ki, ermənilərlə barışmalıyıq, onlarla birgə yaşamalıyıq... Bu, həddindən artıq çətindir. Ermənilər düşünməlidirlər ki, bu qədər vəhşiliklərdən sonra nə etməlidirlər ki, biz onlarla münasibətləri normallaşdıra bilək.

Məlum olduğu kimi, ermənilərin bizə qarşı törətdikləri vəhşiliklər ilk dəfə deyil. Hələ 20-ci əsrin əvvəllərində ermənilər dəfələrlə vəhşiliklər, soyqırımlar törətmişdilər. Sadəcə, sovet rejimi bu vəhşilikləri ört-basdır etmişdi ki, üzə çıxmasın. Yəni onlar düşmənçiliklərindən heç vaxt geri qalmayıblar. Daha sonra 90-cı illərdə törətdikləri vəhşiliklər insanlığa sığmayan cinayətlərdir. Ermənilər Qarabağ müharibəsindən bir dənə də olsun fakt göstərə bilməzlər ki, bizim əsgərlərimiz onların dinc əhalisinə qarşı hər hansı vəhşilik, qırğın törətmiş olsun. Kiçik bir fakt olsaydı belə onu tapıb, şişirdərdilər. Amma baxın, ermənilər bizə qarşı nə qədər vəhşiliklər edib. Onların arasında təkcə Xocalı, Qaradağ faciəsini göstərmək kifayətdir. Ermənilər hər addımlarında Azərbaycana qarşı nifrətlərini nümayiş etdiriblər.

Ona görə də indi onlarla münasibətlərin normallaşması çox çətin məsələdir. Bu məsələ ilk növbədə onların törətdikləri cinayətləri etiraf və tövbə etməsindən keçir. Lakin onların bu fikirdə olduqları görünmür. Əksinə, özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib. Bu baxımdan yenidən birgə, mehriban yaşayış çətin olacaq.

Hər halda, biz humanist xalq, millətik. İndi quruculuq işlərimizlə məşğul olmalıyıq. Zaman, tarix hər şeyi göstərəcək".

Musavat.com saytının baş redaktoru, əslən Füzulidən olan Xalid Kazımlı qeyd etdi ki, bu xüsusda gerçək mənzərə çox acıdır:

“İşğaldan qabaq həmin rayonların birində yaşayan, o birilərini də ziyarət edən adam kimi rayonlarımızın işğaldan azad olunandan sonrakı halını görmək çox ağırdır. Hesab edin ki, İsrail boyda bir dövlət darmadağın edilib, xarabalığa çevrilib. Abad bir mahalı bərbad etmək işində təkcə silahlı erməni separatçıları yox, az qala Dağlıq Qarabağ ərazisində yaşayan bütün yetkin ermənilər iştirak edib. Onlar maşınlara doluşub gəlib, topdağıtmaz evləri kərpic-kərpic, şiver-şifer, tir-tir söküb aparıblar, ürəkləri soyumayıb, apara bilmədiklərini yandırıb, daş qalağına çeviriblər.

Xalid Kazımlı evə buraxıldı

Xalid Kazımlı: “Bu gedişlə ən azı yüz il birlikdə və mehriban yaşamaq mümkün olmayacaq, çünki... ”

Bizə 100 milyard dollar civarında zərər vurulub və bunun 1 faizini belə onların ödəmək fikirləri, hətta imkanları da yoxdur. Amma biz yenidən birlikdə, iç-içə yaşamalıyıq. Dünya birliyi də belə istəyir, beynəlxalq hüquq da bunu tələb edir. Şəxsən mən mümkün hesab etmirəm. Bu gedişlə ən azı yüz il birlikdə və mehriban yaşamaq mümkün olmayacaq. O zaman olar ki, ermənilər indiki təfəkkür tərzindən, ritorikalarından imtina etsinlər, islah olunsunlar, region ağalığı ambisiyalarından, böyük dövlət qurmaq xülyalarından əl çəksinlər. Baxaq, görək, onların belə bir fikri varmı? Yoxdur. Hətta daha da aqressivləşiblər, əvvəlkindən daha artıq qisasçı ovqata kökləniblər. Ona görə də biz kiminlə qonşu olduğumuzu heç vəchlə unutmamalıyıq”.

“Yeni Müsavat” qəzetinin direktoru, əslən Ağdamdan olan Ələsgər Süleymanov:

“Tale elə gətirib ki, uşaqlıq illərimdə həm Ağdamda, həm də Bakıda ermənilərlə qonşu olmuşuq. Doğrudur, Bakıda olan ermənilər bizə başqa cür yanaşır, yaxşı münasibətdə olmağa çalışırdılar, lakin Qarabağda vəziyyət bir qədər başqa idi.

Düşünmürəm ki, 30 il ərzində baş vermiş hadisələr, faciələr, erməni vandalizmi tez unudulsun, yaddan çıxsın. Əvvəla, çox ciddi yaralar var. İkincisi, viran qoyulmuş əraziləri, torpaqları görəndə insanda o millətə qarşı daha da böyük kin yaranır. İnsanlıq, mərhəmət hiss olmayan bir xalqla necə yanaşı, birgə, mehriban yaşamaq olar?

Qarabağa səfərlərdə tanınmış imzalar unudulur - reaksiyalar

Ələsgər Süleymanov: “İnsanlıq, mərhəmət hissi olmayan bir xalqla necə yanaşı, birgə, mehriban yaşamaq olar?”

Beləliklə, bundan sonra Qarabağda azərbaycanlılarla ermənilərin əvvəlki kimi birgə, mehriban yaşaya biləcəyini sanmıram. Ola bilər ki, şərtlər bunu diktə etsin. Lakin qeyd etdiyim kimi, onların törətdikləri vəhşiliklər, cinayətlər, tökdükləri qan uzun müddət unudulmayacaq".

“Yeni Müsavat” qəzetinin jurnalisti, əslən Kəlbəcərdən olan Etibar Seyidağa isə bildirdi ki, Prezident İlham Əliyev Azərbaycan xalqının mövqeyini ifadə edir:

“Mən də bir Azərbaycan vətəndaşı kimi hesab edirəm ki, müxtəlif beynəlxalq təşkilatlar, dövlətlər ilk növbədə Ermənistanın həqiqətən də sülhə, Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olub-olmadığını dəqiqləşdirsinlər. Azərbaycan sülhə hazır olduğunu Ermənistan 44 günlük müharibədə diz üstə çökərkən 10 noyabr bəyanatına imza atmaqla rəsmən ortaya qoyub. Ermənistan isə hələ də o bəyanatın tələblərinə əməl etmir.

Etibar Seyidağa: “Dövlətlər ilk növbədə Ermənistanın həqiqətən də sülhə, Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olub-olmadığını dəqiqləşdirsinlər”.

Məsələnin digər tərəfinə gəlincə, ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmir, Azərbaycan dövlətini tanımırlar, separatçılıq mövqeyində qalırlar. Belə olduğu təqdirdə, eyni zamanda 30 ilə yaxın Azərbaycan xalqına qarşı həyata keçirilən terror, işğal faktları olduğu halda ermənilərlə birgə yaşayış mümkün deyil".

Əməkdar artist, “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, əslən şuşalı olan Tahir İmanov:

Şərt qoydular ki, bu nazirləri tənqid etməyin – Tahir İmanov

Tahir İmanov: “Sülh müqaviləsi mütləq imzalanmalıdır, lakin... ”

“Ölkə Prezidenti xalqımıza istiqamət göstərdi ki, sülh müqaviləsi imzalanmalıdır, yəni bu mütləq olmalıdır. Lakin biz heç zaman törədilən vəhşilikləri unutmamalıyıq. Baş verənlər artıq birdəfəlik bizə dərs olmalıdır.

Bir daha qeyd edirəm ki, gec-tez dövlətlər arasında sülh müqaviləsi bağlanacaq, biz onlarla qonşu kimi yaşamaq məcburiyyətindəyik. Ona görə də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində əlimizdən gələni etməliyik ki, bu sülh baş versin. Bu istiqamətdə də bütün addımlar atılır".(Musavat.com)

AJMEDİA.İNFO