26 Aprel 2024
"Azərbaycanı uzun müddət anlamaqda davam etməyəcəyik” - Zelenski əslində NƏ DEMƏK İSTƏYİR?

"Azərbaycanı uzun müddət anlamaqda davam etməyəcəyik” - Zelenski əslində NƏ DEMƏK İSTƏYİR?

25 Aprel 2022
Baxış: 461

Ukrayna lideri Volodimir Zelenskinin ölkəmizin dəstəyi haqda söylədikləri Azərbaycan cəmiyyətində ciddi müzakirə mövzusudur. Zelenski Bakının tibbi, humanitar və digər yardımlarını yüksək qiymətləndirib, Azərbaycanla, xüsusən İlham Əliyevlə əlaqələrdən ağız dolusu danışdı, silah dəstəyinin göstərilməsinin Azərbaycan üçün çətin məsələ olduğu və bunu anladıqlarını vurğuladı. Amma bu vurğudan sonra “amma daha çox dəstək gözləyirik, uzun müddət anlamaqda davam etməyəcəyik” sözləri əks-reaksiyalara səbəb oldu.

Ümumiyyətlə, Ukrayna rəsmilərinin Rusiya aqressiyasına qarşı digər ölkələrdən yardım xahişlərini tələb səviyyəsinə çevirməsi adi hal alıb. Bunun isə bir neçə səbəbi var:

Əvvəla, Ukrayna 1994-cü ildə Budapeşt memorandumuna imza ataraq nüvə silahından könüllü imtina edərkən və 1700 başlığı bütün detalları ilə Rusiyaya göndərərkən, təhlükəsizlik təminatını da Rusiya, ABŞ və Britaniyadan almışdı. Təhlükəsizlik təminatı verən ölkələrdən biri – Rusiya 2014-cü ildən Ukraynanı işğal etməklə məşğuldur, ABŞ və Britaniya – Qərbin əsas aparıcı qüvvələri isə 28 fevrala qədər (müharibə başlayandan 5 gün sonraya - !) bu dövlətin suverenliyini qorumaq üçün təhlükəni üzərlərinə çəkməyi belə düşünmürdülər.

İkincisi, Ukraynada müharibəyə birbaşa müdaxilə etməyəcəyini az qala hər gün bəyan edən ABŞ və Britaniyanın əslində bu müharibəyə birbaşa qoşulmaq öhdəliyi var. Amma bu, yalnız ABŞ və Britaniyaya aid deyil.

BMT Nizamnaməsinə görə, BMT üzvü olan heç bir ölkə digər ölkənin ərazisinə hücum edə və onun ərazisini işğal edə bilməz, bütün mübahisələr diplomatiya yolu ilə çözülməlidir. Müharibə elanı yalnız ciddi şəkildə əsaslandırılmış formada və dövlətin təhlükəsizliyi təhdid altına düşdükdə, başqa heç bir yol olmadığı halda qəbul edilə bilər. Bundan ötrü isə mütləq həmin faktlar BMT-yə təqdim edilməli və sübuta yetirilməlidir.

Ukrayna son günə qədər diplomatiyadan imtina etməyib (indi də etmir) və Zelenski hər zaman Putinlə görüşə can atıb. BMT-də Ukraynaya müharibə səbəbini əsaslandıra bilməyəcəyini anlayan Rusiyanın hərbi işğalı “xüsusi hərbi əməliyyat” adlandırmasının səbəbi budur.

Ancaq necə adlandırmasından asılı olmayaraq, hər kəs yaxşı görür ki, Rusiya arsenalında olan bütün silahlardan istifadə etməklə Ukraynada qanunsuz, ədalətsiz və işğalçı müharibə aparır.

“Qanunsuz” və “ədalətsiz” sözlərindən xüsusi istifadə etməyimizin səbəbi BMT Nizamnaməsidir. Müharibədən başqa yol olmadığını sübut etmədən hansısa ölkəyə hüqum “qanunsuz” və “ədalətsiz” sayılır və BMT üzvü olan istənilən ölkənin qanunsuz və ədalətsiz müharibə zamanı hücuma məruz qalanın tərəfində döyüşmək hüququ var.

Yəni Ukraynada müharibəyə istənilən ölkə qanunsuzluğa etiraz və təhlükəsizliyinin təhdidi səbəbindən qoşulma hüququna malikdir - hətta bəzi maddələrə görə, bu, öhdəlikdir.

Üçüncüsü, Ukraynaya hücum edən Rusiyaya qarşı ilk gündən savaşmağı kimsə ağlından keçirmədi; əvvəlcədən qurulan ssenariyə görə, Rusiya qısa müddətdə Ukraynanı götürməli idi. Yalnız bundan sonra sanksiyalar və daxildəki partizan savaşları ilə illər ərzində Rusiya çökdürüləcəkdi.

Qərbin bu ssenarisində Zelenskinin və Ukraynanın qurbanlıq olduğu açıq-aşkar idi. Zelenski və Ukrayna isə günlərlə dözdü, rus ordusuna sürətli işğala imkan vermədi. Yalnız bundan sonra Zelenski və komandasına ciddi dəstək başladı.

Bu baxımdan Zelenski və komandası xahişləri tələb kimi səsləndirirlər.

Ukrayna tələb edir: qurban biz olduq, amma biz canımız bahasına sübut etdik ki, Rusiya aqressiyasını dayandıra bilərik, ona görə də bizə kömək etmək sizin borcunuzdur.

Zelenskinin bu tələbinin arxasında Qərb ölkələrinin xalqlarının dəstəyi də misilsizdir və s.

Zelenski – Ukrayna həm də sanki qaranlıqla işıq, şərlə xeyir arasında gedən mübarizənin simvoludur və bu mübarizənin ortasında ölüm-dirim savaşı aparan Ukraynanın ölkələri qiymətləndirməsi beynəlxalq hüquq-müdafiə, söz azadlığı və yaxud maliyyə təşkilatlarının dəyərləndirməsindən daha öndə gəlir; az qala ölkələrin demokratiya “dərəcəsini”, insan haqlarının qorunub-qorunmadığını, hətta hansı ölkənin investisiya üçün münbit şərait yaratdığı da Zelenskinin meyarı ilə ölçülür.

Bu prizmadan qayıdaq Azərbaycana: Zelenski hansı əsasla “biz uzun müddət başa düşməyə davam etməyəcəyik” deyə, sanki Bakını hədələyir?

Zelenskinin bu sözlərini mətn formasında oxuyarkən, narazılıq bildirmək mümkündür. Azərbaycan öz məhsulları ilə Ukraynaya yardım edir - ərzaq, tibbi ləvazimatlar, neft, qaz göndərir; SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələri təcili yardım və yanğınsöndürmə maşınlarına pulsuz yanacaq verir, ölkəmiz kənd təsərrüfatında istifadə üçün Ukraynaya yanacaq da bağışladı; Ərazi bütövlüyünü tanıyır, Krımın ilhaqını belə qəbul etmir. Başqa nə etməlidir?

Ukrayna rus zərbələrindən xilas olmaq üçün ağır artilleriya, aviasiya, HHM, uzaqmənzilli raket istəyir. Bunların heç biri Azərbaycanda istehsal olunmur. Ermənistanla hələ də sülh bağlamamış Azərbaycan arsenalındakı bir patronu belə kiməsə bağışlaya bilməz – bu da “uzun müddət başa düşülməli” məsələdir.

Digər tərəfdən, Rusiya və Ukrayna arasında vasitəçilik edən Türkiyəyə bu işdə ən ideal dəstəyi Azərbaycan Prezidenti verir və bunu Prezident Ərdoğan dəfələrlə bəyan edib. Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalayan, buna baxmayaraq, Ukraynanın ərazi bütövlüyünü daim dəstəkləyən, bu ölkəyə humanitar yardımlarını əsirgəməyən Azərbaycanın neytral mövqeyini dəyişməsi heç bir halda milli maraqlarımıza uyğun deyil.

Zelenski “bizdən sonra sizsiniz” arqumentini gətirir: Azərbaycan ərazi bütövlüyünü Türkiyə ilə birgə qarantiya altına alıb və strateji müttəfiqi ilə bərabər addımlar atır. Yəni “Ukraynadan sonra...” Azərbaycan olmayacaq, əks halda, Rusiya NATO ölkəsi Türkiyə ilə üz-üzə gələcək!

“Ukraynadan sonra...” konkret təhdid altında olan dövlətlər var və onlar açıq şəkildə rus ayısının bu işğalçı siyasətinə qarşı sərt reaksiya göstərirlər.

Zelenskinin sözlərinə “mətn üzərindən” yanaşmanın cavabı budur. Bəs, əslində Zelenski həmin sözləri necə deyib?

Videoda bu məqam tam mənası ilə üzə çıxır: təhlükəsizlik səbəbindən metro stansiyasında (yarıbunkerdə) mediaya açıqlama verən Zelenski bu sözləri tam ayrı ovqatda, fərqli, “yarımzarafat” formasında deyir - səbəbi isə digərlərinin Azərbaycanı “başa düşmələrindən” sui-istifadə etməməsi gərəkdiyini və daha çox yardıma ehtiyac hiss etdiyini göstərməkdir.

Bu baxımdan Zelenskinin “Azərbaycanı uzun müddət anlamaqda davam etməyəcəyik” sözlərinə hazırda sosial şəbəkələrdə verilən reaksiya adekvat deyil.

Biz də Zelenskini başa düşürük: dəhşətli, ədalətsiz, qanunsuz müharibəyə çəkilib, vətəndaşları qırılır, ölkəsi işğal edilir; 21-ci əsrdə, sivil dünyanın gözü qarşısında bu işğal sadəcə dözülməzdir.

Başa düşürük ki, Zelenski hansı psixoloji gərginlik altında bu ifadəni işlədir və burda Bakıya qarşı qətiyyən hansısa diplomatik problem yaratmaq istəyi yoxdur – zatən, bu, Kiyevin heç nəyinə lazım deyil.

İnanıram ki, Zelenski Bakını başa düşməyə davam edəcəyi müddətdə biz də onu tam başa düşəcəyik...(Axar.az)

AJMEDİA.İNFO