12 May 2024
ABŞ jurnalistlərə və fəallara hücum üçün casus proqramlarından istifadəyə cəlb olunan şəxslərə viza verməyəcək

ABŞ jurnalistlərə və fəallara hücum üçün casus proqramlarından istifadəyə cəlb olunan şəxslərə viza verməyəcək

06 Fevral 2024
Baxış: 437

Bazar ertəsi Bayden administrasiyası jurnalistlərin, hüquq müdafiəçilərinin və digər şəxslərin izlənilməsi üçün casus proqramlarından istifadədə iştirak etməkdə şübhəli bilinən əcnəbi vətəndaşlara viza verməkdən imtina edəcəyini açıqlayıb, AJMEDİA.İNFO xəbər verib ki, bu barədə Turan-ın Vaşinqtondakı müxbiri xəbər verib.

"Birləşmiş Ştatlar dünyada repressiyalar, sərbəst informasiya axınının məhdudlaşdırılması və insan hüquqlarının pozulması üçün ticari casus proqramlarından sui-istifadələrin artmasından əvvəlki kimi narahatdır", deyə dövlət katibi Entoni Blinken bildirib.

Viza məhdudiyyətləri jurnalistlərə, dissidentlərə və ya onların ailə üzvlərinə hücum üçün ticari casus proqramlarından istifadəyə cəlb olunmuş şəxslərə tətbiq olunacaq.

Məhdudiyyətlər ticari casus proqramlarının istifadəsinə şərait yaradan və ya bundan maliyyə mənfəəti əldə edən şəxslərə də şamil olunacaq.

"Casus proqramları şəxsi həyat və fikri ifadə etmək, dinc toplaşmaq və birləşmək azadlığı üçün təhlükə təşkil edir. Bu, özbaşına həbslərə, insan oğurluqlarına və məhkəməsiz cəzalara səbəb olub", deyə Blinken bildirib.

Dövlət Departamenti "hər bir konkret halda" casus proqramlarının tədarükündə iştirak və onlardan istifadədən gəlir əldə edilməsi haqqında etibarlı məlumatları dəyərləndirdikdən sonra viza verilməsi haqqında qərar qəbul edəcək.

Casus proqram təminatının ən məşhur nümunəsi İsrailin NSO şirkətinin Pegasus proqramıdır. Ondan Azərbaycan da daxil olmaqla, 50-dən çox ölkədə 1000-dən çox insanın izlənilməsi və onlara qarşı hücum üçün istifadə olunub.

ABŞ artıq 2021-ci ildə NSO-nu zərərli kiberfəaliyyətə görə qara siyahıya daxil edib.